Tariximizin şanlı səhifələri maraqlı hadisələrlə, öyrənməli, ibrət götürməli görkəmli, dahi
şəxsiyyətlərlə zəngindir. Bu zənginlik bizə çox şey öyrədir. Tarixin səhifələrini vərəqlədikcə
görürük ki, dünyada elə müdrik, elə uzaqgörən dövlət xadimləri olublar ki, onlar öz ölkəsinin,
millətinin taleyində mühüm rol oynayaraq tarix yazıblar. Həmin böyük şəxsiyyətlər istedadları
və bacarıqları ilə hər zaman xalqın xilaskarı olublar. Adlarını tarixin səhifəsinə yazıblar.
Müstəqil dövlətimizin memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyev də
Azərbaycan xalqının tarixində dərin iz qoymuş dahi şəxsiyyətlərdən biridir. O, elə bir şəxsiyyət
olub ki, adı həmişə qürurla, fəxrlə çəkilir. Onu Ulu Öndər səviyyəsinə yüksəldən keyfiyyətlərdən
birincisi doğma xalqına ürəkdən bağlılığı və möhkəm inamı idi.
Alim ulu öndər Heydər Əliyevin XX əsrin görkəmli siyasi və dövlət xadimi olduğunu, onun
dünya liderləri səviyyəsində yüksək qiymətləndirildiyini bildirmək istəyirəm. Ulu öndərimizin
adı müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir. Azərbaycanın son yarım əsrdən
artıq bir dövrdəki inkişafının bütün hadisələri, əsas nailiyyətləri ümummilli liderimiz Heydər
Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlı olmuşdur. Bu böyük düha bütün fəaliyyəti boyu
dünyada və ölkəmizdə gedən siyasi prosesləri hər zaman qabaqlayıb, xalqımızın milli
maraqlarını və dövlətçilik mənafelərini hər şeydən üstün tutub. Heydər Əliyev fəaliyyətinin
bütün dövrlərində həmişə mənsub olduğu xalqın azadlığı və tərəqqisi üçün çalışmışdır.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yeni Azərbaycanın yaradıcısı olub. Bu
böyük şəxsiyyətin dahiyanə şəkildə irəli sürdüyü azərbaycançılıq siyasəti ölkəmizdə yaşayan
bütün xalqları və etnik qrupları öz ətrafında birləşdirmiş, ictimai-siyasi sabitliyə təminat verən
dövlət ideologiyasının əsaslarını təşkil etmişdir. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq
Heydər Əliyev Ümummilli Lider səviyyəsinə ucalıb. Məhz onun siyasi və dövlətçilik fəaliyyəti
sayəsində Azərbaycanda dövlət rəhbərliyi Ümummilli Lider statusu qazanıb. Azərbaycanlı
olmağı ilə daim fəxr edib öyünən ümummilli liderimiz Heydər Əliyev bütün ömrünü
Azərbaycanı dünyada tanıtmağa sərf etdi. Bütün gücünü, qüvvəsini dövlət quruculuğuna,
dövlətçiliyimizi daha da möhkəmlətməyə yönəltmişdir. Heydər Əliyevin xalqın yolunda çəkdiyi
zəhmət hədər getmədi. O, axır nəticədə istəyinə və məqsədinə nail oldu. Güclü, qüdrətli və
yenilməz bir dövlət qurdu. Heydər Əliyev xalqın böyük ehtiramını, hörmətini və sevgisini
qazandı. Yaşadığımız zaman göstərdi ki, ümummilli liderimiz Heydər Əliyev bu ehtirama layiq
olan böyük bir tarixi şəxsiyyətdir. Keçdiyi şərəfli ömür yolu və siyasi fəaliyyəti ilə daha da
yaxından tanış olduqca görürük ki, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycana rəhbərlik
edən ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti, səy və bacarığı sayəsində ölkəmiz,
sözün həqiqi mənasında, intibah dövrünü yaşadı. Həmin illəri Azərbaycanın yüksəliş dövrü kimi
qiymətləndirirlər. Heydər Əliyev ölkəmizin daim çiçəklənməsi və inkişafı naminə böyük
çətinliklərlə də olsa, mərkəzin diqqətini, qayğısını ölkəmizə yönəldə bildi. Müəyyən məsələləri,
problemləri həll etmək sarsılmaz iradə, qətiyyət və cəsarət, hər şeydən əvvəl isə böyük risk tələb
edirdi.
Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən Heydər Əliyevi düşündürən əsas məqsədlərdən
biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi məsələsi olmuşdur. Həyatının bütün dövründə Heydər Əliyev öz taleyini hərb sənətinə həsr edən gənclərə
böyük hörmətlə yanaşmış və onların xidmətinə yüksək dəyər vermişdir. İndi həmin gənclər
Heydər Əliyevi xoş hisslərlə xatırlayırlar. Ulu Öndər artıq hiss edirdi ki, azərbaycanlı gəncləri ali
hərbi məktəblərə hazırlamaq məqsədilə respublikada hərbi təyinatlı orta internat məktəbini
yaratmağın vaxtı çatıb. Ona görə də ulu öndər Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi
Liseyin yaradılması təşəbbüsü ilə çıxış etdi. Belə məktəbin yaradılması Azərbaycanın gələcəyi
üçün çox mühüm hadisə idi. Burada gənclər həm rus dilini mükəmməl öyrənə, həm də ibtidai
hərbi biliklərə yiyələnərək asanlıqla istədikləri ali hərbi məktəblərə daxil ola bilərdilər. 1971-ci
ildə məhz Heydər Əliyevin təşəbbüsü, zəhməti sayəsində böyük əziyyətlər bahasına tarixi addım
atıldı, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı.
Sovetlər Birliyi dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Həmin ərəfə də
ölkəmiz Ermənistanla müharibə vəziyyətində idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər
güclü Silahlı Qüvvələr yarada bilmədilər. Bunun isə nəticələri çox ağrılı oldu. Yaranmış
vəziyyətdən bacarıqla istifadə edən erməni qəsbkarları torpaqlarımızı zəbt etməyə başladılar.
1991-ci il oktyabrın 18-də Ali Sovetdə Müstəqillik Aktı qəbul olundu. Xalqımıza bir əsrdə ikinci
dəfə öz müstəqil dövlətini qurmaq imkanı nəsib oldu. Başımızın üstündə yenidən üçrəngli
bayrağımız dalğalandı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra
ölkəmizdə ictimai-siyasi vəziyyət yenədə çox gərgin idi. Silahlı Qüvvələrin quruculuğu
istiqamətində irəliyə doğru heç bir uğurlu addım atılmırdı. O dövrdə hakimiyyətdə olanların
dövlətçilik təcrübəsi, ölkəni idarə etmək qabiliyyəti yox idi. Bundan istifadə edən erməni
işğalçıları addım-addım torpaqlarımızı ələ keçirməyə başlamışdılar. Erməni qəsbkarları
torpaqlarımızın işğalını davam etdirdiyi bir vaxtda yaradılmış silahlı birləşmələr dövlətə deyildə,
ayrı-ayrı adamlara tabe idi. Yeni qurulmağa başlayan orduda baş alıb gedən bu özbaşınalıq,
nizam-intizamsızlıq, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Belə bir vaxtda xalq bütün
ümidini Heydər Əliyevə dikmişdi. Azərbaycanın məhv olmaq və parçalanmaq ərəfəsində
xalqımız dahi şəxsiyyət, dövlətçilik təcrübəsi olan siyasi xadim Heydər Əliyevi təkidlə Bakıya
dəvət etdi. Həmin günlərdə ölkədə qarışıqlıq hökm sürürdü. Böyük tarixi şəxsiyyət Heydər
Əliyev bu ağır gündə hadisələrə kənardan baxa bilmədi. Ümummilli Liderimiz xalqın dəvətini
qəbul edərək 9 iyun 1993-cü ildə paytaxtımız olan Bakı şəhərinə gələrək dövlətçiliyimizin
xilasına atıldı. Ulu Öndərin hakimiyyətə qayıdışı və dövlətçiliyimizi inkişaf etdirməsi ölkəmizin
hər bir vətəndaşını sevindirirdi. Bütövlükdə isə Azərbaycan xalqı bu tarixi qayıdışı böyük
ümidlə, inamla qarşılamışdı. Bununla da Azərbaycan xalqının dövlətçiliyinin bərpası yolunda
çox böyük önəmli və uğurlu dönüş yarandı. Ümummilli Liderimiz xalqımız üçün çətin olan bir
vaxtda hakimiyyətə gəldi və ölkəni real təhlükələrdən xilas etdi. Həmin gərgin günlərdə baş
vermiş hadisələri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən ulu öndər
Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq yarandı,
özbaşınalıq aradan qaldırıldı. Azərbaycan dövlətçiliyi ona qarşı yönəldilmiş qəsdlərdən uğurla,
üzüağ çıxdı. Ümummilli Liderin qətiyyəti, möhkəm siyasi iradəsi xalqa ruh yüksəkliyi gətirdi.
Xalqın itirilmiş inamı özünə qayıtdı. Ölkədə və cəmiyyətdə sabitlik hökm sürməyə başladı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi,
onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz qarışıqlıqdan xilas
oldu, uğurlar qazandı. Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi
və dönməz oldu. Xalqımız Ulu Öndərimizin bu xidmətlərini heç vaxt unutmur və
unutmayacaqdır.
Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gələrkən “Bundan sonrakı ömrümü də
xalqıma bağışlayıram və onların xoşbəxt gələcəyi uğrunda həyatımı fəda etməyə hazıram” –
dediyi sözlərə sadiq qalaraq, ölkəmizin başının üstünü almış qara buludları dağıtdı. Hakimiyyətə
qayıdandan sonra iradə, güc nümayiş etdirən Ümummilli Liderimiz ölkəni düşdüyü fəlakətdən qurtarmağa nail oldu.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Lale Şirinzadə