Azərbaycanın müasir tarixinin təqribən yarım əsrə bərabər bir dövründə qazanılmış nailiyyətlər Ulu Öndərin fəaliyyəti ilə bağlıdır
”İNFONEWS” xəbər verir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev milli dövlətçiliyimizin inkişafında misilsiz xidmətləri olan, Azərbaycan tarixinin yetirdiyi ən parlaq və nadir şəxsiyyətlərdəndir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Heydər Əliyev milli yüksəliş naminə yorulmadan fəaliyyət göstərib.
Bu gün azad və demokratik dövlət kimi dünya birliyində yer tutan Azərbaycan Respublikasının müasir tarixinin təqribən yarım əsrə bərabər bir dövrü və bu dövr ərzində qazanılmış nailiyyətlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bilavasitə bağlıdır.
Bu fikirləri A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan xalqını və dövlətini zamanın ağır sınaqlarından çıxararaq, ölkəmizin inkişaf strategiyasını müəyyən edib, onu sosial-iqtisadi və mədəni tərəqqiyə doğru aparıb. Heydər Əliyevin 1969-cu ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində uzunmüddətli geriliyə son qoyuldu, iqtisadiyyatın sürətli inkişafı təmin olundu. Azərbaycan iqtisadiyyatının mühüm sahəsini təşkil edən sənayenin strukturunun təkmilləşdirilməsi, yeni istehsal müəssisələrinin tikilməsi nəticəsində mühüm irəliləyişlər əldə olundu. Respublikada kənd təsərrüfatının, xüsusən pambıqçılığın, tərəvəzçiliyin, tütünçülüyün, 70-ci illərin sonlarında isə üzümçülüyün inkişafına diqqət artırıldı, kənd təsərrüfatının texniki-təchizat səviyyəsi xeyli yüksəldi. Bu sahədə məhsul istehsalı iki dəfə artdı. Azərbaycan nəhəng aqrar-sənaye respublikasına çevrildi.
70-ci illərdə görülmüş tədbirlər nəticəsində Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafında, əhalinin rifahında ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verdi.
Heydər Əliyevin idarəçilik qabiliyyəti, yüksək mənəvi keyfiyyətləri, xarizmatik liderlik məziyyətlərinə malik olması onun sovet dövləti idarəçiliyinin zirvəsinədək yüksəlməsinə imkan vermişdi. 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi ilə onun siyasi fəaliyyətinin yeni bir mərhələsi başlandı. 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevin qərarları və təşəbbüsləri ilə Azərbaycanın hərtərəfli inkişafı üçün bir neçə vacib qərar qəbul edilmişdi.
Mixail Qorbaçov SSRİ-də siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi. Baş katiblə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdi. Bundan bir il sonra Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırdı, Azərbaycanın qara günləri başladı.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı görünməmiş cinayətə əl atdı. 20 Yanvar faciəsi törədildi. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Heydər Əliyevin xalqının çətin günlərində onunla birgə olmaq üçün Azərbaycana qayıtmaq istəyinə ittifaq və respublika rəhbərliyi müxtəlif vasitələrlə maneələr yaradırdı. Bütün bu təqib və təzyiqlərə baxmayaraq Heydər Əliyev 1990-cı ilin iyulunda Azərbaycana gəldi, lakin ozamankı iqtidar onun Bakıda qalıb-yaşamasına və fəaliyyət göstərməsinə imkan vermədi. Doğulub boya-başa çatdığı doğma Naxçıvana getməli oldu. Heydər Əliyev Naxçıvana getməklə bu qədim diyarı, bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev 90-cı illərin əvvəllərində Naxçıvanda zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, milli dövlətçiliyimizin bərpası istiqamətində qətiyyətli və ardıcıl addımlar atmış, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmış, ölkənin gələcək inkişafının bir sıra konseptual istiqamətlərini işləyib hazırlamışdı.
1993-cü ildə Heydər Əliyev AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi ucbatından Gəncədə başlanan hərbi qiyamın milli fəlakət təhlükəsi doğurduğu zaman, xalqın iradəsi ilə respublikanın siyasi rəhbərliyinə gətirildi. Heydər Əliyev ilkin olaraq vətəndaş qarşıdurmasını aradan qaldırdı, idarəçilik sisteminin möhkəmləndirilməsi, separatçı qüvvələrin zərərsizləşdirilməsi yönündə intensiv işlər görməyə başladı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan əyalətlərə parçalanmadan, siyasi didişmələrdən, xaos və anarxiyadan, ən əsası bir xalq kimi məhv olmaqdan qurtuldu. Ölkənin sosial-iqtisadi, mənəvi həyatında əsaslı dönüş baş verdi, müstəqil dövlət quruculuğu prosesinə başlandı.
Ulu Öndər qısa müddət ərzində dövlət intizamını, qanunçuluğu gücləndirərək siyasi sabitliyə nail oldu və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər gördü. Bazar iqtisadiyyatına keçidi təmin etməyə yönəlmiş müvafiq qanunvericilik aktları qəbul edildi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər qısa müddətdə iqtisadi böhranı aradan qaldırmağa imkan yaratdı. 1994-cü ilin mayında Bişkek sazişi ilə Ermənistan-Azərbaycan arasında uzunmüddətli atəşkəsə nail olundu. Torpaqlarımızın müdafiəsinin möhkəmləndirilməsi üçün ordu quruculuğuna başlanıldı.
Heydər Əliyevin iqtisadi siyasətinin əsas istiqamətini təşkil edən neft strategiyasının gerçəkləşməsində ilk addım atıldı. Neft sənayesi ilə yanaşı, sənayenin digər sahələrinin inkişafı istiqamətində əsaslı irəliləyişlər baş verdi. Bu dövrdə özəlləşdirmə siyasəti uğurla həyata keçirildi, yeni sahibkarlıq təbəqəsi təşəkkül tapdı, istehsalın strukturunda özəl bölmənin payı artdı.
Ölkə rəhbərinin xarici siyasət sahəsində yeritdiyi düşünülmüş tarazlı xətt sayəsində Azərbaycan Respublikası beynəlxalq təcriddən çıxa bildi. Azərbaycan, Qarabağ problemi haqqında obyektiv informasiya formalaşdırıldı. Getdikcə daha çox dövlət və beynəlxalq təşkilat Azərbaycanın haqq işini müdafiə etməyə başladı.
Çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan Respublikası intibah yoluna qədəm qoydu. Heydər Əliyevin quruculuq, inkişaf və tərəqqi strategiyasını müasir şəraitdə Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyev öz dövlətçilik fəaliyyətində Heydər Əliyev siyasətini davam etdirməklə onu yeni ideyalarla daha da zənginləşdirib. Bunun nəticəsidir ki, bu gün ölkəmiz artım tempinə görə dünya dövlətləri sırasında öncül mövqedə dayanır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Azərbaycanın milli təhlükəsizlik sistemi, ordusu yüksək inkişaf səviyyəsinə çatdırılıb. Ordumuzun gücü və qüdrəti, 44 günlük Vətən müharibəsindəki zəfəri bunun bariz nümunəsidir. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, tarixi ədalət öz yerini tapdı.
Bütün bunlar Heydər Əliyev siyasətinin əbədiliyinin bariz nümunəsidir.