Nəsillərə örnək olan əsil ziyalı

Nəsillərə örnək olan əsil ziyalı

“İNFONEWS” xəbər verir.

HƏBİB SƏMƏDOV – 90

NƏSİLLƏRƏ ÖRNƏK OLAN ƏSİL ZİYALI, GÖZƏL DOST, KAMİL İNSAN – HƏBİB SƏMƏDOV

Həyatda bəzən adi bir təsadüf anında tanış olduğun insan, onun sənə bağışladığı ilk təəssürat, onun mənəvi, insani əhval-ruhiyyəsi, aurası, ətrafındakı insanlara payladığı nur, işıq səni uzun müddət öz sehrində saxlayır, onun haqqında fikirləşərkən istər-istəməz üzündə təbəssüm yaranır, qəlbində xoş hisslər duyğular baş qaldırır. Haqqında danışacağım insan, yaddaşımda dərin iz buraxmış, yüksək, ali insani keyfiyyətləri ilə ruhən mənə çox yaxın olan Həbib Səmədov məhz bu xüsusiyyətlərə sahib əsil ziyalı, nurlu şəxsiyyət idi.

Qədim, zəngin tarixə malik Ulu Göyçəmiz Vətənimizə, Azərbaycan-Türk dünyasına misilsiz töhfələr vermiş Miskin Abdal, Ağ Aşıq Allahverdi, Aşıq Alı, Dədə Ələsgər, Hacı Nağı kimi bir çox dahi şəxsiyyətlər bəxş etmişdir. Göyçənin XX-XXI əsr tarixi isə eyni zamanda öz dövlət və siyasi xadimləri, alimləri, şairləri, ümumiyyətlə xalqına ləyaqətlə xidmət etmiş ziyalıları ilə bağlıdır.

Həbib Səmədov xalqın maariflənməsi kimi çox əhəmiyyət kəsb edən nurlu yolda Göyçənin özünəməxsus dərin iz buraxmış sayılıb-seçilən ziyalılarından idi. Həbib müəllimlə ilk tanışlığımız keçən əsrin 50-ci illərinin sonuna, Basarkeçərin “Bolluq uğrunda” qəzetində təşkil olunmuş ədəbi-bədii dərnəyinin tədbirlərinə təsadüf edir. Dərnəkdə qəzetin ədəbi şöbəsinin müdiri Oruc Qarayev, gənc yazarlar Qəşəm Aslanov, İsmixan Məmmədov, Həbib Səmədov, Haqverdi Ələsgərov və bir çox başqa şeir həvəskarları ilə birlikdə məktəbdə müəllimim olan Qəşəm müəllimin təşəbbüsü ilə şagird kimi ilk şeirlərini yazan mən də iştirak edirdim. O günlərdə Zərkənd məktəbində ədəbiyyat müəllimi işləyən Həbib müəllimlə dostluq edən Qəşəm müəllim məni onunla tanış etmişdi. İlk anlardan Həbib müəllimin təbəssümlü, nurlu siması, səmimiyyəti, onun xeyirxah qəlbə malik olmasından xəbər verirdi. Sonralar isə, mən Moskvada təhsil alib, işləyən müddətdə Göyçəyə məzuniyyətə gələrkən onunla görüşlərimiz təzələndi, etdiyimiz söhbətlər yeni məna, yüksək məzmun kəsb edən məcralar aldı. Həmin görüşlər və bu görüşlərdə aparılan maraqlı söhbətlər Həbib müəllimin folklorumuzu, müasir ədəbiyyatımızı, ümumiyyətlə tariximizi dərindən bilən, olduqca vətənpərvər, ziyalı, yüksək daxili mədəniyyətə malik olan şəxsiyyət olduğunu mənə aşıq-aydın göstərdi. Onun o dövrdə ölkənin paytaxtı olan Moskva həyatı ilə, çoxmillətli ölkədə baş verən mədəni-siyasi hadisələrlə maraqlanması, hər bir məlumata öz şəxsi fikrinin olması onun geniş dünyagörüşünə malik olmasından xəbər verirdi. Xüsusilə o dövrdə Azərbaycanın rəhbəri Heydər Əliyevin Moskvada tələbə və aspirantlarla görüşü, o görüşdə mənim də çıxışım onun marağına səbəb olmuşdu. Həbib müəllimin Heydər Əliyevlə, biz tələbə və aspirantların Moskva həyatı ilə bağlı saysız-hesabsız sualları və fikrləri, millətinin nümayəndələrinin Vətəndən kənarda qazandığı uğurlarla qürur duyması onun nə dərəcədə vətənpərvər, ziyalı bir insan olduğunu göstərirdi.

Həbib müəllim Aşıq Ələsgər yaradıcılığını dərindən və əzbər bilirdİ və onun ən fəal təbliğatçılarından biri idi. Göyçədə Dədənin 150-illik yubileyinin keçirilməsinin təşkilində Həbib müəllimin gördüyü işlər bu günə qədər insanlar tərəfindən minnətdarlıqla qeyd edilir. O yubileydən bir neçə ay öncədən Azərbaycanın bir çox bölgələrini, eləcə də Göyçənin əksər kəndlərini gəzərək, Dədə Ələsgərin geniş oxucu kütləsinə məlum olmayan şerlərini, yaşlı nəsillərin, el sənətkarlarının yaddaşlarından toplayaraq kitab üçün yazıya almışdı. Söhbətlərimiz zamanı hər ikimizin dərin sevgi bəslədiyimiz Aşıq Ələsgər yaradıcılığı xüsusi yer tuturdu. Mən ona Dədə Ələsgərin Moskvanın İttifaqlar evinin sütunlu salonunda iştirakşısı olduğum möhtəşəm yubileyindən aldığım təəsüratı söyləyir, o isə Göyçədə, Ağkilsədə keçirilən yubiley tədbirlərinin təfərrüatını kövrək, incə, qürur hissləri ilə mənə çatdırırdı. Bu görüşlər və söhbətlər məni ona görünməz, lakin hiss edilən səmimi, daxili tellərlə bağlayırdı, bizim münasibətlərimizin dostluq məcrasına çevrilməsinə zəmin yaradırdı.

Həbib müəllimin yolu əsil pedaqoq kimi məktəbdə, sinif otaqlarında olduğu kimi, el oba şənliklərində də səbirsizliklə, hörmətlə gözlənilirdi. Adətən anadan olduğum Kəsəmən kəndinin şənlik məclislərinin masabəyisi kəndimizdə iki dəfə kolxoz sədri olmuş atam Allahverdiyev Məmmədhüseyn, ya da kəndin başqa bir ziyalısı olardı. 1978-ci ildə doğma kəndimizdə mənim toyum olarkən (mən və gələcək həyat yoldaşım o vaxt da Moskvada yaşayırdıq) atam ilk dəfə başqa kəndin nümayəndəsini, uzun illər ailəvi dostluq etdiyimiz Həbib müəllimi bu toya masabəyi seçdi. Gözəl nitqə, geniş və dərin biliklərə, dünyagörüşünə malik olan Həbib müəllim məclis iştirakçılarını, xüsusilə Bakıdan təşrif buyurmuş qonaqları məharət və bacarıqla məclis aparmağı ilə, ona cürbəcür vasitələrlə rövnəq verməklə heyran qoydu. Toyun maraqlı keçməsindən hər kəs məmnun qalmışdı.

Təəssüflər olsun ki, mənfur qonşularımız tərəfindən göyçəlilərin öz doğma yurd-yuvasından didərgin salınması, onların pərən-pərən olması, düşdükləri ağır vəziyyət bir çox əlaqələrin pozulmasına, itirilməsinə səbəb oldu. Millətimizin, o cümlədən göyçəlilərin başına gələn bu dəhşətli hadisələr qeyrətli, namuslu, əsl Vətən oğlunun həyatına və səhhətinə təsir etməyə bilməzdi.

Bu gün Həbib müəllim cismən aramızda yoxdur. Lakin onun əziz, qəlbimizə yaxın, doğma olan xatirələri bizimlədir. Onun özü kimi ziyalı, ləyaqətli, qeyrətli, dəyərli, vətənpərvər övladları ilə dostluğumuz davam edir. Onlar Həbib müəllimin arzu və istəklərini bu gün əzm və iradə ilə, Vətənə sevgi hissləri ilə, müqəddəs Ata ruhuna dərin ehtiramla həyata keçirirlər! Bu yolda onların hər birinə uğurlar diləyirəm!

Allah Həbib müəllimə, xalqımızın dəyərli, ziyalı oğluna rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun! Həbib müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayır.

Ələddin Allahverdiyev, Moskva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir