İşğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan “ağıllı kənd” layihəsi bərpa işlərinə töhfə verəcək
”İNFONEWS” xəbər verir.
Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir.
Bu fikirləri açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov deyib.
O bildirib ki, ərazilərin bərpası fəaliyyətində dünyanın müasir çağırışları, ən qabaqcıl texnologiyaların orada tətbiq olunması qaçılmaz zərurətdir. Nəzərə almaq lazımdır ki, işğaldan ötən 30 il ərzində elm və texnika sürətlə inkişaf edib. Təəssüflər olsun ki, Qarabağ bu inkişafdan tamamilə geridə qalıb. İşğaldan azad olunmuş torpaqlarımızın bərpasında müasir texnoloji yeniliklərin tətbiqi vacibdir: “Sevindirici haldır ki, bu gün Qarabağda “ağıllı kənd” layihəsi tətbiq olunur. Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Bu il aprelin 19-da isə dövlətimizin başçısı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının əsas ideyası yaşayış məntəqəsinin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Həmin ərazidə göstərilən xidmət və yerləşən obyektlərin fəaliyyəti nəticəsində formalaşan və müvafiq qərarların real vaxt rejimində qəbul olunması üçün lazım olan məlumatlar informasiya-kommunikasiya və Əşyaların İnterneti (İoT) texnologiyalarından istifadə edilməklə toplanır və istifadə olunur”.
Rizvan Hüseynov diqqətə çatdırıb ki, işğaldan azad olunan ərazilərimizdə erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələrimizin vəziyyətinin tam öyrənilməsi də qarşıda duran aktual məsələlədəndir. Otuz il ərzində erməni vandalizminə məruz qalan maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı, milli sərvətimizdir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır.
Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
O, məlumat verib ki, bununla bağlı əməkdaşı olduğu institutda müəyyən işlər görülüb, 2018-ci ildə “Günəşin axtarışında” işçi qrupu yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir. Layihə çərçivəsində Azərbaycanın sərhəd bölgələrindəki ərazilərində yerləşən abidələrin vəziyyəti ilə bağlı məlumatlar toplanıb. Məlumatlar əsasında UNESCO səviyyəsində film də çəkilib.
“Azad edilən ərazilərdə aparılan quruculuq işlərinin mühüm bir istiqamətini dağıntılara məruz qalan tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün işlərinin aparılması təşkil edəcək. İnanıram ki, Qarabağın bərpasında tətbiq olunan yeniliklər, xüsusilə “ağıllı kənd” layihəsi bu sahədə aparılan işlərə də öz töhfəsini verəcək”, – deyə Rizvan Hüseynov qeyd edib.