Azərbaycan elminin inciləri layihəsi uğurla həyata keçirilir
Respublika Gənclər Kitabxanasının “Azərbaycan elminin inciləri” layihəsi uğurla həyata keçirilir.
Azərbaycanın tarixində elm, mədəniyyət, incəsənət sahəsində yüzlərcə parlaq şəxsiyyətlər olub. Onların hər birinin həyatı, yaradıcılıq yolu, əldə etdikləri nailiyyətlər Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə verdikləri töhfələr bugünkü nəslə örnək ola bilər. Elə şəxsiyyətlər ki, əməlləri tarixi hadisələrin, dünya elminin, mədəniyyətinin və s. gedişinə təsir göstərmişdir. Azərbaycan xalqı daim böyük dahilər, dünya miqyasında şöhrət tapan şəxsiyyətləri ilə qurur duymuşdur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından “İNFONEWS”-a verilən məlumata görə “Azərbaycan elminin inciləri” layihəsi çərçivəsində öz auditoriyasını, xüsusilə də gəncləri Azərbaycan elminin görkəmli nümayəndələri ilə tanış etmək məqsədini qarşısına qoymuşdur. Sözügedən layihə çərçivəsində kitabxana əməkdaşları tərəfindən Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi, Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri – Mustafa bəy Topçubaşov haqqında virtual sərgi hazırlanmışdır. Virtual sərgi iki dildə – Azərbaycan və rus dillərində olmaqla, görkəmli alim və cərrahın həyat və fəaliyyəti, elm sahəsində qazandığı uğurlar və Azərbaycan elminə bəxş etdiyi kəşflər haqqındadır. Virtual sərgidə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efır-yağ narkozunu – analgeziya üsulunu kəşf etmiş Mustafa bəy Topçubaşovun 200-dən artıq elmi işin, o cümlədən 5 cildlik «Xüsusi cərrahiyyə» əsərinin, 7 monoqrafiyanın, kəşf və ixtiraların müəllifi olmuş, onun məsləhətçiliyi və rəhbərliyi altında 8 doktorluq və 16 namizədlik dissertasiyası müdafiə edilməsi və s. məsələlər qeyd edilmişdir. Virtual sərgidə 5 hissəli, “Xüsusi cərrahlıq”: tibb institutu üçün dərsliklər, “Cərrahlıq terminləri lüğəti” və b. əsərlərinin biblioqrafik təsvirləri verilmişdir. Sərgidə məhşur alimin ailə şəkilləri, aldiğı elmi adlar, layiq görüldüyü mükafatlar, orden və medallar haqqında məlumat, müəllifi olduğu və haqqında yazılan kitablar da öz əksini tapmışdır.