Qırğızıstanın “Piramida” telekanalında 28 May-Respublika Günü münasibətilə veriliş yayımlanıb
”İNFONEWS” AZƏRTAC’a istinadən xəbər verir.
Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının “Dostluq körpüsü” proqramında 28 May -Respublika Günü münasibətilə rus dilində veriliş yayımlanıb.
Proqramın aparıcıları Bişkekdəki media qrupunun rəhbərləri, soydaşlarımız Hökumə Xəlilova və Ramiz Məşədihəsənli olub.
Proqramda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi, bu dövlətin qısa müddət ərzində gördüyü işlər haqqında məlumat verilib.
Deyilib ki,1918-ci il mayın 28-də Azərbaycanda müsəlman Şərqində ilk demokratik respublika yaranıb. AXC çətin ictimai-siyasi dövrdə cəmi 23 ay fəaliyyət göstərsə də Azərbaycan xalqının yaddaşında və bütün müsəlman dünyasında parlaq iz buraxıb.
1918-ci il dekabrın 7-də müsəlman dünyasında ilk Parlamentin açılışı olub və bu o dövrdə Azərbaycan milli – demokratik qüvvələrinin böyük qələbəsi idi.
Verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi, Azərbaycan torpaqlarının azad olunması haqqında da məlumat verilib.
Qırğızıstan parlamentinin deputatı Sultanbek Anarbayev Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, Qırğızıstan-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, xalqımızı Respublika Günü münasibətilə təbrik edib.