Dövlət Neft Fondu dollar satışını iki dəfə azaltdı
“İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.
Dövlət Neft Fondundan verilən məlumata əsasən, 2021-ci ilin may ayı ərzində 312,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu məbləğ əvvəlki ayla (2021-ci ilin aprel) müqayisədə 197,2 milyon ABŞ dolları qədər və ya 38,7 faiz, 2020-ci ilin may ayı ilə müqayisədə 21,3 milyon ABŞ dolları qədər və ya 6,4 faiz az olub.
İlin ilk beş ayı ərzində ARDNF tərəfindən ümumilikdə 1 milyard 904,8 milyon ABŞ dolları həcmində vəsait satılıb. Bu ötən ilin yanvar-may ayları ilə müqayisədə 1 milyard 732,2 milyon ABŞ dolları qədər və ya 1,9 dəfə azdır.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin aprel ayında 509,9 milyon ABŞ dolları, 2020-ci ilin may ayı ərzində 334 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
2020-ci ilin ilin yanvar-may ayları ərzində Neft Fondu tərəfindən satılan ümumi vəsaitlərin həcmi 3 milyard 637 milyon ABŞ dolları olub.