Respublika Gənclər Kitabxanasından uşaqlara hədiyyələr
“İNFONEWS” xəbər verir.
Respublika Gənclər Kitabxanası Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə materiallar hazırlayıb.
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimiz, sabaha olan ümidimizdir, ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək, Vətənə sadiq qəhrəman oğul və qızlar kimi böyütmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.
Respublika Gənclər Kitabxanası daim öz fəaliyyətini əlamətdar günlər təqviminə əsasən qurduğuna görə bu gün də kitabxanada diqqətdən kənar qalmayıb.
Respublika Gənclər kitabxanası 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra maarifləndirici, əyləncəli materiallar hazırlayıb. Bunlara misal olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixindən, mahiyyətindən, məqsədindən bəhs edən videoçarxlar, bukletlər, balaca dostlarımızın marağına səbəb olacaq ədəbiyyata dair “Book trailer”i misal göstərmək olar. Belə ki, fransız yazıçısı Jül Vernin “Kapitan Qrantın uşaqları”, Astrid Lidqrenin “Uzuncorab Peppi” və s. kitablara tanıtım çarxları çəkilib.
Bundan əlavə kitabxananın sosial şəbəkələrində daim oxucular tərəfindən göndərilən, balaca dostlarımızın yer aldığı müxtəlif videoçarxlar paylaşılır. Kitabxana tərəfindən elan edilən müsabiqələrdə kiçik yaşlı, istedadlı balalcalar tez-tez birincilik qazanıblar. Gənclər kitabxanası daha çox gənclərə fokuslanmağına baxmayaraq, balacaların da maraqlarına cavab verən ədəbiyyatın təbliği, paylaşımların edilməsini daim diqqət mərkəzində saxlayır.