Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının (BCF) konqresi keçirilib.
“INFONEWS” xəbər verir ki, qurumun baş toplantısında bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər. Ölkəmiz konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə təmsil olunub.
İlk olaraq Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib.
Həmçinin BCF Nizamnaməsinin nizam-intizam və etik kodla bağlı qanunvericilik maddələrində müəyyən dəyişikliklər qəbul olunub. Konqresdə beynəlxalq qurumun prezident seçkiləri baş tutub. Marius Vizer yeganə namizəd kimi yekdilliklə BCF-in prezidenti seçilib.
Daha sonra o, növbəti 4 il ərzində işləyəcəyi İcraiyyə Komitəsi üzvlərinin siyahısını Konqres iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev 2-ci dəfə növbəti dörd il müddətinə Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib.