“Bu il Azərbaycanla Serbiyanın ticarət dövriyyəsində üç dəfəyə yaxın artım qeydə alınıb. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür”.
“INFONEWS” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Serbiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Draqan Vladisavljeviç ilə görüşündə bildirib.
Nazir Ermənistan tərəfindən dağıdılmış ərazilərimizdə aparılan böyük quruculuq işlərini diqqətə çatdırıb. O, dost ölkələrin şirkətləri kimi, Serbiya şirkətlərinin də həmin ərazilərdə aparılan yenidənqurma işlərində fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
D.Vladisavljeviç Serbiyanın Azərbaycana dost münasibətini, ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini vurğulayıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin daha da genişlənməsi üçün öz töhfələrini verməyə çalışacağını diqqətə çatdırıb.