İNFONEWS-un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Afaq Hacıyevadır.
Qeyd edək ki, Afaq Hacıyeva Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) «Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı» kafedrasının baş müəllimidir.
İNFONEWS: – Afaq xanım, pandemiya dövrünü olduqca düzgün dəyərləndirdiyinizi desək yanılmarıq, çünki bizdə olan məlumata görə, yeni bir kitab ərsəyə gətirmisiniz. Zəhmət olmasa, həmmüəllifi olduğunuz “Böyük Qafqazın təbii landşaftlarının antropogen transformasiyasının CİS texnologiyası ilə tədqiqi” kitabı haqqında izləyicilərimizə daha geniş məlumat verərdiniz.
Afaq Hacıyeva: – Kitab üzərində hörmətli professorumuz Yaqub Qəribov, Nigar İsmayılova və Rəşad Sədullayev ilə birgə il yarımdan çox müddətdə çalışmışıq. Əlbəttə ki, bizə ən böyük dəstəyi hazırda elmi rəhbərim olan, BDU “Fiziki coğrafiya” kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Yaqub Qəribov verib. Kitabda geniş təhlilini verdiyimiz tədqiqat işləri məhz prof.Yaqub müəllimin rəhbərliyi altında həyata keçirilib.
İNFONEWS: – Kitabın aktualığını nədə görürsünüz?
Afaq Hacıyeva: – Bəli, bu kitabın aktual saymaq olar, çünki burada müasir tədqiqat üsulları ilə landşaftların transformasiyası, antropogenləşməsi və ekoloji problemləri təhlil edilib, kosmik şəkillərdən alınan informasiyalar vasitəsi ilə ArcGİS üsulunun müasir texnologiyası əsasında bütün Böyük Qafqazın müasir landşaft xəritəsi işlənib. Qeyd edim ki, bu proseslər kosmik şəkillərin deşriflənməsi əsasında aparılıb. Kitabda əks olunan xəritələrdə kifayət qədər geniş miqyaslı qanunauyğunluq əldə olunub və təhlil edilib.
İNFONEWS: – Ola bilməz ki, belə bir geniş tədqiqat işləri zamanı maraqlı, əyləncəli və digər hadisələrlə raslaşmamısınız?
Afaq Hacıyeva: – Əlbəttə, kitabın üzərində işləyən zaman qarşılaşdığımız maraqlı məqamlar çox olub. Kitabda verilən xəritələr orijinaldır. Yəni bu xəritələrin işlənməsində geniş çöl tədqiqatlarından da istifadə olunub. Çöl tədqiqatları da özlüyündə maraqlı hadisələrlə zəngin olur. Bəzən soyuq hava, bəzən həddindən artıq günəşli günlərdə işləməli olurduq ki, bu da özlüyündə müxtəlif hadisələrin başımıza gəlməsini qaçılmaz edirdi.
İNFONEWS: – Afaq xanım, bizə zaman ayırdığınız üçün Sizə təşəkkür edir, elmi-yaradıcı işlərinizdə davamlı uğurlar arzulayırıq.
Afaq Hacıyeva müsahibənin sonunda “Böyük Qafqazın təbii landşaftlarının antropogen transformasiyasının CİS texnologiyası ilə tədqiqi” kitabının elmi işçilər, doktorantlar, dissertantlar, magistrlar və eyni zamanda da bakalavrlar üçün zəruri vəsait olacağını vurğuladı. Həmçinin qeyd etdi ki, kitabın növbəti hissəsinin Kiçik Qafqazda, eləcə də Qarabağ və işğaldan azad edilmiş ətraf rayonlarında aparılacaq tədqiqatlara həsr olunması nəzərdə tutulub.