Azərbaycan və Rusiya xalqlarının Dostluq Klubunun açılışı olub
“İNFONEWS” xəbər verir.
Avqustun 26-da Bakıdakı Rus Evində Azərbaycan və Rusiya xalqlarının Dostluq Klubunun açılışı olub. Klubun təsisçiləri “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyi və Azərbaycanın Rus Gəncləri Assosiasiyasıdır.
Tədbirdə Klubun açılmasının məqsədinin iki xalq arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin gücləndirilməsi olduğu vurğulanıb.
Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin əsrlərdir davam edən Rusiya-Azərbaycan dostluğunun başlanğıcından danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərini yeni səviyyəyə qaldırdığını və iki xalqın yaxınlaşmasında böyük rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdıran deputat qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Millət vəkili onu da vurğulayıb ki, azərbaycanlılar hər zaman digər xalqların nümayəndələrinə, onların ənənələrinə və adətlərinə hörmət edərək, böyük bir istiliklə yanaşıblar və bu, multikulturalizmin əsl təzahürüdür.
Tədbirdə, həmçinin “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Nizami Səfərov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan Partiyası” İdarə Heyətinin üzvü Ramin Məmmədov, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və “Yeni Azərbaycan Partiyası” Gənclər Birliyi İdarə Heyətinin üzvü Anastasiya Lavrina çıxış ediblər.
Dostluq Klubun fəaliyyəti dövründə forumların, dəyirmi masaların, ikitərəfli görüşlərin və sair tədbirlərin keçirilməsi planlaşdırılır.