Tramp, Putin və Si Cinpin Çində görüşməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin gələn həftə Çində keçiriləcək sammit çərçivəsində görüşməsi planlaşdırılır.
“İNFONEWS” xəbər verir ki, Bu barədə Ağ Evin sözçüsü Olivia Wales məlumat verib. Onun sözlərinə görə, üç liderin görüşü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutmalıdır.
Ağ Evin sözçüsü bildirib ki, Tramp görüş zamanı digər məsələlərlə yanaşı, dünyada nüvə silahlarının azaldılması məsələsini də müzakirə etmək niyyətindədir.
Dünyanın ən böyük nüvə arsenalına malik dövlətlərinin liderlərini bir araya gətirə biləcək görüşdə İran məsələsinin də müzakirə olunacağı ehtimal edilir. Ukrayna müharibəsinin isə danışıqların gündəliyinə daxil edilməyəcəyi bildirilir.
Bununla yanaşı, Moskva və Pekin tərəfindən planlaşdırılan görüşlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmisi Associated Press və Reuters agentliklərinə açıqlamasında görüşdən hər hansı konkret razılaşmanın əldə olunmasının gözlənilmədiyini bildirib.
Qeyd edək ki, üç ölkə arasında keçiriləcək mümkün görüş beynəlxalq təhlükəsizlik, nüvə silahlarının azaldılması və qlobal siyasi münasibətlər baxımından diqqət çəkir.