Sənin uşağını kim tərbiyə etsin? – Həmidə Rüstəmova

Sənin uşağını kim tərbiyə etsin? – Həmidə Rüstəmova

“İNFONEWS”

Müəllimin üzərinə daha nə qədər məsuliyyət qoyacağıq? O, həm dərs deməli, həm psixoloq olmalı, həm nəzarətçi kimi çalışmalı, həm ailədə formalaşmayan tərbiyəni verməli, həm də cəmiyyətin həll edə bilmədiyi problemləri aradan qaldırmalıdır? Daha nə qaldı? Bir zəhmət, onu da sadalayın! Bəs valideynin, məktəb rəhbərliyinin, təhsil sisteminin, cəmiyyətin məsuliyyəti harada qalır?

13 noyabr 2026-cı il tarixində müəllimlərin etik davranış qaydalarına uşaqların fiziki və psixi zorakılığın bütün formalarından qorunması, onların zərərli vərdişlərdən çəkindirilməsi, şərəf və ləyaqətlərinə hörmət edilməsi ilə bağlı tələblərin daxil edilməsi gündəmə gəldi.

Elm və Təhsil Nazirliyinin mövqeyini əks etdirən “Azərbaycan müəllimi” nəşrinin açıqlamasında isə bildirildi ki, bu, müəllimlər üçün tamamilə yeni öhdəlik deyil. Sözügedən tələblər əvvəldən “Uşaq hüquqları haqqında” Qanunun 25.8-ci maddəsində mövcud olub, sadəcə olaraq indi etik davranış qaydalarında da əks etdirilib.

Əlbəttə, “Uşaq hüquqları aylığı” çərçivəsində gündəmə gələn uşaqların zorakılıqdan qorunması, onların hüquqlarına və ləyaqətinə hörmət edilməsi məsələsinə heç kim etiraz edə bilməz. Bu, mübahisə mövzusu deyil. Amma mənim diqqət çəkmək istədiyim tamam başqa məsələ var: Biz müəllimin üzərinə nə qədər məsuliyyət qoyuruq? Ondan nə gözləyirik? Bütün bunları hansı şəraitdə həyata keçirməsini istəyirik?

Üç məktəbli övladı olan bir ana kimi hazırda mənim üçün ən vacib məsələlərdən biri sinif otağına daxil olan müəllimin fiziki və mənəvi rahatlığıdır. Daha doğrusu, müəllimin həmin sinifə daxil olmaq həvəsinin, istəyinin, psixoloji gücünün qorunmasıdır. Çünki müəllim artıq bəzi siniflərə dərs keçməyə deyil, sanki mübarizəyə gedir.

Odur ki, gəlin, məsələyə bir az da müəllimin gözü ilə baxaq.

Bu gün Azərbaycan məktəbinə müxtəlif ailələrdən, müxtəlif sosial və mənəvi mühitlərdən uşaqlar gəlir. Hər birinin ailə tərbiyəsi, davranış mədəniyyəti, psixoloji vəziyyəti, həyata baxışı fərqlidir. Bir ailədə uşağa hörmət, məsuliyyət, intizam, böyüyə və kiçiyə münasibət öyrədilir. Digər ailədə isə valideyn öz övladının davranışına belə nəzarət etmir. Bəzən uşaqlar ailədaxili münaqişələrin, laqeydliyin, diqqətsizliyin və müxtəlif sosial problemlərin içərisində böyüyürlər.

Bütün bu uşaqlar məktəbə gəlir və eyni sinifdə əyləşirlər. Müəllim isə onların hər birinə bilik verməli, fərdi yanaşmalı, davranışlarını tənzimləməli, nizam-intizam yaratmalı, psixoloji vəziyyətlərini nəzərə almalı, təhlükəsizliklərini təmin etməli, digər uşaqların hüquqlarını da qorumalıdır.

Bəs müəllim bunların hamısını necə etməlidir? Bir nəfər neçə işi eyni vaxtda və hansı imkanlarla görə bilər?

Yuxarıda da qeyd etdiyim kimi, mənim üç övladım məktəblidir. Qızlarım 11-ci və 9-cu siniflərdə, oğlum isə 5-ci sinifdə oxuyur. Yəni məktəbdə baş verənləri kənardan müşahidə edən biri deyiləm. Valideyn olaraq məktəb mühitini, müəllimlərin qarşılaşdığı çətinlikləri, uşaqların münasibətlərini və tədris prosesində yaranan problemləri görürəm.

Hər sinifdə müxtəlif fiziki, psixoloji və sosial gərginlik yaşayan uşaqlar var. Bəzən isə uşağın özündən çox, onun valideyni ilə işləmək əsl problemə çevrilir. Valideyn övladının davranışını görmək, səhvini qəbul etmək istəmir, amma müəllimdən həmin davranışı dəyişdirməsini tələb edir. Sanki uşağın tərbiyəsi ilə bağlı bütün məsuliyyət məktəbin qapısından içəri girən kimi müəllimə təhvil verilir.

Ən böyük problem isə cəmiyyətin müəllimə münasibətindədir.

Bu gün müəllimdən hər şeyi tələb edirik, amma ona münasibətdə eyni həssaslığı göstərmirik. Müəllimdən yüksək bilik, sonsuz səbir, təmkin, qayğı, psixoloji dəstək və qüsursuz pedaqoji davranış gözləyirik. Amma müəllimin sözünə hörmət edilmədikdə, nüfuzu aşağılandıqda, valideyn tərəfindən təzyiqlə üzləşdikdə çox vaxt onun müdafiəsinə qalxmırıq.

Valideynlərin bir qismi övladının davranışında problem olduğunu qəbul etmək istəmir. Müəllim irad bildirəndə dərhal narazılıq yaranır. Uşağının səhvini araşdırmaq, davranışının səbəbini anlamaq əvəzinə bütün məsuliyyəti müəllimin üzərinə atır. Bəzən müəllim şagirdlə deyil, onun valideyni ilə də mübarizə aparmalı olur.

Bir tərəfdən uşağa müəllimə hörmət etməyi öyrətmirik, digər tərəfdən həmin müəllimdən uşağın davranışını dəyişdirməsini tələb edirik. Özümüz müəllimin nüfuzunu sarsıdırıq, sonra da şagirdin müəllimə qulaq asmamasından şikayətlənirik.

Belə çıxır ki, valideyn uşağının davranışına görə məsuliyyət daşımır, müəllim isə həm uşağa, həm valideynə, həm də məktəbə cavabdehdir? Bu, necə yanaşmadır?

Bir həqiqəti qəbul etməliyik: müəllim uşağı ailəsindən aldığı tərbiyə ilə birlikdə məktəbdə qəbul edir. O, həmin uşağın ailədə illərlə formalaşmış davranışlarını, vərdişlərini və münasibətlərini bir neçə dərs saatında dəyişə bilməz.

Müəllim uşağa düzgün istiqamət verə bilər, onu maarifləndirə bilər, davranış problemlərini müşahidə edib aidiyyəti şəxslərə məlumat verə bilər. Amma ailədə formalaşmış bütün problemləri təkbaşına aradan qaldıra bilməz. Bir uşağın illərlə qazandığı davranış vərdişlərini müəllimin bir neçə aylıq fəaliyyəti ilə dəyişəcəyini gözləmək sadəlövhlükdür.

Müəllim psixoloq deyil, sosial işçi deyil, hüquq-mühafizə orqanının əməkdaşı deyil. O, ilk növbədə pedaqoqdur. Onun əsas missiyası öyrətmək, bilik vermək, uşağın düşüncəsini, dünyagörüşünü və intellektual inkişafını təmin etməkdir.

Bəli, müəllim tərbiyə prosesində iştirak edir. Bunu inkar etmək olmaz. Amma müəllimin tərbiyə prosesində iştirak etməsi ilə valideynin tərbiyə məsuliyyətini onun üzərinə yükləmək tamamilə fərqli məsələlərdir.

Müəllim valideynin əvəzi deyil və uşağın ilkin tərbiyəsi ailədə başlayır. Ona davranış qaydalarını, başqalarına hörmət etməyi, məsuliyyət hissini, böyüyün sözünü dinləməyi, başqasının hüququna hörmətlə yanaşmağı ilk növbədə ailə öyrətməlidir. Məktəb bu təməli bilik, dünyagörüşü və pedaqoji yanaşma ilə möhkəmləndirməlidir.

Ailənin yerinə yetirmədiyi vəzifəni məktəbin, məktəbin üzərinə düşən təşkilati məsuliyyəti isə müəllimin fərdi öhdəliyinə çevirmək olmaz.

Digər tərəfdən, davranış problemləri olan uşaqları məktəbdən kənarlaşdırmaq, onları damğalamaq da düzgün deyil. Onların da təhsil almaq və inkişaf etmək hüququ var. Lakin bu uşaqlarla fərdi iş aparılmalı, məktəb psixoloqları real fəaliyyət göstərməli, valideynlərlə əməkdaşlıq qurulmalı, məktəb rəhbərliyi prosesə nəzarət etməlidir. Bütün bu işləri bir sinif müəllimindən gözləmək ədalətli deyil.

Elm və Təhsil Nazirliyi də bu məsələyə yalnız etik qaydalara əlavə edilən müddəalar çərçivəsində deyil, məktəblərdəki real vəziyyət baxımından yanaşmalıdır. Müəllimdən məsuliyyət tələb olunursa, ona həmin məsuliyyəti həyata keçirmək üçün səlahiyyət, şərait və dəstək də verilməlidir.

Bir məsələni də unutmayaq: uşaqların hüquqlarını qorumaq dedikdə yalnız davranış problemi olan uşaqların hüquqlarını nəzərdə tutmamalıyıq. Sakit şəkildə dərs oxumaq istəyən, müəllimin zəhmətinə hörmət edən, təhsil almaq üçün məktəbə gələn digər şagirdlərin də hüquqları var. Bir neçə uşağın intizamsızlığına görə bütöv sinfin təhsil hüququnun pozulmasına kim cavab verəcək?

Mən bir valideyn kimi istəyirəm ki, övladlarım məktəbdə təhlükəsiz olsun, keyfiyyətli təhsil alsın, müəllimdən bilik öyrənsin. Amma eyni zamanda müəllimin də normal şəraitdə işləməsini, öz peşəsini yerinə yetirə bilməsini istəyirəm. Çünki müəllimin hüququnu qorumaqla uşağın hüququnu qorumaq bir-birinə zidd deyil. Əksinə, bunlar bir-birini tamamlayır.

Cəmiyyət olaraq özümüzə bir sual verməliyik: Biz müəllimdən nə istəyirik? Öyrətməsini, tərbiyə etməsini, yoxsa ailələrin, məktəb rəhbərlərinin və cəmiyyətin həll edə bilmədiyi bütün problemləri öz üzərinə götürməsini?

Müəllimə hər yeni öhdəlik qoyanda onun hansı şəraitdə işlədiyini də düşünək. Onun nüfuzunu qorumaq, əməyinə hörmət etmək, səlahiyyətlərini müəyyənləşdirmək, arxasında dayanmaq da lazımdır. Müəllimdən uşaqları qorumaq tələb edildiyi kimi, müəllimin özü də hörmətsizlikdən, təzyiqdən, əsassız ittihamlardan və idarəçilik laqeydliyindən qorunmalıdır.

Müəllim cəmiyyətin bütün problemlərinin məsul şəxsi deyil. O, cəmiyyətin gələcəyini yetişdirən insandır. Onu nəzarətçiyə, psixoloqa, sosial işçiyə və valideynin əvəzinə uşağı tərbiyə edən şəxsə çevirməyək.

Uşağın hüquqlarını qorumaq müəllimin də vəzifəsidir, amma uşağın bütün problemlərini həll etmək onun işi deyil.

Valideyn öz məsuliyyətini müəllimə, məktəb rəhbərliyi öz məsuliyyətini sinif müəlliminə, təhsil sistemi isə öz çatışmazlıqlarını pedaqoqun üzərinə ötürməməlidir.

Sonda isə bir daha soruşuram: Sənin uşağını kim tərbiyə etsin? Sən etməyəcəksənsə, müəllim həm sənin uşağını tərbiyə etməli, həm də öz peşəsini yerinə yetirməlidir?

Müəllimdən hər şeyi tələb etməyək. Ondan yaxşı müəllim olmasını istəyiriksə, əvvəlcə ona müəllim kimi işləmək imkanı verək!

Həmidə Rüstəmova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir