Faktlara dayanan TARİXİMİZ: “XANKƏNDİNİN İLK KURQANLARI”

Faktlara dayanan TARİXİMİZ: “XANKƏNDİNİN İLK KURQANLARI”

Faktlara dayanan TARİXİMİZ: "XANKƏNDİNİN İLK KURQANLARI"
Faktlara dayanan TARİXİMİZ: “XANKƏNDİNİN İLK KURQANLARI”

“İNFONEWS” yeni bir layihəyə start verir.

Bu gündən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənovanın “Faktlara dayanan TARİXİMİZ” layihəsini Sizlərə təqdim edirik.

XANKƏNDİNİN İLK TUNC DÖVRÜ KURQANLARI

Azərbaycanın qədim dövr abidələrinin zənginliyi baxımından əhəmiyyətli dərəcədə fərqlənən tarixi Qarabağ ərazisində arxeoloji tədqiqatlara hələ XIX əsrin 90-cı illərindən başlanılmışdır. Həmin vaxtdan keçən müddətdə bir neçə nəsil arxeoloqlar tərəfindən çoxsaylı və müxtəlif dövrləri əhatə edən yaşayış və qəbir abidələri qeydə alınmış, əksəriyyətində arxeoloji qazıntılar aparılmışdır.

Dağlıq zonanın kurqan (qəbir) abidələri sırasında Xankəndi kurqanları xüsusi yer tutur. Bu kurqanlar Xankəndinin yaxınlığında, Ağdam-Şuşa yolunun kənarında yerləşmişdir. Xarici əlamətləri ilə biri-digərindən o qədər də seçilməyən kurqanlar daş yığını, torpaq və qum qatından tökülmüşdür.

Kurqanın diametri 15 m, hündürlüyü 1,5 m olub, örtüyü çay daşları və gil qatından tökülmüşdür. Kurqan örtüyü altında, materikdə qazılmış, dairəvi quruluşlu qəbir kamerası aşkar olunmuşdur. Qəbir kamerasının diametri 4,5 m, yer səthindən dərinliyi 1,5 m olmuşdur. Şərq hissədən kameraya 1,5 m eni olan giriş yolu əlavə olunmuşdur. Giriş yolu birbaşa kameraya daxil olmuşdur. Maraqlıdır ki, həmin vaxta qədər Qarabağda təsadüf olunmayan bu orijinal quruluşlu qəbir kamerası və əlavə girişin döşəməsində bütün kameranı kəmərtək əhatələyən 0,2 m enində və 0,5 m dərinlikdə kiçik novça-kanal təmizlənmişdir. Novça-kanalın içərisi kiçik yastı daşlar və qum-gil qatı ilə dolmuşdur. Onun mahiyyətini açmayan Y.İ.Hümmel, burada ağac izlərinə rast gəlməsə də bunun, ola bilsin vaxtilə qəbirə düzülməli olan ağac dirəklər üçün açılması gümanını irəli sürmüşdür (Narimanov I.G. 1987).

Qəbir kamerasında kollektiv dəfn olunma izlənilmişdir. Ölülər arxası üstə uzadılmış (5 nəfər), oturdulmuş (12 nəfər), sol və ya sağ yanı üstə bükülmüş (29 nəfər – 15-i sol, 14-ü sağ yanı üstə) halda dəfn olunmuşlar (cəmisi 46 nəfər). Y.İ.Hümmelin ehtimalına görə, dəfn etmə müxtəlif vaxtlarda baş vermişdir. Yəni qəflətən xəstəlik və ya başqa səbəb üzündən kütləvi dəfn olmamışdır. Arxası üstə uzadılmış və otuzdurulmuş meyitlər böyüklərə, bükülü vəziyyətdə olanlar isə uşaqlara və yeniyetmələrə aid olmuşdur. Dəfn olunma başa çatdıqdan sonra ölülərin üzəri qalın gil suvağı ilə örtülmüş, daha sonra kurqan ucaldılmışdır. Hər dəfndən sonra suvanma, sonradan bütün qəbri əhatə etmişdir (Piotrovsky B.B. 1949).

Qəbirdən aşkar olunmuş ölülərin başlarının antropoloji araşdırmaları onların “uzunbaşlılar” yəni “dolixesefal” tipinə məxsus olmalarını göstərmişdir. Qəbirdə insan skeletləri ilə yanaşı vəhşi keçiyə məxsus buynuz və dişlər də tapılmışdır.

Qəbir avadanlığı kameranın müxtəlif hissələrində yerləşdirilmiş 30-a qədər saxsı qab nümunələrindən, dəvəgözü daşından olan əmək alətlərindən ibarətdir. Göründüyü kimi, artefaktların böyük əksəriyyəti müxtəlif tip və formalı keramika ilə təmsil olunmuşdur.

Qeyd etmək istərdim ki, bu mövzunu aktual edən əsas faktorlar sırasında tədqiqata cəlb olunmuş bölgənin bir sıra ərazilərinin 30 ilə yaxın erməni təcavüzkarlarının işğalı altında qalması ilə həmin yerlərdəki abidələrin talehinin bu gün hansı vəziyyətdə olması ilə bağlıdır.

Odur ki,işğal altından azad edilmiş ərazilərimizdə dövründən və təyinatından asılı olmayaraq, abidələrin yeni-yeni tədqiqatlara cəlb edilməsi vacib məsələ kimi daima gündəmdə durmalıdır. Çünki, gənc nəslin çox hissəsi həmin ərazilərin varlığı, xüsusiyyəti, mövqeyi, tarixi keçmişi haqqında bəlkə də, kifayət qədər məlamata malik deyillər.

Faktlara dayanan TARİXİMİZ: "XANKƏNDİNİN İLK KURQANLARI"
Faktlara dayanan TARİXİMİZ: “XANKƏNDİNİN İLK KURQANLARI”

103 saylı Kurqan  (Tablo 3)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir