“Diqqət Mərkəzi: ŞƏHİDLƏR” – Şəhid gizir CƏMİL HƏŞİMLİ
“İNFONEWS” təqdim edir.
Azərbaycan Gənclik Platformu (AGP), “İNFONEWS” Operativ İnformasiya Agentliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə “Diqqət Mərkəzi: ŞƏHİDLƏR” layihəsinin bugünki qonağı Şəhid gizir Həşimli Cəmilin anası Simuzər Bağıyevadır.
Şəhid gizir CƏMİL HƏŞİMLİ
1995-ci ilin 11 avqustunda Azərbaycan Respublikasının Kürdəmir şəhərində anadan olub. 1-ci sinfə 2002-ci ildə Kürdəmir şəhər Famil Həşimov adına 3 saylı orta məktəbində gedib, 2013-cü ildə həmin məktəbin məzunu olub. Elə həmin ilin noyabr ayında Cəmil həqiqi hərbi xidmətə çağrılır. Bu zaman ailəsindən xahiş edir ki, onu bu çağırışdan saxlatdırsınlar. Ailəsi səbəbini soruşduqda isə, “Çünki orada Şəhidlik mənə nəsib olmaya bilər”, – deyə,cavab verir.
Hərbi xidmətdə Astara rayonunda olan Cəmil 2015-ci ilin aprelində xidmətdən dönür. Cəmil kolleci bitirsə də, marağını hərbiyə yönəltməkdə davam edirdi.
2016-cı il aprel döyüşlərindən sonra Cəmil və qardaşı Azərbaycan Ordusunun sıralarında görmək qərarına gəlirlər. 2016-cı ilin aprel ayında qardaşı, avqustda isə Cəmil ordu sıralarında hərbçi olmaq üçün təlim-tədris kurslarına yola düşürlər. Hərbi qulluğa “N” saylı hərbi hissədə başlayan Cəmilin Şəhidlik arzusunu unutmur. Hələ ilk günlərdən ətrafındakı hər kəsə Cəmilin vətənə, dövlətə, xalqına sevgisi bəyan idi. Azərbaycan Ordusunda hərbçi olaraq 4 il xidmət göstərən Cəmil öz mərdliyi və qorxmazlığı ilə xüsusilə seçilir. Cəmilin dilində yalnız bir söz vardı ki, vətənin hər qarış torpağı namuslu, şərəfli bir hərbçiyə əmanətdir…
Cəmilin ən böyük arzusu Ordumuzun XTQ-nə keçmək idi və nəhayət ki, mart ayında bu arzusuna nail olur. Lakin artıq iyul idi və Cəmil XTQ təlim-tədrisini yarımçıq qoyur, yenidən ordu sıralarına, yəni öz vəzifəsinə qayıdır. Cəmil Milli Qəhrəman Şükür Həmidovun dəstəsində təlimlərdə olur.
Daha sonra isə yalnız telefon danışıqları…
Qeyd etməliyik ki, anası Cəmili və qardaşlarını tək başına böyüdüb.
Cəmilin anasın həmişə bir söz deyirdi: “Heç vaxt düşmənə arxanı çevirmə, zərbənin haradan gələcəyi məlum olmaz”.
Sentyabrın 27-sində anası ilə əlaqə saxlayanda Cəmil anasına müjdə xəbəri verir ki: “Ay Ana, gözün aydın, torpaqlarımız alınacaq!”
Növbəti dəfə (2 oktyabr tarixində) anası ilə telefon əlaqəsi saxladıqda isə onun narahat olmaması üçün, sanki təsəlli edici sözlər deyir.
5 oktyabrda anası ilə sonuncu dəfə telefonda danışanda, anasından Bakıya getməsini xahiş edir. Elə həmin gün anası ilə bir neçə dəfə əlaqə saxlayır və dəfələrlə ondan kəndə qayıtmamağını xahiş edir.
Bu da son…
Cəmil 5 oktyabr saat 18:40 radələrində Füzulinin Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə düşmənlə vuruşaraq qəhrəmancasına Şəhid olur.
Anasına Şəhidimizin yaralı olduğu deyildikdə: “Cəmil yaralana bilməz, oğul mənimdirsə, son qanına qədər vuruşacaq”.
Bəli, Cəmil anasının dediyi ki, düşmənin qarşısından qaçmayıb, məhz ona görə də ürəyindən snayper gülləsindən şəhid olub.
CƏMİLİN UŞAQLIĞI, MƏKTƏB İLLƏRİ, ƏMƏK FƏALİYYƏTİ
Cəmilin uşaqlıq illəri kənddə keçib. Cəmil anasını çox sevdiyindən hər işinə kömək edib və hər əziyyətə qatlaşıb. Cəmil məktəbdə də öz savadı, bacarığı və xeyirxahlığı ilə seçilib. Hələ 6-cı sinifdə oxuyanda anasına işləmək, ailəyə maddi yardım göstərmək istədini deyir, balaca olduğundan anası razılaşmr. Lakin Cəmil elə həmin vaxtdan maşın yuma obyektində işə başlayır. 9-cu sinifdən artıq avtomobil ustasının yanında fəaliyyət göstərir və öz bacarığı ilə diqqət çəkir. Bütün bunları anasının az işləməsi, yorulmaması üçün edirdi, çünki anası ilə bir başqa bağlılığı var idi. Qardaşının ali məktəbə daxil olması isə ona böyük sevinc yaşadır, həmin zamanlar Cəmil, sanki yerə-göyə sığmır. Təhsil müddətində öz dəstəyini qardaşlarından əsirgəmir.
Cəmilin anası Simuzər Bağıyeva:
- Mən Cəmili Şəhid kimi, ölü kimi görmürəm, elə bilirəm ki, müvəqqəti ayrılmışıq. Çünki mənim ümidim var, bu, ona qovuşacağım günün ümididir. Mən Cəmili şərəfli, layiqli kişi kimi böyütmüşəm və o elə də oğul idi. Cəmilin qoçaqlığı, cəsarəti bütün Kürdəmir camaatının dilindədir.
Simuzər ana Şəhidimizi yuxularında tez-tez gördüyünü söylədi. Yuxularında da anasına ona görə narahat olmamasını, yerinin gözəl olduğunu söyləyir.
Bu ilin aprelində Şəhid Cəmil Həşimlinin adına bulağın açılışı edilib.
Cəmilin anası bütün Şəhid analarına üz tutaraq deyir:
- Şəhidlərimizi yaşatmaq öz əlimizdədir. Yaşayaq ki, Şəhidlərimizi yaşadaq. Gəlin Şəhidlərimizi unudulmağa qoymayaq. Çünki Şəhidlər vurulanda deyil, unudulanda ölərlər…Bu xalqın başının ucalığı Poladlar, Mübarizlər, Cəmillər, Arəstələr, Gültəkinlərdir!