Ədəbiyyatdan namələr: “VAQİF MƏQBƏRƏSİ”- Birinci namə
“İNFONEWS” növbəti yeni bir layihəyə start verir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyevanın “Ədəbiyyatdan namələr” layihəsini Sizlərə təqdim edirik.
Birinci namə:
MƏQBƏRƏ ALTINDA UYUYAN BİR ŞAİR-ATANIN FACİƏSİ
1797-ci il…insanlıq faciəsi – atanın yalvarışlarına baxmadan gözü qarşısında oğlunun başını kəsərək, ciyər parəsinin xırıltılı səsi qulağında dünyadan köç etmək…dünyada heç bir şair, yazıçı, ictimai xadim bu cür vəhşicəsinə öldürülməyib, can evindən vurulmayıb…Düzdür, bu yola çıxanların çoxu öz bədənləri ilə zülmə düçar olublar, Nəsimi kimi təpədən-dırnağa soyulublar, odda yandırılıblar, dar ağacından asılıblar, başları kəsiliblər…Lakin bədəlini özləri ödəyiblər, övladları yox. Vaqif faciəsinin əsasında məhz bu dayanır. Azər Turanın yazısı diqqətimi çəkir:
“Qarabağ xanının Molla Pənahdan sonrakı vəziri və “Tarixi-Qarabağ”ın müəllifi Mirzə Camalın böyük oğlu Rzaqulu bəy şairin ölümündən illər keçəndən sonra Vaqifin qətlinin səbəbi və məzarının yeri ilə maraqlanan Qafqaz Şeyxülislamı Axund Əhməd Səlyaniyə 1862-ci ildə Vaqiflə bağlı ayrıca məktub göndərdi: “Hərçənd axund mərhum (yəni Vaqif – A.T.) o zalımlara (Məhəmməd bəyin fərraşlarına – A.T.) yalvarır ki, məni öldürün, amma bu binəva nakamı (oğlu Əli Ağanı – A.T.) öldürməyin. Görür əlac yoxdur, təvəqqe edir ki, əvvəl məni öldürün, barı bunun ölümünü görməyim. O birəhmlər baxmayıb əvvəl Əli Ağanı öldürürlər və sonra axund mərhumu öldürüb həman yerdə öz oğlu ilə dəfn edirlər. Belə ki, indi mədfun olan yerdə günbədi vardır. Həman gecə Məhəmməd bəy axundun evini qarət edib övrətini (Qızxanımı – A.T.) öz evinə aparıb alır”.
Firudin bəy Köçərli yazırdı ki, Molla Pənah Vaqufi qətlə yetirdikləri yerdə də dəfn ediblər. İbrahim xan Dağıstandan qayıtdıqdan sonra Vaqifin oğlu ilə birgə dəfn olunduğu yerdə günbəz tikdirir. İllər keçdikcə Vaqif türbəsi insanların ziyarətgahına çevrilir.
1982-ci il. Uzun müddət yararsız hala düşən Vaqif türbəsi Heydər Əliyev tərəfindən yenidən inşa edilərək, “Vaqif məqbərəsi” kimi yeni həyat qazandı. Cıdır düzünə yaxın bir ərazidə baş verən qanlı hadisə və həmin hadisədən geriyə qalan məğrur məqbərə. Bu məqbərə yaşanan tarixin acı həqiqətləridir.
2021-ci il məqbərə özünün yeni qayıdış həyatını yaşayır və bizlərə həqiqətlər nə qədər acı olsa da, xatırlamaqla yaşadır…