Ədəbiyyatdan namələr: “Üzeyir bəyin iti qələmi”- Üçüncü namə

Ədəbiyyatdan namələr: “Üzeyir bəyin iti qələmi”- Üçüncü namə

“İNFONEWS” -un “Ədəbiyyatdan namələr” layihəyəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyevanın “Ədəbiyyatdan namələr” layihəsini Sizlərə təqdim edirik.

18 Sentyabr – Milli Musiqi Günüdür! Bu gün xalqımız üçün böyük bayram günüdür. Sözlə səsi vəhdətdə götürən, zirvədə tutan dahi Üzeyir Hacıbəyovun doğum günüdür. Xalqımız bu gözəl gün üçün milli musiqimizi, mədəniyyətimizi dünyaya tanıdan Üzeyir Hacıbəyova daim borcludur…

Üçüncü namə:

UYMA DÜNYAYA, EY DİLİ-QAFİL!

Bəlkə də çoxları Üzeyir Hacıbəyovu ancaq bəstəkar, musiqiçi kimi tanıyır. Ancaq, o həm də görkəmli bir ədib idi. Realist tənqidçi idi…özü də sərrast tənqid edir, düz hədəfə vururdu. Tənqidi böhtan vasitəsi kimi şəxsi-qərəz silahına çevirənlərə üzün tutub deyirdi: “Bizim boşboğaz tənqidçilərimiz də az deyildi. Bu tənqidçilərin bəziləri öz boşboğaz adətlərinə görə, bəziləri də məhz qərəzi-şəxsi ucundan hər yerdə və hər zaman oturub-durub əhli adamları tənqid etməyə başlayırlar. Əlbəttə, həqiqi və doğru tənqid çox vacibdir və mənfəəti də çoxdur. Lakin cahilanə tənqid çox zərərdir. Çünki cahil tənqidçi heç bir şeyi anlamır. Yaxşı-yaman seçə bilmir” (“Həqiqət” qəzeti, 1910-cu il). Burda cəhaləti, nadanlığı, şəxsi-qərəzliyi, yerlibazlığı pisləyərək, “Molla Nəsrəddin”çilər yolunu tutaraq xalqın dərdindən yazmış, dövrün bir çox çürük cəhətləri, mənəvi-əxlaqi səfalətlərini tənqid atəşinə tutmuşdur. Çünki onlar çürük olsa da yaşayırdı, xalqın əl-ayağına dolaşaraq irəliləməsinə, mədəni, müasir xalqlar cərgəsinə çıxmağa mane olurdu. Təəssüf ki, ədibin fikri bu gün də aktualdır. Sağlam tənqid olmayan yerdə heç vaxt inkişaf da olmaz…

Üzeyir Hacıbəyovun publisistik yazıları adamı heyran edir. ”Molla Nəsrəddin” jurnalında “Orda-burdan” başlığı altında vətəndaşlıq mövqeyini ortaya qoyur. Feodal Şərqində, xüsusən də İranda fikir ətalətini, irticanı ələ salır: “Pəh-pəh! Nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ayağını yerdən-göydən üzürlər. Bu, hakimlərin və bəzi üləma və ruhanilərin nəzərində hürriyyət istəmək, millət məclisi açdırmaq, kasıb-kusubun qeydinə qalmaq, xalqı maarifləndirmək – hamısı dünyaya uyub qafil olmaqdır. Amma rüşvət almaq, xalqı aldatmaq, camaatın başını qırxıb cibini soymaq adəti bir işdir ki, yatıb-durmaq, yeyib-içməklə onların arasında heç bir təfavüt yoxdur. Uyma dünyaya, ey dili-qafil! Yəni, ay camaat, hürriyyət-filan istəməyin, qoyun hakimlər-filanlar sizi həmişəki kimi soysunlar!”(“İrşad” qəzeti, 1907-ci il). Bu sözlərin yazılmasından uzun bir tarix keçib, lakin hələ də tərbiyəvi əhəmiyyətini itirməyib. Mürəkkəb və uçurumlu həyat tərzində insanların mənəvi aləmində iz buraxan yaltaqlıq, ikiüzlülük, riyakarlıq, paxıllıq, hiyləgərlik kimi pis vərdişlərdən uzaq durmağa, mərdanəlik, alicənablıq, cəsarət kimi keyfiyyətləri aşılayaraq tərəqqi və inkişafa səsləyirdi.   Ədibin maraqlı yanaşması var idi: “Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir! Bu sifət çox vaxt insanın bədbəxliyinə belə səbəb olur…Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz, işi xarab edər, heç bir səmərə görməyib əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır” (“İrşad” qəzeti, 1906). Üzeyir bəy necə də gözəl vurğulayıb! Cəsarətsizliyin, qorxaqlığın psixoloji durumu necə dəqiq açıqlanır. Axı hər bir insanı qəhrəmanlığa sövq edən, cəsarət verən onun ali, uca fikirləridir…

Üzeyir Hacıbəyov hər şeydən yazırdı, dərdlərə, yaralara məlhəm axtarırdı. Ən əsas müsəlmanlardan yazırdı… “Biz müsəlmanların halı hamıdan yaman idi” deyirdi. Xalqlar arasında əmin-amanlıq, dostluq, bərabərlik ideyasını təbliğ edirdi. Bəzən geriliyi, nadanlığı satirik tənqid edərək yazırdı: “ Ədəb və ərkan…Bax biz müsəlmanları hər yerdə üzüağ edən ancaq bu sifətlər olubdur. Bizim dünya üzündə sairlər kimi biabır olmamağımıza ancaq və anaq ədəb-ərkanımız səbəb olubdur…Odur ki, görürsən bir müsəlman deyəndə ki, qatıq qaradır, o birisi cavab verir ki, bəli qaradır. Hərçənd yalan deyir, amma ədəblə iş görür…Doğrudan da belədir, “Qatıq qaradır” deməklə qatıq qara olmaz, amma aralıqda ədəb-ərkan olar!”.

Üzeyir Hacıbəyov oxucularını daim yüksək amallarla yaşamağa, bu amallar uğrunda mübarizə aparmağa çağırırdı… Biz burda Üzeyir Hacıbəyovun publisist yazılarının çox cüzi bir hissəsinə toxunduq. Bu dahi səxsiyyəti daha yaxından tanımaq üçün öz vətəndaşlıq mövqeyimizi sərgilədik, oxuyub nəticə çıxartmaq isə, sözsüz ki, sizlərin – oxucuların payına düşür…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir