Faktlara dayanan TARİXİMİZ: Çarizmin müstəmləkəçilik siyasəti

Faktlara dayanan TARİXİMİZ:Çarizmin müstəmləkəçilik siyasəti

“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdim edir:

ÇAR HÖKUMƏTİNİN ORTA ASİYADA MÜSTƏMLƏKƏÇİ HAKİMİYYƏTİ

Çar höküməti Orta Asiyanın işğal edilməsinin başlanğıc mərhələsində idarəetmənin təşkilinə başlayır. Senat 2 mart 1865-ci ildə Orenburq general-qubernatorluğunun tərkibində “Türküstan vilayətinin yaradılması haqqında” fərman verir. Vilayətin inzibati mərkəzi Çimkənd şəhəri idi. Çar qoşunlarının Daşkəndi ələ keçirməsindən sonra bu şəhər Rusiyanın tərkibinə rəsmən daxil edilənə qədər də faktiki surətdə vilayətin mərkəzi idi. İmperiyanın tərkibinə rəsmi surətdə daxil edildiyi dövrdən Daşkənd və onun ətrafı Daşkənd rayonu adı ilə xüsusi inzibati vahid təşkil edirdi.

Vilayəti öz əlində hərbi və mülki hakimiyyəti birləşdirən general-qubernator rəhbərlik edirdi. Yerlərdə idarələrə şöbə rəisləri başçılıq edirdi, onlar eyni zamanda hərbi komendatlar idi. Onlar yerli əhali üzərində polis nəzarətini həyata keçirir, vergiləri toplayır, müsəlman məhkəmə müəssisələrinin fəaliyyətinə nəzarət edirdilər.

1865-ci il “Əsasnaməsinin” tətbiq edilməsinin praktiki nəticəsi tipik işğal rejiminin yaradılması oldu. Bu rejim Çar ordusunun ərzaqla təchiz edilməsini, əhalidən vergi toplanmasını təmin etməli idi.

Diyarın idarə edilməsi üçün əsas 1867-ci il Müvəqqəti əsasnaməsi idi. Bu Əsasnamənin mahiyyəti belə idi:

  1. hərbi və inzibati hakimiyyətin bölünməzliyi və onun diyarda bir əldə cəmlənməsi,
  2. bu orqanların quruluşunu mümkün qədər Rusiyanın digər yerlərindəki orqanların quruluşuna yaxınlaşdırmaq,
  3. aşağı, xüsusi xalq-ictimai hakimiyyət orqanlarının seçkili olması,
  4. Rusiyanın maraqlarına ziyanlı olan qayda-qanunların bu müəssisələrdən təmizlənməsi və s.

1867-ci il Əsasnaməsinə görə, qeyri-siyasi xarakterli bütün işlər üzrə yerli əhalinin daxili idarəsi “Xalqın öz içərisindən seçilmişlərə” (qazılar, bəylər, ağsaqqallar) verilməli idi. Koloniyada digər bütün hökumət funksiyaları hərbi administrasiyasının-general-qubernatorun, vilayət qubernatorlarının və qəza rəislərinin əlində cəmləşmişdi.

İdarəetmənin belə “hərbi –xalq idarəetmə” çar hökumətinin yeni işğal edilmiş ərazidə öz qarşısına qoyduğu vəzifəyə-özünün hərbi-siyasi mövqeyini gücləndirmək, yerli torpaq sahiblərinin və din xadimlərinin mövqeyini zəiflətmək, çarizmə qarşı xalq üsyanlarına divan tutmaq təmamilə uyğun gəlirdi.

80-ci illərin ortalarında məlum oldu ki, “hərbi-xalq idarəetmə” sistemi Rusiya ticarət-sənaye burjua dairələrinin və yerli sahibkarların maraqları ilə bağlı olan yeni münasibətlərin inkişafını ləngidirdi.

1886-ci il Əsasnaməsinin 8 maddəsinə əsasən Türküstan general-qubernatorluğu (məhkəmə, maliyyə və poçt-teleqraf idarələri istisna olmaqla) Rusiya imperiyasının hərbi nazirliyinin tabeliyində olmamağı halbuki həmin illərdə Rusiyanın daxili işlər nazirliyinin sərəncamında idi. Beləliklə, Türküstan diyarı 1917-ci ilə qədər hərbi nazirliyin tabeliyində qalır. 1886-cı il Əsasnaməsinə uyğun olaraq Türküstan administrasiyasının strukturu sisteminə yeni bir orqan- Türküstan general qubernatorunun Soveti daxil edildi. Bu orqan ümumi inzibati xarakterli, vergi və zemstvo mükəlləfiyyətləri ilə bağlı olan məsələlərin həll edilməsində qanunvericilik təşəbbüsü hüququna malik idi. Düzdür, diyarın idarə edilməsinə dair mühüm məsələlərin müzakirəsində kollegiyalıq bir çox hallarda formal xarakter daşısa da, yeni orqan hər halda müəyyən dərəcədə diyarın baş rəislərinin “bürokratik radikalizmini” məhdudlaşdırırdı. Dəyişikliklər Türküstan general-qubernatorunun xarici siyasəti məsələlərindəki səlahiyyətlərinə də toxunurdu. Buxarada Rusiya imperatorluğunun siyasi agentliyi yaradıldı. Bu agentlik Rusiya xarici işlər nazirliyinin orqanı idi. 1889-cu ildən Türküstanda bütün xarici siyasi məsələlər Xarici İşlər Nazirliyinin nəzarəti altına keçdi.

Türküstan general qubernatorluğu inzibati cəhətdən vilayətlərə bölünürdü. Türküstan general qubernatorluğu əvvəlcə iki vilayətə-Sır-Dərya və Semireçyeyə bölünmüşdü. Sonralar işğal edilmiş ərazilər hesabına 1868-ci ildə Zərəfşan dairəsi, 1873-cü ildə Amu-Dərya şöbəsi, 1876-cı ildə isə ləğv edilmiş Kokand xanlığı hesabına Fərqanə vilayəti yaradıldı. 1886-cı ildə Zərəfşan dairəsi Səmərqənd vilayətinə çevrildi. Amu-Dərya şöbəsi Sır-Dərya vilayətinə birləşdirildi. Semireçye vilayəti 1882-ci ildə Türküstan general qubernatorluğunun tərkibindən çıxarılaraq Çöl general qubernatorluğuna verildi. Lakin 1899-cu ildə Semireçye vilayəti yenidən Türküstan general qubernatorluğunun tərkibinə daxil edildi. Həmin ildə beşinci vilayət-əvvəllər Qafqaz canişinliyinin tərkibində olan Zakaspi vilayəti də Türküstan general qubernatorluğunun tərkibinə daxil edildi.

XIX əsrin sonunda Türküstan general qubernatorluğunun ümumi ərazisi 1738918 kv.kilometr idi. Əhalinin sayı isə 5280983 nəfər idi. Diyar əhalisinin sayı 1911-ci ildə 6492629 nəfərə, 1915-ci ildə 6779138 nəfərə çatmışdı. Əhalinin cəmi 7.6 faizini ruslar təşkil edirdi. Vilayətlər üzrə əhalinin sayı aşağıdakı kimi idi:

Vilayətlər                           Bütün əhali                           Ruslar

Sır-Dərya                               1950243                                 11.0

Semireçye                              1260392                                 6.5

Fərqanə                                  2211864                                 2.8

Səmərqənd                             886392                                   7.6

Zakaspi                                  470852                                   19.0

Çarizmin Türküstanda həyata keçirdiyi inzibati ərazi bölgüsü tarixi, təbii, iqtisadi və milli xüsusiyyətləri nəzərə alınmırdı. Yerli xalqların yaşadıqları ərazilər ayrı-ayrı hissələrə bölünərək müxtəlif inzibati vahidlərin tərkibinə daxil edilirdi. Vilayətlər qəzalara, sonuncular isə öz növbəsində volostlara bölünürdü.

Orta Asiyanın müqəddəratı generallara və hərbi qubernatorlara tapşırılmışdı. Onlara “milli sülhü” qorumaq tapşırılmışdı. Milli ucqarlarda çarizmin yeritdiyi siyasət milli istismar, yerli xalqların siyasi və mülki hüquqlardan məhrum edilməsi, milli mədəniyyətin, dil, mətbuat və məktəblərin sıxışdırılması, milli qırğınların törədilməsi siyasəti idi. Orta Asiya ərazisi həmişə hərbi vəziyyətdə saxlanılırdı. Müsəlman əhalisinin çoxluq təşkil etdiyi şəhərlərdə (Daşkənd, Kokand, Səmərqənd və s.) yeni qalalar tikilirdi. Artilleriya ilə təchiz edilən bu qalalar yerli əhalinin üsyan edəcəyi şəraitində çar ordusu üçün dayaq nöqtələrinə çevrilməli idi. Çar ordusunun 1905-ci ilin əvvəllərində Türküstanda ümumi sayı 63 min nəfərə çatmışdı.

Rus çarının 1867-ci il fərmanına əsasən Türküstan general qubernatoruna geniş səlahiyyətlər verilmişdi. Türküstan general qubernatorluğunun ilk qubernatoru Kaufman idi. General qubernator diyarda mülki və hərbi idarələrin rəhbəri idi. İlk general qubernatora bütün siyasi, sərhəd və ticarət məsələlərini həll etmək səlahiyyəti verilmişdi.

General qubernator siyasi baxışlarına görə bu və ya digər adamı beş il müddətinə diyardan sürgün etmək, hakimiyyətə müqavimət göstərdiyi şəraitdə hərbi məhkəməyə vermək hüququna malik idi. Əgər xarici ölkə vətəndaşının diyara gəlməsi arzu edilməz hesab olunurdusa, diyarın rəhbəri onu da buradan çıxarmaq hüququna malik idi. General qubernator əhali üzərinə qoyulan verginin miqdarını da müəyyənləşdirirdi.

General qubernator çar tərəfindən təyin edilirdi və xidməti işlərə görə imperiyanın hərbi nazirliyinə tabe idi. General qubernatorun rəhbərliyi altında 7-10 nəfərdən ibarət Sovet fəaliyyət göstərirdi. Buraya vilayətlərin hərbi qubernatorları, Türküstan hərbi dairəsinin ştab rəisi və maliyyə nazirliyinin nümayəndəsi daxil idi. Sonra sovetin tərkibinə general qubernatorun köməkçisi, Daşkənd məhkəmə palatasının prokuroru, diyarın əkinçilik və dövlət əmlakı idarəsinin rəisi də daxil edilirdi. Bunlardan əlavə, general qubernatorun sərəncamı ilə Sovetin iclaslarına vilayət məhkəməsinin sədri, Daşkənd məhkəmə palatasının prokuroru, general qubernator dəftərxanasının işlər üzrə müdiri, Buxaradakı siyasi agent də dəvət edilirdi. General qubernatorluğun rəsmi mətbuat orqanı rus dilində nəşr edilən “Türküstan xəbərləri” qəzeti idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir