Faktlara dayanan TARİXİMİZ: Qədim Qarabağda arxeoloji abidələr

Faktlara dayanan TARİXİMİZ: Qədim Qarabağda arxeoloji abidələr

“İNFONEWS”– un Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdim edir:

QƏDİM QARABAĞ DİYARINDA ARXEOLOJİ ABİDƏLƏRİN ÖYRƏNİLMƏ TARİXİ

Azərbaycanın qədim dövr arxeoloji abidələrlə zəngin olan bölgələri içərisində Mil-Qarabağ ərazisi önəmli yer tutur.

Ərazinin coğrafi quruluşu, paleoekoloji durumu, dağ silsilələri və çayları, torpaq qatının münbitliyi, faydalı qazıntıları və s. olması elə qədim dönəmlərdən bu ərazidə insanların yaşamasına gətirib çıxarır.

Mil-Qarabağ bölgələrinin ilk tunc dövrünün arxeoloji abidələrində ilkin arxeoloji qazıntılar XIX əsrin 90-cı illərinə təsadüf edir. Biz 1834-cü ildə İsveçrə səyyahı Dyubua de Monperonun və 1881-ci ildə Rus İmperator Arxeoloji Komitəsinin tapşırığı ilə Azərbaycana gəlmiş N.R.Silosaninin elə həmin 80-cı illərdə Rusiya Coğrafiya Cəmiyyətinin göndərişi ilə bu ərazilərdə yoxlamalar aparmış S.Veyssenqofun Mil-Qarabağla bağlı ötəri məlumatlarını xatırlamağı lazım bilsək də, əsil qazıntıların XIX əsrin 90-cı illərindən başlanmasını qeyd etməliyik. Hərçənd ki, S.Veyssenqof başqa abidələrlə yanaşı Qarabağın düzənlik hissəsindəki məşhur və möhtəşəm Üçtəpə kurqanları haqqında da məlumat vermişdir.

Ərazinin arxeoloji abidələrinin arxeoloji baxımdan qeydə alınması və qazıntılar aparılmasında alman əsilli Emil Reslerin rolu xüsusi qeyd olunmalıdır. Şuşa real məktəbində alman dili müəllimi işləmiş Qarabağda ilkin arxeoloji qazıntıları 1891-ci ildən başlayan Emil Resler 1897-ci ildə erkən tunc dövrünün qazıntıya cəlb olunmuş ilk abidəsi olan Xaçınçay kurqanlarında arxeoloji qazıntı aparmışdır. Doğrudur, E.Resler heç də Xaçınçay abidələrinin ilk tunc dövrünə aid olmasını müəyyən etməmişdir. Bu, əslində təəccüblü də deyil. Çünki, əvvəla E.Resler peşəkar deyil, həvəskar arxeoloq olmuşdur. Bu səbəbdən də tədqiq etdiyi abidələrin xronoloji ardıcıllığını tam göstərə bilməmişdir. Lakin, E.Reslerin xidməti bundadır ki, o, arxeoloji abidələri aşkar etmiş və imkan daxilində onların bəzilərində arxeoloji qazıntılar aparmışdır. Hərçənd ki, müasir baxımdan həmin qazıntılar elmilikdən çox uzaq olmuşdur. E.Resler həmin vaxt Xaçınçay sahilində Dovşanlı kəndindən azacıq aralıda beş ədəd ilk tunc dövrünə aid kurqan qazmışdır. Abidələrin aşkar və tədqiqinin xronoloji ardıcıllığını nəzərə alsaq, Qarabağın tədqiqata cəlb olunmuş ilk tunc dövrü abidəsinin Xaçınçay kurqanları olmasını qəbul etməliyik. Həmin kənd ərazi baxımından Dağlıq Qarabağın Ağdərə rayonu bölgəsinə daxildir. Xaçınçayın qeyd olunan kurqanlarının tunc dövrünün erkən mərhələsinə aid olması elmi ədəbiyyatda ilk dəfə akademik Boris Borisoviç Piotrovski tərəfindən müəyyən edilmişdir. Digər tədqiqatçılarda sonralar bu fikirlə razılaşmışlar.

E.Reslerin Dağlıq Qarabağda apardığı digər axtarış və qazıntılar zamanı yalnız son tunc və ilk dəmir dövrünün müxtəlif tipli arxeoloji abidələri açılmışdır. Bununla belə, 1960-cı illərdə professor Qüdrət İsmayılzadə tərəfindən kompleks tədqiqatlar aparılmış məşhur Qaraköpəktəpə abidəsi də ilk dəfə elə E.Resler tərəfindən qeydə alınmışdır. O, 1895-ci ildə Qarabulaq (indiki Füzuli) yaxınlığındakı Qaraköpəktəpə abidəsinə baxış keçirmiş, buranı səhvən kurqan hesab etmişdir. Sonralar ərazidə sistemli araşdırmalar aparan Q.S.İsmayılzadə burada çoxtəbəqəli yaşayış məskəninin olmasını təkzib edilməz faktlarla sübut etmişdir. Abidənin möhtəşəm qalın təbəqəsi məhz ilk tunc dövrünə aiddir.

E.Resler 1897-ci ildə hazırda arxeoloq Təvəkkül Əliyevin müvəffəqiyyətlə tədqiqatlar apardığı Qarqarçayın sahilində yerləşmiş Qalatəpə abidəsini də nəzərdən keçirmiş, Qaraköpəktəpə kimi səhvən bu abidəni də kurqan hesab etmişdir.

Y.İ.Hümmelin Xankəndi ətrafında qazdığı 103, 119, 125 saylı kurqanlar, onların erkən tunc dövrünə aid olması, bu abidələrin qəbiraltı kameralarının quruluşu, həm də dəfn mərasimində izlənilən yeniliklərlə diqqəti cəlb edir. Arxeoloqların haqlı olaraq qeyd etdiyi kimi, Y.İ.Hümmelin ixtisasca təbiətşünas olmasına baxmayaraq, başqa alimləri xeyli qabaqlayaraq, XX əsrin 30-cu illərində Xankəndi kurqanlarını ilk tunc dövrünə aid etməsi onu peşəkar arxeoloqlarla bir sırada qoymağa haqq verir.

Elə həmin dövrdə Xankəndi yaxınlığında L.P.Taşçyan adlı birisi ilk tunc dövrünün başqa bir kurqanını qazmışdır. Həmin kurqanlar tipoloji baxımdan, həm də dəfn mərasiminin oxşarlığı ilə eyni bir qrupa aiddir. Əslində həmin abidələrin açılması ilə Azərbaycanda ilk tunc dövrü abidələrinin qeydə alınmasında yeni bir mərhələ başlanmışdır.

Lakin 30-cu illərdən sonra Qarabağda arxeoloji qazıntıların aparılmasında böyük fasilə yaranmışdır. Həm də bu fasilə təkcə ilk tunc dövrü ilə bağlı abidələrə aid deyil, bütövlükdə arxeoloji tədqiqatlarla bağlı olmuşdur. Qarabağda arxeoloji axtarışların növbəti mərhələsi XX əsrin 50-ci illərindən başlanır. Həmin dövrdə SSRİ EA Arxeologiya İnstitutu ilə Azərbaycan SSRİ EA Tarix İnstitutunun birgə kompleks arxeoloji ekspedisiyası görkəmli Qafqazşünas alim A.A.İyessenin rəhbərliyi ilə Azərbaycan ərazisində genişmiqyaslı arxeoloji tədqiqatlar aparmışdır.

A.A.İyessen yaşayış yerləri ilə yanaşı ilk tunc dövrünün kurqan abidələrini də qeydə almış, bunlardan birində, Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığındakı Üçtəpə kurqanında arxeoloji qazıntılar aparmışdır. Qazıntıdan əvvəl, o nəhəng ölçülərinə görə abidəni skif kurqanları ilə müqayisə edərək, həmin dövrə aid olmasını güman etsə də, qazıntılar nəticəsində kurqanın ilk tunc dövrü Kür-Araz mədəniyyətinə mənsubiyyəti aydınlaşmışdı.

Bütövlükdə A.A.İyesseninin rəhbərliyi ilə fəaliyyət göstərən kompleks arxeoloji ekspedisiya Azərbaycanda arxeoloji tədqiqatların aparılmasında yeni, fərqli mərhələnin əsasını qoydu. Buraya arxeoloji abidələrin qeydiyyatı və xəritələşdirilməsi, sistemli arxeoloji qazıntılar, maddi mədəniyyət nümunələrinin araşdırılması, qazıntıların və başqa axtarışların nəticələrinin ləngimədən nəşr olunması və təbliği, elmi konfranslarda məlumatların verilməsi kimi vacib məsələlər daxil idi.

XX əsrin 60-cı illərindən başlayaraq İ.H.Nərimanov Qarabağ düzənliyində müstəqil sistemli araşdırmalara başlamış, müəyyən fasilələrlə bu işi 80-ci illərin sonu – 90-cı illərin əvvəllərinə qədər davam etdirmişdir. Onun 80-ci illərin əvvəllərində Qarabağda apardığı tədqiqatları əsasən eneolit dövrü ilə bağlı olsa da, bir neçə ilk tunc dövrü yaşayış yerini də qeydə almışdır. Bunların içərisində Qarağacı (Qarahacılı) və Cüttəpə (Qoşa-təpə).

Demək olar ki, İdeal Nərimanovla eyni vaxtda Qüdrət İsmayılzadə və digər arxeoloqlar tərəfindən Mil-Qarabağın başqa hissəsində, Quruçay və Köndələnçay hövzəsində, habelə Tərtərin mənbəyi zonasında, dağlıq ərazi olan Kəlbəcər yaylaqlarında elmi axtarışlar aparılmışdır. Bunun nəticəsi olaraq başqa dövrlərlə yanaşı ilk tunc dövrü ilə bağlı çoxsaylı yaşayış yerləri qeydə alınmış, onların bəzilərində stasionar, digərlərində kəşfiyyat xarakterli arxeoloji qazıntılar həyata keçirilmişdir. Bunlara çoxtəbəqəli Qaraköpəktəpə, Günəştəpə, Uzuntəpə, Şomulutəpə yaşayış yerləri daxildir. Bu abidələr içərisində  sistemli və əhatəli tədqiqatlar əsasən Qaraköpəktəpə ilə bağlı olmuşdur. Qalan başqa abidələrdə isə kəşfiyyat xarakterli qazıntılar aparılmış, nəticələri həm elmi hesabatlarda, həm elmi məqalələrdə, həm də monoqrafik əsərlərdə işıqlandırılmış, elmi konfranslarda bu haqda məlumatlar verilmişdir. Q.S.İsmayılzadə Qarabağın yüksək dağlıq zonasında, Kəlbəcər yaylaqlarında həm ilk tunc dövrünün mövsümü yaşayış izlərinin, həm də qədim dövrlərə aid qayaüstü təsvirləri haqqında geniş məlumatlar vermişdir. Bu qayaüstü təsvirlər Naxçıvanın Gəmigaya rəsmləri kimi yüksək dağlıq ərazidə erkən məskunlaşmanı izləmək baxımından böyük əhəmiyyət kəsb edir.

Qarabağda bütövlükdə eneolit və tunc dövrünün əhatəli tədqiqi XX əsrin 80-cı illərindən daha sistemli qaydada aparılmışdır. O zamanlar fəaliyyət göstərmiş arxeoloji ekspedisiyaya İdeal Nərimanov rəhbərlik etmişdir. Bunların sırasında məşhur Borsunlu nekropolunun ilk tunc dövrü kurqanları, habelə Bərdə rayonundakı Şortəpə (indi o “Bala təpə” də adlanır), Ağdam rayonundakı Üçoğlan I və II, Vəlibəy təpələri, Sarıcalıtayı, Ağtəpə, Böyük təpə, Qaçaytəpə, habelə Ağcabədi rayonu ərazisindəki Gərtəpə, Dəyirman-yeri, Binnət təpə yaşayış yerləri aşkar olunaraq elmi ədəbiyyata daxil edilmişdir.

Göründüyü kimi, Mil-Qarabağın arxeoloji abidələrinin qeydə alınması və qazıntıların aparılmasından bir əsrdən artıq ötən müddətdə yüzlərlə arxeoloji abidə tədqiq olunub, elm aləminə bəlli olub. Arxeoloji qazıntıların nəticələri hesabatlarda, elmi məqalə və monoqrafiyalarda əks olunmuşdur. Bir daha dünya alimləri Azərbaycanın qədim diyarı olan Qarabağ ərazisinin qədim yaşayış məntəqəsi olmasını sübuta yetirir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir