Azərbaycan Təhsil Şəbəkəsinin imkanları genişləndirilir
“İNFONEWS” xəbər verir.
Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) hazırda 4 min 299 təhsil müəssisəsi qoşulub və ölkə üzrə təhsil müəssisələrinin 92 faizi əhatə olunub.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda 2021-ci ilin sonunadək şəbəkə çərçivəsində ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 təhsil müəssisənin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində iş aparılır.
2020-ci ilədək ölkə üzrə 277 mindən çox şagirdi və 19 min müəllim heyətini əhatə edən 203 təhsil müəssisəsi artıq sürətli fiber-optik bağlantı ilə şəbəkəyə qoşulub.
ATŞ-nin ən böyük üstünlüklərindən biri də təkcə internetə çıxışın deyil, eləcə də müəssisədaxili və müəssisələrarası lokal şəbəkələrin – internetin təmin edilməsindən ibarətdir. Bu isə o deməkdir ki, təhsil müəssisələrində internet trafik istifadə etmədən Təhsil Nazirliyinin məlumat mərkəzində yerləşən azərbaycandilli elektron təhsil resurslarından faydalanmaq, şəbəkə daxilində məlumatları operativ ötürmək və qəbul etmək mümkündür. ATŞ-nin nəinki təhsil müəssisələrini, təhsil idarələri və şöbələrini də əhatə etdiyi nəzərə alınsa, vahid intranet şəbəkəsinin mövcudluğu ümumilikdə ölkənin təhsil sistemi daxilində sənəd dövriyyəsinin elektronlaşdırılması və audiovizual rabitənin effektiv təşkili baxımından da xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Təhsil Şəbəkəsini səciyyələndirən başlıca xüsusiyyətlərdən biri də onun məhz təhsilalanların ehtiyacları üçün münasib olan internetə – təhlükəsiz çıxış təmin etməsidir. Belə ki, ATŞ-yə qoşulmuş bütün təhsil müəssisələrində internet şəbəkəsindən istifadə olunarkən uşaq psixologiyasına mənfi təsir göstərə bilən istənilən zərərli, qeyri-etik və yolverilməz onlayn məzmun ATŞ-nin müvafiq proqram təminatı tərəfindən avtomatik qaydada bloklanır və məktəblərdə təhsil alan şagirdlər internetdən istifadə zamanı bu cür məlumatlarla bir qayda olaraq üzləşmirlər. ATŞ-nin internet-süzgəcləmə xidməti hazırda onlayn axtarış sistemlərində müxtəlif dillərdə 60-dək kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və şagirdlərin arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsini təmin etməyə imkan verir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmun üzərində cəmləşməsinə xidmət edir.
Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında yerləşən təhsil müəssisələrində şəbəkə və İKT avadanlıqlarına texniki dəstək xidmətləri göstərilir.
ATŞ milli təhsil sistemi üçün nəinki texniki və texnoloji, eləcə də elmi-intellektual müstəvidə geniş imkanlar təmin edir. Şəbəkənin potensialı bu gün orta ümumtəhsil müəssisələri ilə yanaşı, respublikanın ali təhsil müəssisələri üçün də innovativ elmi-tədqiqat imkanları yaradır. Belə ki, ölkə üzrə ali təhsil verən bütün universitetlər Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq şəbəkənin resursları üzərindən “GEANT” beynəlxalq akademik şəbəkəsinə çıxış əldə edə və bu şəbəkənin elmi araşdırma potensialından yararlana bilirlər. GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır.
Şəbəkədə internet üzərindən müəssisədaxili və müəssisələrarası sürətli rabitə – videokonfrans və IP telefoniya xidmətləri təqdim edilir. IP telefon rabitəsində məlumat rəqəmsal kanallar üzərindən ötürüldüyündən, telefon danışığının keyfiyyəti bir qayda olaraq daha yüksək olur. Videokonfrans vasitəsilə isə əməkdaşlar bir-birilə keyfiyyətli və kəsintisiz videobağlantı yarada və canlı müzakirələr apara bilirlər.
Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi ölkədə müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən böyük daxili şəbəkədir. İcrasına 2008-ci ildə başlanılıb.