“Yeddi gözəl” kitabının jest dilində tərcüməsi təqdim edilib
Respublika Uşaq Kitabxanası sağlamlıq imkanları məhdud uşaqlar üçün “Yeddi gözəl” elektron kitabının jest dilində tərcüməsinin təqdimatını etdi.
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Bakı Ekspo Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının elektron kitabının jest dilində tərcüməsinin təqdimatı keçirildi.
“İNFONEWS” xəbər verir ki, tədbir C. Hacıyev adına 11 illik musiqi məktəbinin xor kollektivi və sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 N-li Xüsusi İnternat məktəbinin şagirdlərinin ifasında dövlət himni ilə başladı.
Tədbir zamanı jest dilinə tərcümə olunmuş Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından yeddi hekayət elektron kitab formatında təqdim olundu.
Tədbiri giriş sözü ilə, kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq, iştirakçıları salamlayıb, Nizami Gəncəvinin 880 illiyi çərçivəsində təqdim olunan elektron kitablar haqqında geniş məlumat verdi. Kitabxananın direktoru çıxışında qeyd etdi ki, Respublika Uşaq Kitabxansı böyük mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə bir çox layihələrə imza atmışdır. F. Köçərli adına Respublika Uşaq Kitabxansının əsas məqsədi də bu dəyərləri təbliğ və nümayiş etdirmək, qoruyub saxlamaq və yeni formatda oxuculara təqdim etməkdir. Nizaminin toxunduğu bütün mövzular aktualdır, müasirdir. Biz də layihə çərçivəsndə kitabxananın qızıl fondunda qorunan və mühafizə edilən “Yeddi gözəl” poemasından uşaqlar üçün yeddi hekayəti jest dilində tərcümə etmişik. Ş.Qəmbərova qeyd etdi ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilində tərcümə olunan əsərlər xüsusi internat məktəblərinin kitabxanalarına hədiyyə edilir. O, layihənin həyata keçirilməsində əsas məqsədin, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, o cümlədən informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, bununla da həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etmək olduğunu bildirdi.
Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış edərək “Səssizlik fərqlilik deyil Eynilikdir” layihəsi çərçivəsində nəşr olunan elektron kitablar haqqında geniş məlumat verdi və layihənin əhəmiyyətindən danışaraq heç bir uşağın nəzərimizdən qaçmadığını bildirdi və “ biz birlikdə güclüyük” şüarı ilə çıxışını bitirdi.
Tədbirdə iştirək edən Araxçın MMC/Silent Communication komandasının rəhbəri, təlimçi, Jest dili tərcüməçisi Şamil Sabirzadə, koordinator- təlimçi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 N-li xüsusi internat məktəbinin müəllimi Könül Quliyevada çıxış edərək, layihənin ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri Şəhla Qəmbərovadır.
Mətn Əməkdar artist Sevil Hüseynli və Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova tərəfindən səsləndirilib.
Mətn jest dilinə “Silent Communication” təşkilatının qurucusu və rəhbəri Şamil Sabirzadə və təşkilatın jest dili üzrə təlimçi və tərcüməçi Könül Quliyeva tərəfindən tərcümə edilib.
Tədbirin sonu fəal oxucu, görmə məhduduyyətli, Səməd Novruzovun Üzeyir Hacıbəyov Nizami Gəncəvinin “Sevgili canan” qəzəlinə bəstələnmiş romans ifası ilə yekunlaşdı.
“Yeddi gözəl” kitabının jest dilində tərcüməsi təqdim edilib