Milli Məclisin sədri türkiyəli həmkarını təbrik edib
Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa Cümhuriyyət Bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.
“İNFONEWS”-un Trend-ə istinadən məlumatına görə, Sahibə Qafarova Mustafa Şentopu və onun simasında Türkiyə Böyük Millət Məclisinin üzvlərini, həmçinin qardaş Türk xalqını milli bayram – Türk Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə öz adından və Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri adından təbrik edib, daimi rifah, tərəqqi, sülh və əmin-amanlıq arzulayıb.
Milli Məclisin sədri tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davamlı olaraq möhkəmlənəcəyinə və regionda təhlükəsizliyin, sülhün, sabitliyin təminatçısı olacağına əminliyini ifadə edib.