Ədəbiyyatdan namələr: “Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ…”- Namə 6

Ədəbiyyatdan namələr: “Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ…”- Namə 6

“İNFONEWS” -un Ədəbiyyatdan namələr” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyeva təqdim edir:

Altıncı namə:

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ…

Qürbətdə öz doğma vətəni Qarabağa olan həsrətini şeirlərində dilə gətirən Mir Həmzə Nigari, yaxud ruhu Qarabağda, cismi Amasiyada olan övliya, alim şairimiz…XIX əsr Azərbaycan-türk sufi şairlərindən olan Mir Həmzə Nigari Azərbaycanın Qarabağ bölgəsinin Bərgüşad mahalının Cicimli kəndində doğulub boya-başa çatıb. Həyat yolu Qarabağdan başlasa da, Amasiyada bitir… Özü haqqında məlumat verən Mir Həmzə “Nigari”, “Qarabaği” təxəllüsləri ilə şeirlər yazdığını vurğulayır:

Nəsli-İsmailsən, əsli-ərəbsən,

Ali-Məhəmmədsən, alinəsəbsən.

Müntəxəbsən, silsileyi-zəhəbsən,

Ey Seyyid Nigari, ey Qarabaği!

Şairin Nigari təxəllüsünü götürməsi haqqında maraqlı fikirlər mövcuddur. Bunlardan biri “Mir Həmzəninin doqquz yaşında olanda yuxusunda Qarabağ xanədanından Nigar xanım adlı gözəl və möhtərəm bir qadını görüb ona aşiq olmasıdır. On il sonra təhsil üçün Şirvana gedərkən Mir Həmzə, Nigarxana adlı bir müsafirxanada gecələyir və orada Nigar xanımla qarşılaşır. Nigar xanımın ona “Gördüyün yuxu yadındadır? -deyə soruşmağıyla ikisi də huşunu itirir. Bu hadisədən sonra Mir Həmzə mənən kamilləşir və Nigari təxəllüsünü alır”. Şair bu haqda şeirlərindən birində belə deyir:

Alıbdır canımı qəmzə,

Düşübdür könlümə lərzə,

Hər bir aşiq Seyid Həmzə,

Hər bir dilbər Nigar olmaz.

Onun bütün ömrü və yaradıcılığının  əsas xəttinin biri dünyəvi eşqidir – sevib qovuşmadığı Nigara qarşı bitib tükənməyən sevgisidir. Mürşidi Şeyx İsmayıl Şirvani onun  haqqında belə söyləmişdir: “Mir Həmzə ilahi eşqlə məhvi-vücud olmuşdur. Onun mürşidi eşqdir”. Türk ədəbiyyat tarixçisi İskəndər Pala Nigarinin divanının Türkiyədəki nəşrinin ön sözündə yazır: “Mir Həmzə Nigari adlı lüğətdə bir söz olsaydı, qarşısında mütləq “eşq” yazılardı. Ömrünü bir tək eşqə, bir Tək eşqinə sərf etmiş bu könül dərinliyi olan şeyx heç şübhə yoxdur ki, XIX əsr türk təsəvvüf mühit və ədəbiyyatının da öndə gələn isimlərindəndir. Həyatının çoxunu keçirdiyi Şərqi Anadolu və Şimali Azərbaycanda hələ də analar övladlarına onun eşq şeirlərindən laylalar söyləyirlər”.

Nigari yaradıcılığının əsas xətlərindən biri Vətən sevgisi idi. Onun Qarabağa həsr etdiyi tərcibəndində Qarabağın təbiət gözəllikləri ilə yanaşı, şəhid qanlarıyla suvarılacaq müqəddəs bir yer, bir məqam olduğunu bildirirdi. Bu həsrət şairin “çeşmeyi-xun” (qan çeşməsi) adlandırdığı Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində daha qabarıq görsənir və bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu iztiraba qərq etdiyini ifadə edirdi:

Eşqin kanı Qarabağdır məkanım,

Bülbülü-şeydayam, cənnət yerimdir.

Sinəmə çəkilən qara dağımdır,

Qara bağrım qanlı Qarabağımdır.

Qan əkər, odlar tökər Miri-Nigari məgər,

Yad qılıbdır yenə Qarabağ torpağını.

Bu misralar artıq XIX əsrdə rus çarizmin əli ilə Qarabağda başlanan kirli oyunlara, erməni bəlasına, törədilən cinayətlərə şairin etirazı idi…

Qarabağ mövzusu şairin yaradıcılığında qırmızı xətt kimi keçir…uşaqlıq, gənclik illərinin keçirdiyi Bərgüşad-Bərşad, Həkəri çaylarını, dağlarını xatırladır.. Uzun illər həsrət qaldığımız, səsimiz, ünümüz yetməyən, babalarımızın bizdən incik ruhları dolaşan Zəngəzur, Qarabağ ellərimizin gözəlliyini yaşadır bizə:

Canıma çəkmiş fələk

Bərgüşadın dağını,

Sönməz atəşi, ursan Həkəri irmağını.

Ol dairədə Həkəri, Bərşad,

Eşqin yeridir, buyurdu ustad.

Göründüyü kimi, Mir Həmzə Nigari zəkası, şeirləri heyrətamiz dəqiqliklə bugünki Qarabağ gerçəkliyimizlə səsləşir. Ulu şeyximiz İlahidən gələn vəhylə, sonrakı dövrlərdə doğma vətəni – Qarabağın başı üzərində qara buludları, gətirilən qəza-qədəri görüb, qara yellərin doğulub boya-başa çatdığı, ayaq açıb ilk yeridiyi, könül verib ilk sevdiyi yerlərdən uzaq olmasını arzulayır:

Bir qönçeyi-gülün tarimariyəm,

Görüm abad olsun ol Qarabağı!

Bir gözəl kəbkin giriftariyəm,

Şənlik olsun dağı, bağı, ovlağı!

Və bu gün həmin dilək, arzu gerçək oldu! Böyük övliyanın ruhu şaddır…Mir Həmzə Nigari soyundan olan Mir Sədi ağanın ocağı, Mirlər kəndi, eyni zamanda, doğma Qarabağımız Ali Baş Komandanımız və Azərbaycanın qəhrəman oğullarının  rəşadəti sayəsində yağı düşməndən azad olubdur.  Bu tarixi günlərin sevincini bizə yaşadan Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə acil şəfalar diləyirik. Qarabağ Azərbaycandır!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir