26 Noyabr — AZƏRBAYCAN KƏLAĞAYISI GÜNÜDÜR!
“İNFONEWS” xəbər verir.
Kəlağayı ismət, ləyaqət, ehtiram, sədaqət, gözəllik rəmzidir.
Kəlağayı – Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirməklə, gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi sayılan milli baş örtüyüdür.
Azərbaycanda Kəlağayı istehsalı ta qədimlərə gedib çıxır. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərləri yüksək keyfiyyətli kəlağayılar hazırlayan şəhərlər sırasında olub. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılıb.
Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Belə ki, kəlağayıda əks olunan naxışlar özündə böyük məna ehtiva edir.
Kəlağayılar hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatıb. Kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənib.
Milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Çünki onda nənələrimizin nəfəsi, doğmalıq hərarəti var. Məhz buna görə də kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, ruhumuz qidalanacaqdır…
Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Məhz həmin gündən 26 Noyabr – Azərbaycan Kəlağayısı günü kimi qeyd edilir.