Qənirə Paşayevanın “Addım – addım Özbəkistan” kitabı çap olunub

Qənirə Paşayevanın “Addım – addım Özbəkistan” kitabı çap olunub

“İNFONEWS” xəbər verir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayevanın “Addım – addım Özbəkistan” kitabı çapdan çıxıb.

Tamamən İslamın gözəl əxlaqına, səlim yaşamına sahib olan ölkə kimi ziyarət etdim qardaş Özbəkistanı. Öncələr dəfələrlə səfər etmək imkanım olmuş qardaş ölkəni yeni ziyarətim zamanı da özümü heç bir halda yad bilmədim, qonaq hiss etmədim. Elə bildim, mən burda göz açmışam, burda yaşa dolmuşam. Azərbaycanın məşhur bir mahnısında deyildiyi kimi canım bu torpaqdadı, qanım bu torpaqdadı. Hər qədəmdə özbək qardaş-bacılarımızın gözəl əxlaqını gördüm, yüksək qonaqpərvərliyini gördüm, bu ölkənin göz işlədikcə uzanıb gedən topraqlarının bar-bərəkəti, füsunkar təbiəti ruhumu oxşadı.

Bu fikirlər Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, professor Qənirə Paşayevanın yeni çapdan çıxmış “Addım – addım Özbəkistan” kitabındandır.

Qardaş ölkənin dövlət müstəqilliyinin 30-cu ildönümü ərəfəsində işıq üzü görən kitabın redaktorları Beynəlxalq “Alaş” Ədəbi mükafatı laureatı Əkbər Qoşalı, “Ədəbiyyat qəzeti”inin şöbə müdiri Sərvaz Hüseynoğlu və tanınmış özbək şair-tərcüməçisi Şəhla Qasımovadır. “CBS”-də nəfis tərtibatla çıxan 448 səhifəlik kitabın məsləhətçiləri isə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistanın məşhur “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmdir. Nəşrin redaksiya heyətinə, həmçinin Arzu Bağırova (Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri) və İntiqam Yaşar (DGTYB başqanı) daxildir.

Kitabı oxuduqca insan xəyalən Özbəkistanı gəzir, bu yurdun füsunkar təbiəti, ləziz təamları, səmimi adamları ilə yaxından tanış olur. Qiyabi səfər etdiyi bu yerləri əyani görmək eşqi ilə xəyallar qurur. Əslində bu, müəllifin şirin dili, axıcı üslubundan, qardaş ölkəyə sevgisindən, bütövlükdə türk dünyasına olan sonsuz məhəbbətindən irəli gəlir.

Məhz elə bu səbəbdən də Qənirə Paşayeva bu kitabı türk dünyasının birliyi və güclənməsi üçün çalışmış böyük şəxsiyyətlərimizin ruhuna ehtiram, bu gün də eyni amal uğrunda fədakarlıq göstərən aydınlarımıza şükranlığın ifadəsi olaraq qələmə alıb. İndiyədək müxtəlif mövzulu və janrlı kitablarla oxucu qəlbinə yol tapmış Qənirə Paşayevanın kitabları içində türk dünyasına həsr olunmuş əsərləri özəl yerə sahibdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir