”Şairlər ustadı böyük Nizami” adlı şeir ”Nizami və musiqi dünyası” adlı musiqi və günləri keçirildi
07-08 dekabr tarixlərində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış, Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair və mütəffəkir, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı Festival çərçivəsində ”Şairlər ustadı böyük Nizami” adlı şeir, ”Nizami və musiqi dünyası” adlı musiqi günləri keçirildi.
“İNFONEWS” xəbər verir ki, “Şairlər ustadı böyük Nizami” adlı şeir günü Gəncliyə Yardım Fondunun konfrans zalında baş tutdu.
Tədbir çərçivəsində, iştirak edən 1,3,5 nömrəli UGİM-nın, 16 nömrəli Texniki Humanitar , Bakı Avropa və Zəngi liseylərinin, 86,142, 189, 190 nömrəli orta məktəblərinin, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Sağlamlıq imkanları məhdud uşaqlarının, Abşeron rayon məktəblərinin şagirdlərinin ifasında N.Gəncəvinin əsərləri üzrə hazırlanmış “Nüşabə ilə İsgəndərin görüşü”, “Kərpickəsən kişinin dastanı”, “Xeyir və Şər” poemasından bədii kompozisiyalar, “Sirlər xəzinəsindən” parça, azsaylı xalqların dillərində şeir parçaları, Azərbaycan və avar dillərində N. Gəncəvinin aforizmləri təqdim edildi və Qusar, Qax, Zaqatala, Balakən rayonlarından göndərilmiş azsaylı xalqların dilində Nizami şeirlərinin çarxlı videosu nümayiş olundu.
Nizaminin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan mədəniyyətinin ən qiymətli inciləridir.
Festival çərçivəsində keçirilən musiqi günü Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında reallaşdı.
Tədbirdə Baki Xoreografiya Akademiyasının, Cövdət Hacıyev adına 3, Rauf Hacıyev adına 15, M.Maqomayev adına 26 və 24 №li onbirillik musiqi məktəblərinin, Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri iştirak etdilər.
Tədbir çərçivəsində, məktəblilərin ifasında Q.Qarayev Yeddi gözəl baletindən “Aişənin rəqsi”, Üzeyir Hacıbəyli “Sevgili Canan” Baleti, “Leyli və Məcnun” Rəqsi, Q.Qarayev “Yeddi gözəl” baletindən vals, Nizami Gəncəvi “Qəzəllər” Muğamı, Nizami Gəncəvi Oyanmış miniatürlar “Yeddi gözəl” Rəqsi, F.Əmirov “Güllüm” və s musiqi nömrələri təqdim olundu.
Tədbirlərdə Azərbaycan Respublikası
Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndələr, uşaqların sevimli yazarları, musiqisevərlər, KİV əməkdaşları və ümumilikdə Nizami Gəncəvi yaradıcılığına dəyər verən çoxsaylı qonaqlar və s iştirak etdilər.
Qeyd edək ki, Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin, mütəfəkkir şairin yaradıcılığının bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.