Milli Kulinariya Mərkəzi Ilə bağli deputatdan önəmli ÇAĞIRIŞ
“İNFONEWS” xəbər verir.
Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə, bu il 30 illik yubileyini qeyd edən Milli Kulinariya Mərkəzi ilə bağlı önəmli təkliflərlə çıxış edib, aidyyatı qurumlara çağırışlar səsləndirib.
Komitə sədrinin çıxışının mətnini təqdim edirik:
“Hörmətli xanım Sədr, hörmətli həmkarlar,
Turizm haqqında qanun layihəsini Mədəniyyət Komitəsində ikinci oxunuşda müzakirə edib, öz dəstəyimizi ifadə etmişik. Amma bundan sonra bizə Milli Kulinariya Mərkəzindən əsaslı bir müraciət daxil olub. Bu il 30 illik yubileyini qeyd edən Mərkəzin qaldırdığı məsələlər turizmlə, bu qanunun predmeti ilə biləvasitə bağlı olduğu üçün, habelə Mərkəz Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərdiyi üçün o təklifləri və bəzi məlumatları burada səsləndirmək istəyirəm.
Bu il Azərbaycan Milli Kulinariya Mərkəzinin yaradılmasının 30-cu ildönümüdür. Mərkəz yarandığı gündən bəri Azərbaycanın mətbəx mədəniyyətini, ənənələrini, özünəməxsusluğunu öyrənir, təbliğ edir və dünyanın dörd yanında layiqincə təmsil edir.
Mərkəz 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvüdür; aktiv fəaliyyətə Ulu Öndər Heydər Əliyevə müraciətdən sonra başlayıb. Təsəvvüre din: ötən yüzilliyin 90-cı illərində, Azərbaycanın çox çətin günlərində, Ulu Öndərin gərgin iş fəaliyyəti dönəmində Milli Kulinariya Mərkəzinin müraciətinə diqqət yetirməsi və onun fəaliyyəti üçün yaşıl işıq yandırması müqabilində bu il otuz illiyinin gərəkən səviyyədə qeyd olunmaması təqdirəlayiq hal sayıla bilməz. Mərkəz ötən illər içində sahə elminin inkişafı istiqamətində, milli mətbəxin tarixini, fəlsəfəsini, ənənələrini, itirilən xörəklərin adlarını, hazırlanma və bişirilmə qaydalarını toplayıb, təbliğ edib, ordu mətbəxinin yaradılmasında, hərbi aşpazların hazırlanmasında bilavasitə iştirak edib. Vətən Müharibəsi dövründə 60 çox yüksək ixtisaslı, peşəkar milli kulinarlarımız könüllü olaraq aşpaz kimi öncəbhədə xidmətə, 26 nəfəri isə əsgər kimi döyüşlərə gedib. Onlardan altısı şəhid olub.
1998-ci ildə Milli Kulinariya Mərkəzi UNESKO-un Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinin üzvü, 2000-ci ildə isə Mərkəzin rəhbəri Tahir Əmiraslanov Komitənin sədr müavini, 2002-ci ildən sədri seçilib. Mərkəz Milli Mətbəxin Beynəlxalq patendləşdirilməsinə nail olub və 26 milli xörəyin dövlət poçt markasını nəşr etdirib.
Milli Kulinariya xarici ölkələrdə keçirilən Kulinariya çempionat və Olimpiadalarında 358 qızıl, 682 gümüş, 1068 bürünc medal qazanıb. Milli Kulinariya Mərkəzi 14 ölkədə Azərbaycan Milli Mətbəx Mədəniyyəti Günləri təşkil edib. Mərkəzin sədri 12 ölkədə təşkil olunan Beynəlxalq Kulinariya Yarışlarının münsiflər heyətinin üzvü olub.
Milli Kulinariya Mərkəzi ölkə daxilindəki tarixi və çağdaş qida mədəniyyətini öyrənməklə yanaşı, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın qoruyub saxladıqları Azərbaycan mətbəxini də öyrənir.
Mərkəz bir sıra fundamental nəşrlə çıxış edib; o cümlədən Təbriz, Qarabağ, Naxçıvan, İrəvan mətbəxini əhatə edən özəl kitablar nəşr edib, həmçinin Borçalı, Dərbənd, Bakı, Tiflis mətbəx mədəniyyətlərini əhatə edən kitablarının üzərində çalışır.
Mərkəz 30 il ərzində peşəkar kulinar, aşpaz və sahə üzrə texnoloqlarla birgə tarixçi, etnoqraf, folklor-sənətşünasları ətrafında birləşdirib. Əməkdaşlıq nəticəsində Mərkəz “İnformatik Qida Nəzəriyyəsi”, “Mətbəx tarixi”, “Mətbəx və dilçilik”, “Mətbəx və folklor”, “Mətbəx rəqsləri”, “Mətbəx və musiqi”, “Mətbəxin insanın reproduktiv funksiyasına təsiri” kimi işlər görür. “Azərbaycan mətbəxində dolmalar 381 çeşid” və Londonda nəşr edilən “Mətbəx yeməkləri” kitabları 2018 və 2016-ci illərdə dünyanın ən yaxşı kulinariya kitabları elan edilib.
Prezidentin Sərəncamıyla 2004-cü ildə ilk “Azərbaycan Kulinariyasının Ensiklopediyası” kitabı nəşr edilib.
Əlbəttə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun, İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın vətənimizin qeyri-maddi mədəni irsinin yüksək təbliği, təsdiqi sahəsindəki xidmətləri milli kulinariyamızın da beynəlxalq miqyasda tanıdılmasına bilavasitə təkan verir: lavaş və dolma UNESKO tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi elan edilib. Azərbaycan Milli Kulinariya Mərkəzi məhz bu dəstəkdən güc alaraq Ermənistan Respublikası Nazirlər Soveti və Ermənistan Elmlər Akademiyası tərəfindən 1950-ci ildən başlayan Azərbaycan mətbəxinin mənimsənilməsi yönündə aparılan ardıcıl “iş”i elmi-tarixi sübutlarla ifşa edib və beynəlxalq qurumlardan uzaqlaşdırıb.
Məlumdur ki, ölkəmizə qarşı dönəmlərdə turist axınının güclənməsi gözlənilir. Turistlər üçün ölkənin tarixi-mədəni məkanları, təbiəti ilə tanışlığı maraqlı olduğu qədər, milli mətbəx də önəmlidir. “Fast-food” dünyasında milli mətbəxin qorunması, təbliği, təqdimatı və gələcək nəsillərə ötürülməsi Milli Kulinariya Mərkəzinin vəzifəsidir. Mərkəz paytaxt Bakıda Bakı Beynəlxalq “Çay Dəstgahı”, “Qazan, Manqal, Sac”, Qəbələdə Beynəlxalq, ənənəvi “Mürəbbə”, Şəkidə Beynəlxalq ənənəvi “Şirniyyat” və Lerikdə yerli “Plov” festivalları, “Beynəlxalq İslam Mətbəxi”, “Təhsil alan Gənc Kulinarların Respublika Milli Mətbəx” çempionatları və s. tədbirlər keçirib. Hazırda “Azərbaycan çay dəstgahı” UNESKO-ya təqdim edilib.
Bu ilin noyabrın son həftəsində Türkiyə Cümhurbaşqanlığının dəstəyi ilə keçirilən “VII Dünya Halal Zirvəsi” daxilində Dünya İslam Kulinariya Birliyinin (WİCS) egidası altında III Beynəlxalq Kulinariya çempionatında Azərbaycan komandası birinci yer və kuboka layiq görülüb.
Başqa bir önəmli xəbər: bu il Lənkəran Qastronomiya Mədəniyyəti Mərkəzi olaraq, başqa sözlə, başqa sözlə, Lənkəranın Milli Kulinariya yaradıcılığı şəhəri olması UNESCO-nun sənədlərində təsbit edildi.
Beləliklə, Milli Kulinariya Mərkəzin irəli sürdüyü təklifləri səsləndirirəm:
-Mərkəzin çağdaş tələblərə cavab verə biləcək fəaliyyəti üçün, eləcə də, uğurlarının dəyərləndirilməsi, 30 illik yubileyinin qiymətləndirilməsi üçün 30 ildə dəyişməyən ştatlarının, maaşlarının artırılması arzusu ifadə olunur;
-Qarabağdakı quruculuq işləri və Lənkəranın Qastronomiya Mədəniyyəti şəhəri seçilməsi ilə bağlı Mərkəzin büdcəsi artırılsa yaxşı olardı. Mərkəz 2012-ci ilə qədər Dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşirdi, sonra bu sətr aradan qaldırılıb;
-Nazirlər Kabinetinin Sərəncamına əsasən Mərkəzin funksiyaları Milli mətbəxin toplanması təqdimatı, qorunması, təbliği, sağlam qidalanma, ixtisaslı kadrların hazırlanması və s. ibarətdir. Onun funksiyaları turizmdən xeyli kənara çıxır. Mətbəximizin Milli irs kimi qorunması Mərkəzin əsas işlərindən olmalıdır. Mərkəz əvvəlcə Ticarət, sonra Gənclər İdman və Turizm, daha sonra isə Mədəniyyət və Turizm Nazirliyi yanında fəaliyyət göstərib. İndi isə Dövlət Turizm Agentliyinin nəzdinə verilib. Mərkəzin statusunun artırılması arzuolunandır;
-Mərkəzlə paralel və tandemdə işləyən Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai birliyi ölkəmizi 115 üzvü olan Dünya Kulinariya təşkilatında, Dünya İslam Kulinariya birliyində Dünya Xalq Yaradıcılığı Təşkilatında uğurla təmsil edir. Aşıqlar Birliyi, Yazıçılar İttifaqı və s. mədəni-peşakar təşkilatlar kimi bu İctimai birliyin də büdcədən maliyyələşməsi təmin edilə bilər;
-Azərbaycan Milli Kulinariya Mərkəzinin ölkəmizin tərəqqisi naminə həyata keçirilən layihələrin zənginləşdirilməsi məqsədilə, Azərbaycan Respublikası Mədəniyyət Qanunun 37-ci maddəsini və AMKM-ın yaradılması ilə bağlı Nazirlər Kabinetinin 23.04.1991-ci il 99 saylı qərarını əsas götürərək:
– Azərbaycan Milli Kulinariya Mərkəzinin 2021-ci ildə yaradılmasının 30-cu ildönümünün tamam olmasını və ilin başa çatmasına çox az qaldığı üçün yubileyin dövlət səviyyəsində qeyd edilməsini;
– Milli mətbəximizin elmi əsaslarının öyrənilməsinə xidmət edəcək kulinarologiya (texnologiya, opsologiya və qastrosofiya) elmi istiqamətinin yaradılması üçün Nazirlər Kabineti tərəfindən mavafiq addımlar atılmasını;
– Kulinarların Peşə bayramı Gününün, habelə bu sahədə fəxri adların təsis edilməsini;
– 30 il ərzində müxtəlif ünvanlarda fəaliyyət göstərən Mərkəzin işinin səmərəli təşkili, Elmi və Tədris komplekslərinin, “Milli mətbəx muzeyi”nin yaradılması üçün binanın ayrılması ilə bağlı təklifin nəzərə alınması məsələsinin qaldırılmasını arzulayırlar.
Çünki bu, bizim ölkədə bütün kulinarların müraciəti kimi qəbul edilə bilər, bu təkliflərin həyata keçirilməsi ilə mətbəx mədəniyyətimizin qayğısına qalmış olarıq və ümidvaram, müvafiq qurumlar da bu çağırışları, təklifləri nəzərə alacaqdır. Ayrıca, turizm haqqında və digər qanunlarda milli kulinariya ilə bağlı maddələrin də nəzərə alınması yaxşı məqsədəuyğun olardı.
Diqqətiniz üçün təşəkkür edirəm!