Bakıda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
“İNFONEWS” xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Bakının Nizami rayonunda Elşən Süleymanov küçəsi, ev 133B ünvanında fiziki şəxs Cabirov Teymur Məşədi Ağa oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Müəssisənin istehsal və anbar sahəsində döşəmələrin tamlığının pozulduğu, divarların his və rütubətdən qaraldığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, həmçinin müəssisədə çalışan işçilərin xüsusi geyimlə təmin olunmadığı və dövri tibbi müayinədən keçmədiyi müəyyən olub.
Aşkar edilmiş nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
(AZƏRTAC)