“Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkliatın sədri Ramil Şükürov həbs edildi
“Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilat adı altında vətəndaşları aldadıb rüşvət verməyə təhrik edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, vətəndaşların hüquqlarını pozmaqla korrupsiya cinayətləri törədən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.
Əvvəllər törətdiyi dələduzluq və saxta sənədlər hazırlama kimi cinayət əməllərinə görə məhkum olunmuş Ramil Şükürovun müvafiq qaydada dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaratdığı “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyətinə cəlb etdiyi digər şəxslərlə mütəşəkkil dəstə şəklində etdiyi qanunsuz əməllər barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib.
Aparılmış əməliyyat tədbirləri ilə qeyri-qanuni formada fəaliyyət göstərən qurumun ofisində axtarış aparılarkən Ramil Şükürov və yaratdığı şuranın digər üzvlərinin qanunsuz əməllərinə dair iş üzrə əhəmiyyət kəsb edən çoxsaylı sübut və məlumatlar aşkar edilmiş, cinayətkar şəbəkə şəklində təşkilatlanmış qurumun Respublika üzrə bir çox rayon və şəhər üzrə bölmələrinin mövcud olması, xidməti vəsiqələr verilməklə yüzlərlə üzvlərin cəlb edildiyi bu yerli strukturların hər biri üzrə sədr, müavin və digər vəzifələrə təyinatların aparıldığı, habelə şuranın rəhbər şəxslərinin guya aztəminatlı ailələrin yaşayış və maddi vəziyyəti ilə bağlı problemlərinin həlli, eləcə də şəhid və qazi ailələrinə yardım edilməsi adı ilə ayrı-ayrı vətəndaşlardan toplanılan ianə pullarını mənimsəmələrinə şübhələr müəyyən edilib.
Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri zamanı Ramil Şükürovun tanışı Aslanlı Elçin Heydar oğlu ilə qabaqcadan əlbir olaraq Bakı şəhəri ərazisində yerləşən ikimərtəbəli obyektin üçüncü mərtəbəsinin inşa edilməsinə rəsmi dövlət qurumlarından müvafiq icazələrin alınmasında köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsə özünün guya geniş əlaqələrinin olduğu aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsilə qeyd edilən məsələni müsbət şəkildə həll edə biləcəyi barədə yalan vəd verərək həmin məqsədlə vətəndaşdan tələb etdiyi 100.000 manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə əsaslı şübhələr yaranıb.
Habelə, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun Qazilər və veteranlarla iş üzrə sədr müavini vəzifəsində işləyən İbrahimov Koroğlu Yelmar oğlu ilə qabaqcadan əlbir olaraq Ağdam rayonu, Xındırıstan kənd musiqi məktəbinə direktor təyin edilməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş şəxsə guya həmin sahə üzrə məsul qurumun səlahiyyətli vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olduğunu yalandan bildirib özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək vətəndaşdan 17.000 manat məbləğində pul vəsaitini alaraq Koroğlu İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr yaranıb.
Bundan əlavə, Ramil Şükürovun ona müraciət etmiş Hacıqabul rayon sakinindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş övladının azad edilməsi üçün guya aidiyyəti vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə aldığı 12.000 manat pulu ələ keçirməsinə əsaslı şübhələr yaranıb.
Eləcə də, sonuncunun tanışı Elçin Aslanlının vətəndaşın faktiki istifadəsində olan Tovuz rayonu ərazisindəki torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanlarının yaxın əlaqədə olduğu vəzifəli şəxslərinə rüşvət verəcəyi adı ilə ondan aldığı 22.000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bununla da qeyd edilən şəxslərin həmin hərəkətləri ilə vətəndaşları təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr yaranıb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, hər üç şəxs şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə), 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrarən rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən bu və digər yeni halların, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun üzvləri tərəfindən törədilmiş digər çoxsaylı oxşar qanunsuz əməllərin, habelə cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd edilən şəxslərin qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən bu barədə “961” Çağrı mərkəzi və “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələrini xahiş edir.