“Media haqqında” qanunun qəbul edilməsi zərurətə çevrilmişdi – ŞƏRH
1999-cu ildə qəbul edilən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna sonradan çoxsaylı əlavə və dəyişikliklər edilməsinə baxmayaraq, sözügedən hüquqi-normativ akt informasiya və kommunikasiya sektorundakı müasir çağırışlara, yeni dövrün media anlayışına cavab vermirdi və bu baxımdan da medianı əhatə edə biləcək hüquqi tənzimləmə mexanizmlərinin yer aldığı “Media haqqında” qanunun qəbul edilməsi zərurətə çevrilmişdi. Qanun layihəsi ətrafında aparılan çoxsaylı müzakirələr də, müəyyən qeyri-obyektiv yanaşmalara, ilk baxışda ziddiyyətli görünən fikir ayrılıqlarına baxmayaraq, əslində, peşəkar medianın gözləntilərini nümayiş etdirirdi.
Bunu Trend-ə siyasi ekspert, əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.
O hesab edir ki, artıq dövlət başçısı tərəfindən təsdiq olunmuş qanunda nəzərdə tutulan hüquqi mexanizmlər tətbiq olunduqca sənədə prosesi kompleks şəkildə görə bilmədiyi üçün spektik yanaşan həmkarlarımızın da gözləntiləri təmin ediləcək.
E.Mirzəbəyli vurğulayıb ki, “Media haqqında” qanun, əslində, media sektorunda həyata keçirilən islahatların hüquqi konstruksiyasıdır.
“Bu konstruksiya olmadan islahatların bütün komponentlərini həyata keçirmək mümkün olmayacaqdı. “Media haqqında” qanun möcüzə yaratmayacaq, illərdən bəri yığılıb qalmış problemləri bir göz qırpımında həll etməyəcək, amma həlli mexanizmlərini ortaya qoyacaq ki, bu da prosesin içərisində yer alan və ölkə mediasını ən azı öz çalışdığı, rəhbərlik etdiyi hüquqi subyekt çərçivəsində inkişaf etdirməyi arzulayan şəxslərin öz ideyalarını gerçəkləşdirmələri və layiq olduqları yeri tutmaları üçün yetərlidir.
“Media haqqında” qanun peşəkar media ilə “media” adına iddia edən, əslində isə söz və fikir azadlığından, jurnalistikadan öz qeyri-qanuni əməlləri üçün istifadə etməyə çalışanlar arasındakı “qırmızı xətt”i müəyyənləşdirəcək və sonuncuların qol-qanad açmaları üçün hüquqi məhdudiyyətlər yaradacaq, gerçək və məsuliyyətli söz və ifadə azadlığının keşiyində dayanacaq”, – deyə o bildirib.
E.Mirzəbəyli əlavə edib ki, əslində, islahatlar yeni başlayır. Bu günə qədər görülən işlər, həyata keçirilən lahiyələr, sadəcə medianın yeni dövrə – islahatların real mərhələsinə hazırlanmasına xidmət edirdi.
Şübhəsiz ki, sadəcə “Media haqqında” qanunu, yaxud sözügedən sənədin ayrı-ayrı müddəalarını oxumaqla, subyektiv təhlil süzgəcindən keçirməklə, həyata keçirilməsi nəzərdə tutulan islahatların tam mənzərəsini görmək mümkün deyil. Amma tamamilə əminəm ki, həyata keçirilməsi nəzərdə tutulan islahatların hər addımında, qanunun bu və ya digər maddəsinin, hətta ayrı-ayrı ifadə və müddəalarının hansı məqsədə xidmət etdiyini görmək və islahatların effektivliyinə inanmaq, prosesin içərisində fəal şəkildə yer almaq mümkün olacaq.
O vurğulayıb ki, qanun peşəkar medianın və bu sahəyə peşəkar jurnalsitika ilə məşğul olmaq məqsədilə gələn fərdlərin, bütövlükdə isə cəmiyyətin maraqlarının qorunmasına, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsinə, ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir və bütün bu məqsədlərin yerinə yetirliməsi üçün dəqiq, manipulyasiyalara yol açmayacaq hüquqi mexanizmlər formalaşdırır.
“Qanun, eyni zamanda, tənzimlənən və tənzimlənməyən media növləri arasındakı sərhədləri dəqiq şəkildə müəyyənləşdirir, jurnalist anlayışına daha dərin və fundamental məna verir, peşəkar jurnalistikanın nüfuzunun və ictimai çəkisinin artmasına zəmin yaradır. Bununla yanaşı, hazırda informasiya və kommunikasiya sahəsində mövcud olan, lakin peşəkar media anlayışına uyğun gəlməyən digər fəaliyyət növlərinin fəaliyyətini məhdudlaşdırmır, əksinə, bu sahədə peşəkarlıq nümayiş etdirən şəxslərin də heç bir məhdudiyyət tətbiq edilmədən “jurnalist” anlayışının sərhədləri çərçivəsində yer almasına imkan yaradır. Yəni qanun sərhəd çəkmir, amma imkan yaradır ki, peşəkar media ilə məşğul olan şəxslər və subyektlər öz sərhədlərini müəyyənləşdirsinlər.
Qanunda beynəlxalq təcrübədə yer alan bir çox komponentlərlə yanaşı, jurnalistlərə könüllülük əsasında vəsiqələrin verilməsinin də nəzərdə tutulması, əslində, jurnalistlərin söz və ifadə azadlığına təminat verən beynəlxalq sənədlərin və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq, hüquqlarının hərtərəfli müdafiəsinin təşkil edilməsinə imkan yaradır, jurnalistlərin fərdi söz, ifadə və yaradıcılıq azadlıqlarının keşiyində dayanır”, – deyə o bildirib.