Yoluxma sayı durmadan artır – kimdir günahkar?
Son günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatlara nəzər salsaq görərik ki, Azərbaycanda koronavirusa yoluxma sayı gündən-günə durmadan artmaqdadır. Bəs yaxşı mövcud vəziyyətlə bağlı günah kimdədir?
“İNFONEWS” olaraq hər zaman qaldırılan məsələlərə, onların araşdırılmasına maksimum obyektiv, xüsusi diqqət və həssaslıqla yanaşmağımızı bir daha vurğulamağımız verinə düşər.
Keçid alaq məsələyə:
“Yoluxan insanlar özünütəcrid etmədiyi üçün yoluxma sayı artır”
Bunu dünən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mediaya açıqlamasında bildirib. Deyək ki, yoluxan insanlar özünütəcrid etmədiyi üçün yoluxma artır. Belə olduğu halda gəlin məsələyə daha dərindən baxaraq təhlil edək.
Əvvəla, bütün ölkə ictimaiyyətinə məlumdur ki, son bir həftədən çox müddətdə TTSTY-a və ya sahə poliklinikalarına yaxma testi üçün müraciət edən şəxslərin testlərinin nəticəsi ən tez 3 günə məlum olur. Bu da əgər vətəndaş şanslı olub, bu testi verə bilsə. Bəli, düzünü desək, sahə poliklinikalarında vəziyyət daha ürəkaçandır. Belə ki, səhhətində xəstəlik simptomları müşahidə edən hər bir şəxs öz sahə həkiminə müraciət edərək, bu testi asanlıqla 1, yaxud 2 gün ərzində verə bilir. Təcili Təxirəsalınmaz Tibbi Yardıma müraciət edildikdə isə bu vəziyyət dəyişir. Məsələn, bədən hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəlikləri və 60-dan yuxarı yaşı olan vətəndaşlardan belə “Təcili Yardım”ın həkimləri müvafiq yaxmanın götürülməsindən imtina edir və 814 qaynar xəttinə və ya sahə poliklinikasına müraciət etməyi söyləyirlər. Hərçənd, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bir müddət əvvəl təcili tibbi yardım xidməti tərəfindən hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialının götürdüyünü deyirdi. Amma çox təəssüf ki. vəziyyət artıq dəyişib.
Redaksiyamıza müraciət edən çoxsaylı vətəndaşlar bildirirlər ki, son 1-2 həftə ərzində 38 dərəcədən yüksək hərarəti olan, ümumi halsızlıq, sümük ağrıları, baş ağrısı və s. koronavirus şübhəsi yaradan simptomlarla 103 qaynar xəttinə müraciət edərək, həkim briqadası çağırsalar da, ya həkimlər gəlməkdən imtina edir ki, biz test götürmürük, ya da yaxınlaşıb ilkin tibbi yardım göstərsələr də, bizə icazə verilmir səbəbi ilə yaxma materialı götürməkdən imtina edirlər.
Əslində böyük məmnuniyyətlə istərdik ki, ölkə ictimaiyyəti adından gücləndirilmiş iş rejimində işləyən “Təcili Yardım” (TTSTYS) rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərimizi çatdıraq. Bu çətin günlərdə hər zaman xalqımızın yanındadırlar. Necə deyərlər, “İgidi öldür, amma haqqını yemə”.
Amma…
Məsələyə başqa bir prizmadan baxsaq… Biz də xidmət sahəsi üzvləri olaraq, sözügedən qurumun üstünə düşən yükün öhdəsindən nə qədər çətinliklə də olsa, yetərincə professional şəkildə gəldiklərini görürük və anlayırıq. Sözügedən qurumun istər rəhbərliyi, istərsə də əməkdaşları hər zaman biz media nümayəndələrinə böyük hörmətlə yanaşır. Lakin istənilən halda məsələyə hərtərəfli yanaşmaq və vətəndaşın problemini işıqlandırmaq bizim vəzifə borcumuzdur.
Bir məqamı unutmaq olmaz, həm poliklinikada göstərilən xidmətlərin, həm də TTSTYS tərəfindən göstərilən xidmətlərin dəyəri dövət büdcəsi tərəfindən ödənilir. “Təcili Yardım”ın simptomlu xəstələrə ilkin yardım göstərdikdən sonra yaxma materialı götürməkdən imtina etməsi və vətəndaşın poliklinikaya yönləndirməsi testin nəticəsinin gec müəyyən olmasına səbəb olur, yoluxmanın sayının artmasına təsir göstərir, eləcə də dövlət büdcəsindən bir işə görə iki dəfə ödəniş edilməsinə gətirib çıxarır. Yəni qısası, həm dövlət büdcəsi ziyan görür, həm yoluxma kəskin artır, və ən əsası, xəstənin vəziyyəti ağırlaşır.
Bir sözlə, aidiyyatı qurumlar vəzifə öhdəlikilərini bir-birinin üzərinə atmaq əvəzinə, bir olub, eyni hədəfə vursalar, birincisi, iş yüklərinin gərginliyi azalar, ikincisi, yoluxmanın sayı azalar və vətəndaş keyfiyyətli xidmət görər, sağlığına qovuşar, dövlət büdcəsinə ziyan dəyməz.
Mövzu ilə bağlı bütün aidiyyatı subyektlərin mövqeyini işıqlandırmağa hazırıq.
Məsələni diqqətdə saxlayacağıq.