Ədəbiyyatdan namələr: BƏŞƏRİYYƏT QADINLA YÜKSƏLƏCƏK!- Namə 9
“İNFONEWS” -un “Ədəbiyyatdan namələr” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Qədimaliyeva təqdim edir:
Doqquzuncu namə:
Qadın! Ey möhtərəm ənisi bəşər! Sənsiz öksüz qalırdı cinsi bəşər!
Ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadınının öz şöhrəti, şərəfli yeri var. Dinimizdən qaynaqlanan “Cənnət anaların ayaqları altındadır” ideyasının qəhrəmanlıq abidəmiz olan “Dədə Qorqud” kitabından “Ana haqqı Tanrı haqqıdır!” səsləşməsi, yaxud Oğuz igidini dünyaya gətirən, südü ilə böyüdən, yarasını “ana südü dağ çiçəyi” məlhəmi ilə sağaldan ana fədəkarlığı, Qanturalın “elə bir qız istəyirəm ki, mən ayağa qalxmamış o, qalxmış olsun, mən evdən çıxmamış o, çıxmış olsun, mən ov ovlamamış o, ovlamış olsun” deyiminə atası Qanlıqocadan “sən özünə arvad yox, qardaş axtarırsan” söyləməsi Azərbaycan – Türk qadınını ağıl və bacarığını təcəssüm etdirən, ona verilən yüksək qiymətdir. Biz bu fikirləri qürurla Koroğlunun sadiq Nigarı, Qaçaq Nəbinin silahdaşı qoçaq Həcərlə də davam etdirə bilərik, yaxud tarixi özündə yaşadan məğrur, əyilməz bir qızın şərəfinə Bakıda ucaldılan möhtəşəm Qız Qalası, vətənimizin füsunkar guşələrində Qırxqız bulağı, Gəlin qayası, Qızbənövşə yaylağı…
Hər şeirdə, hər misrada bir qadın taleyi var! Duymağı, sevməyi, sevilməyi bacaran, bəzən hissləri uğursuzluğa düçar olan, bəzən övladından, elindən-obasından, Vətənindən ayrı düşən qadınlar… için-için ağlayaraq, gülməyi bacaran, iztirab çəkərək ümidini itirməyən, arzularla yaşayan, düşünən, duyan qadınlar… Həyatlarını, duyğularını şeirin diliylə əbədiləşdirən, ömürlərini şeirə, nəğməyə, dastana vəsf edərək, bizə yadigar qoyub getmiş qadınlar… Ən əsası isə, Poladlar, Xudayarlar, Mübarizlər və saymaqla bitməyən igidl’r yetişdirən, özləri də tarixə Tomris, Nigar, Həcər, Sara Xatun, Tuti Bikə kimi adlarını həkk edən qəhrəman qadınlar…Məshəti Gəncəvi, Xurşudbanu Natəvan, Aşıq Pəri, Pərnaz, Ağabəyim ağa, Heyran xanım, Fatma xanım Kəminə, Mədinə Gülgün, Nigar Rəfibəyli və neçə-neçə adını çəkmədiyim şairə qadınlar…
Qadına münasibət, bu adın ucalığı, şərəfi ədəbiyyatımızda aparıcı istiqamətlərdən biridir. Qadına verilən yüksək dəyər, qiymət, ilk növbədə, ədiblərin öz anasına olan sevgisindən, ehtiramından irəli gəlirdi. Qadına, anaya ali münasibət, onların mənəvi dünyasına dərindən bələdlik, həssaslıqla anlamaq bacarığı, bu zümrənin çəkdiyi iztirabları, acılı-şirinli duyğuları hiss etmək və layiq olduğu qiyməti vermək hər kəsin qarşısında duran ən əsas vəzifələrdən biridir:
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir…(C.Cabbarlı)
Ədəbiyyatımızda bütün dövrlərində – Nizamidən başlayaraq müasir dövr ədəbiyyatımıza qədər qadına münasibət həmişə ucalığı ilə, yüksək dəyəri ilə seçilmişdir. Lakin orta əsrlərdən qaynaqlanan dünya ədəbiyyatında, xüsusən də xristian dini təliminə əsasən “müdrik qadın”, “bilici” (rus dilində «ведьма») anlayışına münasibətdə fərqliliklər görünür. Bu, minlərlə müdrik, təcrübəli qadınların məhvinə yol açan bir siyasi yanaşma idi ki, nəticədə insanlar arasında xüsusi rəğbət qazanan və onlar üzərində təsir gücü olan hər bir ağıllı, savadlı qadın işgəncəyə məruz qalır və diri-diri yandılırdı. Bu da qadınların cəmiyyətə roluna çox pis təsir edir, onların azadlığı əlindən alınır, hətta Alman dilində ərin nöqteyi-nəzərindən “ideal qadın”nı xarakterizə edən “kilsə, mətbəx, uşaqlar” deyimi real vəziyyətin əks etdirirdi. Cəmiyyətin yaratdığı qadın asılılığının acı nəticəsinə toxunan və çıxış yolunu göstərən Azərbaycanın görkəmli şairi S.Vurğun oz etirazını belə bildirirdi:
Silkinib çıxmasa qadın mətbəxdən,
Nə azad ana var, nə azad Vətən!
“Mənim tanrım gözəllikdir, sevgidir”, deyən dahi Azərbaycan şairi Hüseyn Cavidin elə bir əsəri yoxdur ki, orada qadınla bağlı bu və ya digər məsələyə toxunmasın, münasibət bildirməsin. Feodal-burjua cəmiyyətində yaşayan, bu cəmiyyətin qurbanları olan bədbəxt, sevincdən məhrum olan, dini fanatizmin, nadanlığın buxovları altında əzilən, pul ilə alınıb satılan, öz ərləri tərəfindən alçaldılan, məhv edilən qadınların acı aqibəti şairi daim düşündürmüş, bu ictimai haqsızlığa qarşı öz etirazını bildirmiş və barışmaz mövqeyini vurğulamışdır. Cavidə görə, qadının cəmiyyətdə rolu əvəzsizdir, böyük və şərəflidir, onun istismarı dözülməzdir:
Qadın, ey sevimli həmşirə oyan,
Ana, ey nazlı qadın, qalx yuxudan!
Sənin aləmdə vəzifən, hissən,
Nə böyük, həm nə ağırdır bilsən?!
Qadın! Ey sevgili şəfqətli mələk!
Bu qədər səbri-təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva?!
“Qadın gülərsə bu issiz mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək”, – deyən şair bütün yaradıcılığı boyu Azərbaycan qadınını yüksək əxlaqi dəyərlərini göstərməklə, təmiz sevgi, sədaqət, səmimi və harmonik ailə münasibətləri arzusunda olan, təvazökar, ağıllı, namuslu, cəmiyyətə və millətə xidmət edən ideal qadın kimi aşılayırdı. Doğrudan da, cəmiyyətin inkişafı, yüksəlişi məhz bu qadınların xidmətilə bağlıdır. Onu da unutmaq olmaz ki, hər güclü kişinin yanında ağıllı bir qadın dayanır! Daim güclü, məğrur Azərbaycan qadını, bayramınız mübarək!