10 mart Azərbaycanda Milli Teatr Günüdür

10 mart Azərbaycanda Milli Teatr Günüdür

“İNFONEWS” xəbər verir.

Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur.

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində teatrın təməli qoyulub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil ediblər.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu. Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir