Eluca Atalı: “Çanaqqala şahidi Qarabağımın talismanıdır!”
“İNFONEWS” xəbər verir.
Bu kurşun bəlkə də üç yüz min türk şəhidinin hansısa birinin vücudunu dəlib keçib. Bəlkə də hədəfə dəyməyib, içində daşıdığı mahiyyəti doğrultmayıb, amma torpağın köksünü dəlib, 100 il orda mürgüləyərək gizlənib. 99 il torpağı durmadan döyəcləyən yağmur 100-cü il onu gün işığına çıxarıb. Bəlkə də nə türk, nə ingilis, nə fransız, nə də anzak sümüyünü dəlib keçməyib, tüfəng lüləsindən çıxıb havada uçuşaraq yerə qonub…
Türk Dünyasının kutsal məkanı Çanaqqalada 2015-ci ilin nisan ayında düzənlənmiş “Çanaqqala-100” kitab fuarındakı imza günümdə oldum, fürsətdən bəhrələnib şəhidliyi 90 kilometrlik bütün cəhbə boyu qarış-qarış gəzdim. Yaşlı bir qadının suvenir satdığı masanın qarşısında durub, onun 3-5 lirəyə dəyərləndirdiyi hədiyyələri cibimdəki son lirələrin imkan verdiyi qədər xərcləyib aldım. Nədən belə etdiyimi sorsanız, o zaman cavabım bu olacaq: İsveçin “Aftonbladet” qəzetində oxumuşdum ki, Məkkə şəhərindəki qızıl dükanlarının sahibləri son zaman qızıl alverinin aşağı düşdüyündən şikayət edirlər. Səbəbinisə son dövrlər Həccə gələnlərin sayının yarım milyona qədər aşağı enməsilə göstərirlər. Ərəb kutsal diyarında altun satıb turistlərdən qazanc götürdüyü halda, türkün tək torpaq konusu yox, ləyaqət konusu olduğu bu kutsal diyarı Çanaqqalada teyzə əkmək parasını quruş-quruş qazanır.
– Bu da sənə hədiyyəm!
Masa altından balaca bir mis parçasını mənə uzadanda çaşdım.
– Bu nədir? -Sorduğumda.
– Çanaqqala zəfərinin şahidi! – cavabını aldım.
– Bəs, nədən mənə verirsiniz?
Sualım yersiz deyildi, çünki, o, məni beş nəfərin içindən seçmişdi. Çanaqqala Millət Vəkili, bir əkmək fabrikinin rəhbəri, Çanakkale 100. Yıl Kırkyama Anı 670 metrə qədər uzunluğunda yorganı 16 ölkənin qadını ilə birgə hazırlamış rəssam Sərpil Şahin və bir dərnək rəhbərinin yer aldığı bu dəstədə nədən zəfər şahidini vermək üçün məni seçsin ki?
– Sən yazarsan, zəfərdən yaz, qızım! Qoy, torunlarımız görsün ki, bu torpaq bədava alınmadı, qanla suvarıldı… Dədələrimiz şəhid oldu, babalarımız öksüz böyüdü. Çanaqqaladan Osmanlı diyarı Bursaya, ordan da İzmirə konfranslara gedərkən zəfər şahidi mənə yol yoldaşı oldu. Bursadan İzmirə getdiyimdə artıq yorğunluğum qalmamışdı, onu əl çantamdan çıxarıb ovcumda o yan-bu yana çevirərək, özümü tək hiss etmədim. Şekspirin qəhrəmanı Hamletin naməlum kəllə sümüyü ilə olan məşhur monoloqunu xatırladan bir söhbəti zəfər şahidi ilə etməyə başladım. 1914-1918-ci illər Birinci Dünya savaşı tarixini beynimdəki arxivdən vərəqləyib indiyə qədər səhv öyrədilmiş hər nə varsa, hamısını biryolluq atmağa qərar verirəm. 70 il Sovet dönəmində Azərbaycan türkünə Rusiyanın birinci dünya savaşındakı Anadolu cəbhəsindən torpaq və qənimət əldə etmədən çıxarkən bütün silah və sursatlarını Andronikə verib Naxçıvana yola salmalarını, onun da Naxçıvan daxil olmaqla, bütün Azərbaycan üzrə soyqırım törətdiyini bizə tam başqa yöndən, Andronikin Azərbaycanı türk işğalından qorumağa çalışdığı kimi sırımışdılar. Bu vasitə ilə də “biz türk deyilik” nidasını beynimizə həkk etdirmişdilər, indi də acı meyvəsini yediyimiz ziyanlı təbliğatın nəticəsidir. Paslı güllənin içində gəzdirdiyi sirrini oxumaqdan ötrü onu o üzünə, bu üzünə çevirməkdə davam edirəm, avtobusdakı sərnişinlərə məhəl qoymadan. Bu an qulağıma səs dəyir, başımı qaldırıram, xidmətçi çay istəyib-istəmədiyimi sorur, gözlərini əlimdən çəkməyərək. Zəfər şahidini ovcumda gizlədib, ona yox deyirəm. Zənn edirəm ki, xidmətçi çay pulu əvəzinə məndən gülləni istəyə bilər, çünki cibimdə param qalmamış… (Unutmuşam ki, çay bədavadır!) Ulu öndərimiz Atatürkün qəsbkar əsgərlərin analarına ünvanladığı mütərəqqi nitqi və bir anzak anasının ona cavabını da bu yerdə xatırlamaya bilmirəm: “Bu memleketin topraklarında kanlarını döken kahramanlar! Burada, dost bir vatanın toprağındasınız. Huzur ve sükun içinde uyuyunuz. Sizler, Mehmet74çiklerle yan-yana, koyun-koyunasınız. Uzak diyarlardan evlatlarını harbe gönderen anneler! Gözyaşlarınızı dindiriniz. Evlatlarınız bizim bağrımızdadır. Huzur içindedirler ve rahat uyuyacaklardır. Onlar bu topraklarda canlarını verdikten sonra, artık bizim evlatlarımız olmuşlardır”. İzmirdən İstanbula uçduğum zaman gömrükdə yol çantalarımın bilgisayar vasitəsi ilə dönə-dönə yoxlanılıb, açılmasını rica edəndə: Nədən? – sorduğumda, cavan gömrük xidmətçisi: “Siz silah daşıyırsınız!” – dedi. ” Ola bilməz!” – dedim, lakin, o, “Belə görünür!” – deyib, çantamı açmaqda israr etdi. Zəfər şahidini əlinə alıb havaya qaldırdı. Burdan sorğu-sual başlandı: Bu nədir? Səndə hardandır? və s. bu kimi suallar üstümə yağdı və baş gömrük xidmətçisinə qədər əlindəki xüsusi aparatla bilgi verib çağırdı.
Gerçəkdən olayı dramatikləşdirmirəm, onlar artıq yeddi nəfərə çatdılar, lakin mən tək, çünki zəfər çahidi də onlar tərəfə keçirilmişdi.
– Apara bilməzsən! – Qərarını eşitmək, sizcə, çox asanmıdır?
– Lütfən, yapma! – Yalvarışını gömrük xidmətçisinin əlində sıxdığı zəfər şahidinin üstündəki torpağı ovxalayanda dedim.
Yadıma Amerikan yazarı Ayzek Ezimovun bir hekayəsi düşdü. Qonaq bir səhər oyanarkən görür ki, ev sahibi onun ayaqqabılarının altını silib təmizləyir. O, ev sahibinin alicənab davranışından utanıb, zəhmət çəkməməsi üçün rica edir. Cavabında ev sahibi, bu bizim adətimizdir, qonağa torpağımızı daşıyıb aparmasına izin vermirik, ayaqqabısında olsa belə, – deyir.
Əcəba, bu gənc gömrük xidmətçisi o adətləmi mənlə davranır?
Çünki yalan-doğru, deyilənə görə, A. Ezimovun da kökü türkə dirənir. Nəhayət, rəis kimliyimi aldı, bir böyük kağızı yazıb doldurandan sonra mənə imza atdırıb, zəfər şahidini neylon torbaya qoyub yol çantamda yerləşdirərək: “İyi yolçuluklar!” – dilədi. Amma uçaqdan enənə qədər həyəcanım bitmədi, çünki İzmirdə uçaq səmaya qalxana qədər yerdə bir səfər çantası vardı. Kiminki olduğunu bilmirəm, amma şübhə içimi didirdi ki, mənimki də yüklərin arasında olmaya bilər. İsveçə döndüyümdə səfər qabağı yarımçıq qoyduğum Qarabağdan bəhs edən “Savaşda qalib yoxdur” romanımı yazıb davam etdirməyə başladım. Zəfər şahidini bilgisayarın ekranına dirəyib, onu gözümdən kənara qoymurdum. Hamlet sayağı monoloqum davam edirdi, ona dedim ki: “Mənlik olsa, səni tarix muzeyinə vermərəm, səni işlək vəziyyətə gətirib, Qarabağa gedən əsgərin sol cibinə qoyaram”. Bunu mənə dedizdirən ingilis jurnalisti Tomas de Vaalın “Xocalını törətmək ermənilər üçün vacib idimi?” sualına Xocalı soyqırımının müəllifi, cəllad Serj Sarkisyanın “Biz Xocalıda Anadolunun heyfini aldıq” cavabı idi. Bəli, Qarabağ Çanaqqalanın davamıdır. Biz Qarabağda dünya ilə savaşdıq, tək erməni ilə yox. Xanlar-Tərtər cəhbəsi boyu savaşmış döyüşçü Elli Atayurd xatirələrində deyir: “Savaşa gedərkən Yevlax dəmir yolu vağzalında iki-üç gün gecələməli olduq. Yaxınlıqdakı kəndlərdən qız-gəlinlər yemək bişirib bizə gətirirdilər, aralarından bir gəlin sinəsində gizlətdiyigülləni çıxarıb mənə verərkən, ərinin qısasını almağımı tapşırdı. İnanca görə, döyüşə gedən əsgərə gənc qadın güllə verərsə, o güllə talisman kimi əsgəri bütün cəbhə boyu qoruyar…
Çanaqqala şahidi Qarabağımın talismanıdır!