Rusiyanın Ukraynadakı Perspektivləri- Təhlil
Mətbuatın yazdığına görə Belarus qoşunları Qomel vilayətinin Dublin kəndi yaxınlığında cəmləşdirilib. Məlumat həqiqətdirsə, deməli, artıq Belarus da Rusiya kimi Ukraynada qardaş qanı tökməyə hazırlaşır. Belə olan halda, sual yaranır: nədən böyük hərbi gücə malik Rusiyanın Belarus hərbisinə də ehtiyacı yaranıb?
Rus qoşunlarının Ukraynada irəliləməsi üçün onlara canlı qüvvə lazımdır. Ancaq görünən odur ki, Rusiyanın belə bir qüvvəsi yoxdur. Rusiya öz ərazisində səfərbərlik elan etməyib, həmçinin konflikti müharibə deyil, hərbi əməliyyat adlandırması belə bir səfərbərliyin olmayacağına və KTMT-dən yardım almayacağına bir işarədir. Digər bir tərəfdən isə əsgər sayına görə Ukrayna qarşısında az olan ruslara təcili əsgər lazımdır. Dünya mediası, xüsusilə də qərb mediası çıxış yolu kimi Belarusun müharibəyə qoşulacağını iddia edir. Başda Aleksey Arestoviç olmaqla bir çox ukraynalı dövlət xadimləri və media nümayəndələri isə bunun inandırıcı olmadığını iddia edirlər. 2019-cu ildə müharibənin qaçılmaz olduğunu deyən və hətta baş verəcək müharibəni ən incə detalları ilə izah edən Arestoviç çox sadə bir məntiqə əsaslanaraq bunun baş verməyəcəyini bildirir. Onun iddiasına görə, belarus ordusunun 60%-dən çoxu bunu istəmir və belə bir ordunu Ukraynaya göndərmək fəlakətlə nəticələnə bilər. Bu ordu döyüşə girmədən Ukrayna qüvvələrinə təslim ola bilər ki, bu da Lukoşenko üçün çox böyük bir fəlakət ola bilər.
Digər bir tərəfdən isə Ukrayna-Rusiya arasındakı müharibədə rusların irrasional davranışları ən ağılagəlməz şeylərin də mümkün ola biləcəyini göstərir. Dolayısı ilə deyə bilərik ki, Belarusun bu müharibəyə qatılması istisna deyil. İrrasional davranışlarına görə Ukrayna ordusu qarşısında mat vəziyyətə düşmüş Rusiyaya vəziyyətdən çıxmaq üçün təcili canlı qüvvə lazımdır. Əslində, əhalisi Ukraynadan 3 dəfə çox olan Rusiyanın canlı qüvvə problemi olmamalıdır. Ancaq konflikti inadkarlıqla müharibə deyil, hərbi əməliyyat adlandıran Rusiya güman ki, səfərbərlik elan etməyəcək. Həmçinin KTMT-dən açıq-açığına canlı qüvvə istəməyəcəyi aydındır.
Bəs çıxış yolu nədir? Güman ki, Rusiya gizlin səfərbərlik edəcək. Həmçinin başda Belarus olmaqla digər KTMT dövlətlərindən əsgər yığacaq. Bu əsgərlərə rus pasportu veriləcək və onlar döyüşdə öz dövlətlərinin deyil, Rusiyanın bayrağı altında döyüşəcəklər. Beləcə həm KTMT dövlətlərin qərbin sanksiyalarından uzaq duracaqlar, həm də Rusiyanın imici təmiz qalacaq. Ruslar belə bir taktikanı 2-ci Dünya Müharibəsində Polşada istifadə ediblər. Polşa uniformalarını geyinmiş XI Qızıl Ordu əsgəri almanlara qarşı vuruşub.
Lakin burada bir məsələ var. Rezervlərlə birlikdə Ukraynanın təxminən 400-500 min əsgəri olduğu güman edilir. Rusiya isə Ukraynaya 200 min əsgərlə girib. Qələbə üçün Rusiyaya 600 min əsgər lazımdır. Rusiyanı çıxmaq şərti ilə bütün KTMT ölkələrində aktiv əsgər saylarını topladıqda 115 mini keçmir. Belarusun 45, Qazaxıstanın 45, Qırğızıstanın 12, Tacikistanın isə 10 min əsgəri var. Yəni KTMT-nin əlində o qədər əsgər yoxdur.
Bəs çıxış yolu?!
Birinci Dünya müharibəsində bənzər vəziyyətə düşmüş alman ordusu kimyəvi silahlardan istifadə etmişdi. İran ordusu qarşısında çətinliyə düşən Səddam Hüseyn də analoji addımı atmışdı. Son vaxtlar Rusiyanın Ukraynadakı laboratoriyalardan danışması insanın ağlına birinci bu fikri gətirir. Ümid edək ki, Rusiya sadə məğlubiyyəti qəbul edəcək, kütləvi qırğın silahlarına əl atmayacaq.
Fariz Faiqoğlu