Azərbaycan Diasporunun tanınmış siması, araşdırmaçı alim vəfat etdi
“İNFONEWS” xəbər verir.
Azərbaycan Diasporuna ağır itki üz verib.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Azərbaycan Diasporunun tanınmış simalarından biri, eyni zamanda Azərbaycan elmini Almaniyada və Avropada yüksək səviyyədə təmsil edən, Rostok Universitetinin dosenti, şöbə müdiri, texnika elmləri namizədi Cavid Səfərov bu gün qəfldən ürək tutmasından ömrünün 56-cı ilində dünyasını dəyişib.
Qeyd edək ki, C.Səfərov 2005-ci ildə Azərbaycan Texniki Universitetinin “İstilik və Soyuqluq Texnikası” kafedrasının dosenti olub. 2005-2006-cı illərdə Almaniyanın Erlangen-Nürnberq Universitetində elmi işçi kimi çalışıb. Beynəlxalq indeksli jurnallarda elmi yenilikləri olan məqalələrlə çıxış edib.
2011-ci ildən Rostok Universitetinin Texniki Termodinamika kafedrasının daimi elmi işisi və Mayelərin istilik-fiziki xassələri elmi laboratoriyasının rəhbəri olub.
C.Səfərov IAPWS-ın (Beynəlxalq Su və Su Buxarı Cəmiyyəti) Almaniya bölməsinin üzvü olub, eyni zamanda Almaniyanın DAAD (2002 və 2006), Aleksandr fon Humboldt (2003-2004, 2007-cü illər) və Yaponiyanın JSPS (2004-cü il) elmi təqaüdlərinə layiq görülüb.
“İNFONEWS” komandası olaraq, vətənsevərliyi, gördüyü işlərlə hər zaman Azərbaycanın, xalqımızın adını ucaldan hörmətli alim soydaşımıza dərin hüznlə başsağlığı verir, doğmalaına səbr diləyirik.