“Kimsəsizlər məzarlığı”nda “gorbagor olub, qoru çatlayan”lar
“İNFONEWS” təqdim edir.
Bu gün “gorbagor” sözünü bilməyən yoxdur. Çünki balacadan böyüyə, biləndən bilməyənə kimi bu sözü İkinci Qarabağ Müharibəsi dövründə dəfələrlə ekranlardan eşitmişik. Erməni qəsbkarlarına, saxtakarlığına qarşı deyilən ən yumşaq sözlərdən biri kimi qəbul edilsə də, “gorbagor” kəlməsinin daha ciddi məna daşıması bəllidir.
Milli-mənəvi dəyərlərimizin İslam təfəkkürünə dayanaraq, bu gün də öz aktuallalığını saxlamaqdadır. Digər dini mənbələrə istinadən deyə bilərik ki, insan öldükdən sonra onun digərləri üzərində olan hüququ – cəsədinin toxunulmazlığıdır. İslam hüququnda belə qeyd edilib: “Müsəlmanların məzarının açılması (uşaq, ruhi xəstə olsa belə), istisna olunmuş hallardan (cəsəd çürüyüb aradan getmişsə və ya hər hansı bir şəri-hüquqi əhəmiyyətdən ötrü) başqa qadağandır”.
Müasir dillə desək, məzarın açılması “ekshumasiya” adlanır. Ekshumasiya işinin şəri-hüquqi və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi (CPM) ilə tənzimlənən tərəfləri vardır ki, bu gün Azərbaycan Respublikasının Ədliyyə sistemi İslami qanunlarla idarə olunmasa da, daim xalqın adət və ənənəsinə, əsrlər boyu etiqad etdiyi əqidəsinə hörmətlə yanaşılır. Bir sözlə, həm hüquqi, həm də islami nöqteyi-nəzərindən məlum, yaxud da naməlum ölmüş insanı hər bir halda qaydalara uyğun, yetərincə “hörmətlə” dəfn etmək lazımdır.
Təəssüf ki, bu fikirləri son 2 gündə araşdırma apardığımız Bakının Suraxanı rayonu ərazisinin “Dədə Qorqud” massivində yerləşən, “Kimsəsizlər məzarlığı” adlandırılan qəbirstanlığa aid etmək olmur. Çəkiliş zamanı qəbiristanlıq boyu səpələnmiş halda insan oynağı, əli, fəqərəsi, qabırğası, onurğası, çənə və digər sümüklərinə rast gəlmək olur. Baxımsızlıq, səhmansızlıq, sökülüb-dağıdılmış məzarlar, həm də nömrələnmiş məzarların görüntüləri olduqca ürəkağrıdıcıdır.
Xatırladaq ki, dünən aidiyyatı qurumlara məlumat verdik, hətta əraziyə birgə baxış keçirdik. Bu işə cavabdeh qurumlar tərəfindən tezliklə zəruri işlərin görüləcəyi sözü verilsə də, hələ də həmin ərazidə heç bir bərpa-təmir işlərinin aparılmaması təəssüf doğurur.
Unutmayaq ki, biz də insanıq, heç kim sabahkı gününə qarant deyil. Aidiyyatı orqanlar bu kimi, olduqca həssas mövzularda vicdanla çalışmalı və özünə xüsusi tələbkarlıqla hesabat verməlidirlər.
“Gorbagor olmaq”, “Göru çatlamaq” kimi deyimləri heç kimə arzulamırıq.
Hazırladı:
Arzu Məmmədqızı
Fariz Faiqoğlu