“ÖZÜNDƏN SORUŞDUQ” -da “Düşərgədə faşistlərin əyləncəsi…”
“İNFONEWS” -un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Moskvada yaşayan, uzun illər hakim və hazırda vəkil kimi fəaliyyət göstərən soydaşımız Azər Rəfiyevdir.
“İNFONEWS”: – Azər bəy, Rəfiyevlər ailəsinin üzvü olmaq, Rəfiyevlər soyadını daşımaq necə bir hissdir?
Azər Rəfiyev: – Məncə, həyata gözümü açandan müharibə haqqında hər şeyi bilirdim. Həmyaşıdlarımdan fərqim müharibənin təkcə qələbə, qəhrəmanlıq deyil, onun qorxunc tərəfləri, fəsadları, itkiləri barədə məlumatımın çox olması idi.
Əlbəttə, atam, “İgidliyə görə”, “II dərəcəli Vətən Müharibəsi” ordenləri ilə təltif edilmiş Cəlil Rəcəbəli oğlu Rəfiyev və əmim, “Lenin”, “Qırmızı Bayraq”, “Qırmızı ulduz” ordenləri, çoxsaylı medalların sahibi, Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev haqqında danışmaq çox qürurvericidir.
Əmimin müharibədə göstərdiyi rəşadətinə görə, Minskdə, Bakıda, Ordubadda onun adını daşıyan küçələrin, Azərbaycanın bəzi şəhərində büstlərinin, bir çox muzeylərdə onun qəhrəmanlığını tərənnüm etdirən yazılı və elektron materialların olması olduqca şərəflidir.
Atam haqqında qısaca deyim ki, hərbi həkim olub, Ukraynada döyüşlərdə iştirak edib, müharibənin qızğın dövründə başından ağır yaralanıb, lakin sağ qalaraq, faşistlərə əsir düşüb. Atam dəfələrlə əsir düşərgəsindən qaçmağa cəhd etsə də, dəfələrlə tutulsa da, işgəncələrə məruz qalsa da, nəhayət, oradan qaçıb, yerli italyan partizan müqavimət dəstələrinə qoşula bilib. Daha sonra partizan döyüşlərində, təxribat əməliyyatlarında geniş fəaliyyət göstərib. Partizanlar ona “Vittorio” — “qalib” adı veriblər. Almanlar onun başına çoxlu pul mükafatı qoyubmuş.
İtaliya mətbuatında partizan Cəlil Rəfiyev haqqında məqalə
“İNFONEWS”: – Azər bəy, atanız faşist əsir düşərgələri haqqında xatirələrini danışırdı?
Azər Rəfiyev: – Atamın danışdıqlarına görə, əsir düşərgəsində faşist nəzarətçilərinin ən sevdikləri əyləncə, dustaqları bir neçə gün ac saxlayaraq, qarşıdakı əraziyə soyulmuş kartof qabıqları töküb, daha sonra aclığa dözməyib yaxın gələnləri pulemyotla güllələmək idi. Bəzən isə həyatından, işgəncələrdən bezənlər bilərəkdən özlərini güllə qabağına atırdılar.
“İNFONEWS”: – Müharibədən sonra atanız həkim kimi fəaliyyət göstərdi?
Azər Rəfiyev: – Atam müharibə başa çatdıqdan sonra Azərbaycana qayıdıb, təhsilini Bakı Dövlət Universitetin Jurnalistika fakültəsində davam edib. Bir çox məqalələrin, 23 kitabın müəllifi, “Qızıl qələm” mükafatının laureatı olub. O, “Bakı şəhəri Partizanlar İttifaqı” sədri kimi də fəaliyyət göstərib.
“İNFONEWS”: – Nəcəfqulu Rəfiyevin qəhrəmanlığı, döyüşdə göstərdiyi şücaəti bu gün də dillərdə gəzir.
Azər Rəfiyev: – Əmim, Nəcəfqulu Rəfiyev müharibənin lap ilk günlərindən ön cəbhədə tankçı olaraq döyüşüb. Dəfələrlə yaralansa, hətta 3 dəfə ciddi xəsarət alsa da, cəbhəni tərk etməmiş, bir az sağalan, ayağa qalxan kimi döyüşlərə qayıdıb. Atamın bir xatirəsini danışmaq istərdim. Müharibənin şiddətli gedişatı dövründə atamın işlədiyi xəstəxanaya bir nəfər yaralı əsgər gətirilir. Əsgərin soyadının Rəfiyev olmasını eşidən atam çox həyəcanlanır. Beləliklə, həmin yaralı əsgərin – qardaşı Nəcəfqulunun əməliyyatını, müalicəsini özü etmiş olur. Əmim qələbədən sonra Naxçıvan Muxtar Respublikası Culfa rayonunun hərbi komissarı olub. 24 dekabr 1970-ci ildə vəfat edib, Bakı şəhərində “Fəxri Xiyaban”da dəfn edilib.
Sovet İttifaqı Qəhrımanı Nəcəfqulu Rəfiyevin mükafatlandırılması sənədləri
“İNFONEWS” komandası olaraq, Azərbaycanın qəhrəmanlıq, şücaət, qürur mənbəyi Rəfiyevlər ailəsinin Cəlil və Nəcəfqulu qardaşlarına Allahdan rəhmət diləyir, Azər bəyə dərin təşəkkürümüzü bildirir, ona can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq. Düşünürük ki, bu söhbətimizin mütləq davamı olmalıdır.