ÖZÜNDƏN SORUŞDUQ” -da “Müsabiqə öz nağıllarımı yazmağa ruhlandırdı”
“İNFONEWS” -un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Nigar Vüqar qızı Əliyevadır. Nigar Bakı şəhəri, Xəzər rayonu İ.Tağıyev adına tam orta məktəbin üçüncü sinif şagirdidir.
“İNFONEWS”: – Nigar, “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin qaliblərindən birisən. Bu münasibətlə səni təbrik edirik.
Nigar Əliyeva: – Təşəkkür edirəm.
“İNFONEWS”: – Nigar, bu müsabiqəyə necə qatıldın?
Nigar Əliyeva: – Sinif rəhbərimiz Günay Səfərova bu layihə haqqında məlumat verdi və mənim də müsabiqəyə qatılmağımı təklif elədi. Günay müəllimə bütün müsabiqə boyu mənə dəstək oldu. Mənim qalib olacağıma inanırdı.
“İNFONEWS”: – Nigar, səncə, Günay müəllimə niyə sənin müsabiqədə iştirakını dəstəkləyib?
Nigar Əliyeva: – Mən dərsdən əlavə kitablar oxumağı çox sevirəm. Boş vaxtlarımda bədii ədəbiyyat mütaliə etməyə çox üstünlük verirəm. Hətta özüm də nağıllar yazıram. Və bunları Günay müəllimə bilir.
“İNFONEWS”: – Bu qədər məktəblilər içərisində səni “Təşəkkürnamə” ilə təltif etdikdə nə hisslər keçirtdin?
Nigar Əliyeva: – Əlbəttə, çox sevindim. Amma anam məndən də çox sevindi. Çünki anam mənim qalibiyyətimi hamıdan çox gözləyirdi, məndən çox həyəcanlanırdı.
“İNFONEWS”: – Nigar, artıq mükafatın var. Bundan sonra nə etməyi düşünürsən?
Nigar Əliyeva: – Müsabiqə zamanı qoyulan şərtləri düzgün, vaxtında yerinə yetirmək, həm də dərslərimi çatdırmaq arada çətin və yorucu olurdu. İndi isə düşünürəm ki, əziyyətimə dəyərdi. Bu müsabiqə mənim öz nağıllarımı yazmağa ruhlandırdı. Ailəm ilk oxucularımdır. “Bəlkə nağıllarını çap etdirək” – deyə, anamın təklifi bu gün ən böyük arzuma çevrilib.
“İNFONEWS” komandası olaraq, bu günün qalibi, bəlkə də gələcəyin ən məşhur yazarı olacaq Nigara həm təhsilində, həm də yaradıcılıq işlərində uğurlar diləyirik.
Qeyd edək ki, bu ilin əvvəlində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinə start verilib. Müsabiqənin nəticəsinə əsasən, 5 nəfər I, 5 nəfər II, 5 nəfər III yer olmaqla, ümumilikdə, 15 şagirdə qalib adının verilməsi, xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə Tərifnamə, fəal iştiraka görə 25 şagirdə isə Təşəkkürnamə təqdim olunacağı nəzərdə tutulmuşdu.