Gənc riyaziyyatçılarımız beynəlxalq olimpiadanın qalibi olublar
“İNFONEWS” xəbər verir ki, iyunun 23-30-u 26-cı Balkan Gənclər Riyaziyyat Olimpiadası “JBMO – 2022” (Junior Balkan Mathematical Olympiad) baş tutub. 15 yaşlı gənclər arasında keçirilən Balkan Gənclər Riyaziyyat Olimpiadası “JBMO -2022” bu dəfə də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilib.
Sarayevo Riyaziyyat Cəmiyyəti və Cənub-Şərqi Avropa Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə 26-cı Balkan Gənclər Riyaziyyat Olimpiadasının “JBMO – 2022” yekunları ölkəmiz üçün olduqca uğurlu olub. Belə ki, gənc riyaziyyatçılarımız Saleh Məmmədli, Səid Bakirov gümüş, Telman Məmmədov, İbrahim Kərimli və Mirhəbib Əsgərov bürünc medala layiq görülüblər.
Qeyd edək ki, bu olimpiada hər il keşirilir. JBMO -ya təşkilatçılıq edən ölkələr: Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Yunanıstan, keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Moldova Respublikası, Çernoqoriya, Rumıniya, Serbiya və Türkiyədir. Müxtəlif ölkələrin gənclərdən ibarət komandaları da bu beynəlxalq olimpiadaya qatıla bilirlər. Adətən, qonaq dövlətlər sırasında Azərbaycan, Qazaxıstan, Tacikistan, İndoneziya olur.
Qalibləri təbrik edir, davamlı uğurlar arzulayırıq.