Sosial Tədqiqatlar Mərkəzi yeni kitabın təqdimatını keçirdi

Sosial Tədqiqatlar Mərkəzi yeni kitabın təqdimatını keçirdi

İyulun 4-də “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilib.

“İNFONEWS”– un əldə etdiyi məlumata görə, Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən ərsəyə gətirilən kitabda tarixi və geosiyasi vəziyyətə, Cənubi Qafqazın erməniləşdirilməsi və ermənilərin tarixi torpaqlarımızda maddi-mədəni irsi işğal siyasətinə, 1988-1989-cu il deportasiyasına yer verilib.

Təqdimat mərasimində çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Vətən müharibəsində Qələbə təkcə gələcəyimizə deyil, həm də keçmişimizə, çox minillik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər yaradır. “Erməni düşməni və işğal” terminlərini tarixə qovuşduran, bununla da yeni siyasi və milli kimlik qazanan xalqımız indi İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları inşa edir, çoxəsrlik qan yaddaşını qaytarır və mədəni-mənəvi intibahının yeni mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin “İrəvana qayıdacağıq, lakin dinc yolla” çağırışı hər hansı sülh razılaşmalarını gerçəkləşdirmək üçün taktiki təzyiq planından çox, uzağa gedən strateji dövlət kursudur. Ona görə də ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərə yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi institusional bir əsəri Azərbaycan ictimaiyyətinə təqdim edir. Kitab yalnız dövlət rəsmiləri və diplomatik-siyasi heyət üçün deyil, daha çox xalqımıza onun taleyi ilə eyni aqibəti yaşayan, yüz illərlə dağıdılmaya məruz qalsa da yazılı mənbələrdə, bir-birini əvəzləyən nəsillərin yaddaşında diri və canlı qalan maddi-mədəni irs nümunələrini bir araya gətirməklə ümumxalq ensiklopediyası yaratmağa çalışır. Mühüm milli və mənəvi ideyalara söykənən tədqiqatın nəticəsi olan “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı təkcə hazırki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsi və yer üzündən silinməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların pasportu, ruhi və fiziki kimliyi, milli tariximizin “hard-diski” şəklində yenidən bərpa edir.

Məlumat verilib ki, kitabda 244 abidənin tarixi hərtərəfli araşdırılır və düzgün elmi təsnifata uyğun onların reyestri verilir. Əsərdə 49 pir, ocaq və ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar ilk dəfə aşkarlanaraq mövcud siyahıya əlavə edilib. Yüzlərlə xarici və mötəbər ədəbiyyat sənədlərinə, etibarlı, nüfuzlu mərkəzlər tərəfindən qəbul olunan müəlliflərə istinad olunub.

“Prezidentin “Böyük Qayıdış planı” bütün torpaqlarda maddi-mədəni irsimizi təzədən yaratmağı, bizi Kürəkçay, Gülüstan, Türkmənçay və Qars müqavilələrindən əvvəlki torpaqlara qaytarmağı hədəf alır. Bu, əlbəttə, silahlı və hərbi işğalları deyil, məhz silahsız müharibələri, sülh savaşlarını nəzərdə tutur. Şübhə yoxdur ki, bu mübarizə fərqli ordunun-elmi, intellektual və ideya komandolarının, siyasi xüsusi təyinatlıların yaradılmasını tələb edir. Deməli, Böyük Qayıdış təkcə Qarabağa deyil, bütün tarixi torpaqlara gedən yolun başlanğıcıdır. Planın Birinci və İkinci mərhələsi babalarımızın, əcdadlarımızın mirası olan yerlərə dönüşü təmin etməklə bir milləti bütövlüyünə və əsli-kökünə qovuşduracaq”, – deyə Zahid Oruc qeyd edib.

Qonşu ölkələrdəki arxiv sənədlərimizin araşdırılmasına başlanıldığını deyən mədəniyyət naziri Anar Kərimov Mədəniyyət Nazirliyi olaraq hazırda bu məsələnin üzərində iş getdiyini bildirib. Nazir qeyd edib ki, bu layihə çərçivəsində qonşu dövlətlərdəki olan arxiv sənədlərinin araşdırılması, əzəli torpaqlarımız olan İrəvanda və Zəngəzurda Azərbaycana aid tarix-mədəniyyət abidələri haqqında tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliği nəzərdə tutulub.

A.Kərimov bərpa-quruculuq işlərinin digər tarixi torpaqlarımızda davam etdiriləcəyinə inamını ifadə edərək deyib: “Artıq zaman dəyişib. Ermənistan Respublikasının 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib. İndi həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər tarixi-mədəni abidələrimiz də bərpa olunaraq əvvəlki simasına qaytarılır. Əminik ki, bu işlər Prezident İlham Əliyevin söylədiyi kimi, bizim tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda da baş verəcək”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli tariximizin indiki mərhələsində əzəli torpaqlarımızda – Ermənistan Respublikasının indiki ərazisində ermənilər tərəfindən dağıdılmış, mənimsənilmiş Azərbaycan abidələrinə, tarixi-mədəni irsimizə həsr olunmuş bu tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tarixi irsimizin qorunmasına və təbliğinə daim xüsusi diqqət yetirdiklərini vurğulayan Əli Hüseynli bildirib: “Uzun illər ərzində həm postsovet məkanında, həm də dünyada Azərbaycan-Ermənistan konfliktinin Qarabağ münaqişəsi kimi çatdırılmasına cəhd olunub. Əslində isə hadisələrin başlanmasının əsas səbəbi Moskvada Ulu Öndərin ədalətsiz şəkildə hakimiyyətdən kənarlaşdırılması və bundan sonra azərbaycanlıların Ermənistandan deportasiya olunmasıdır. Təəssüf ki, o dövrdəki səriştəsiz şəxslər bunun qarşısının alınması istiqamətində addım atmadılar. Hətta bu hadisələri işıqlandırmağa belə cəhd etmədilər. Buna görə də azərbaycanlıların deportasiyası mövzusu qapalı qaldı. Bundan istifadə edən ermənilər sonra isə Qarabağ mövzusunu önə çəkə bildilər”.

Bu kitabın mühüm məsələləri əks etdirdiyini, Azərbaycanın qədim torpaqlarının Ermənistan tərəfindən mənimsənilməsinin qarşısının alınması istiqamətində uğurlu nəticələr verə biləcəyini deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı nəşrin xarici dillərdə də tərcümə ediləcəyini vurğulayıb.

“Biz 44 günlük Vətən müharibəsində qalib gəlmişik. Ermənilər tarixi-dini abidələrimizi saxtalaşdırıblar. Nəinki, İslam dininə aid, hətta Qafqaz Albaniyasına aid abidələri də məhv edib, mənimsəyiblər. Biz həmin tarixi-dini abidələrin varisiyik. Bu gün ermənilər Qafqazda olan abidələrin onların olması barədə saxta yazılar nəşr etdirirlər. Tarixi sənədlərə nəzər salsaq görərik ki, orada erməni adlarına rast gəlinmir. Amma, ermənilər Azərbaycana məxsus ərazilərin adlarını dəyişiblər. Bu da erməni saxtakarlığın bariz nümunəsidir. Tarixi adların geri qaytarılması çox vacib əhəmiyyətə malikdir”, – deyə M.Qurbanlı əlavə edib.

Türkmənçay və Ədirnə müqavilələrindən sonra Azərbaycan torpaqlarına yüz minlərlə ermənilərin köçürülməsi prosesi başlandığını deyən Milli Məclisin deputatı, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli əlavə edib ki, 1988-1989-cu illərdəki deportasiya siyasəti SSRİ dağıldıqdan sonra, indiki Ermənistanda daha qəddar şəkildə, vəhşicəsinə davam etdirilib. Ermənistan qanunverici orqanının qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirilib, tarixi, maddi-mədəni irs tamamilə silinib və erməniləşdirilib. Bu, Ermənistanda vandalizmin, yerli xalq olan azərbaycanlıların irsinə vəhşi münasibətin göstəricilərindən biri olsa da, mədəni dünya bu vəhşiliyə daim göz yumub. 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (172 sırf azərbaycanlı və 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40 min 928 ailə – 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyulub. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb.

Digər çıxış edənlər Cənubi Qafqazın erməniləşdirilməsi siyasətindən, XIX əsrin əvvəllərində Rusiya, Türkiyə və İran dövlətləri arasında bağlanan Kürəkçay, Gülüstan, Ədirnə və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçünün başlanmasından danışıblar. Bildiriblər ki, bölgənin erməniləşdirilməsi siyasətinin əsas tutulması ilə buna paralel şəkildə tarixi Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına başlanılıb. Tarixdə ilk erməni dövlətinin 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində yaradılmasından, Ermənistan adlanan dövlətin tarixi Azərbaycan ərazilərində qurulması haqqında məlumatlar verilib. Qeyd olunub ki, XX əsrin əvvəllərində Rusiyanın mərkəzi əyalətlərindən rusların, İran və Türkiyədən isə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bölgədə əhalinin etnik tərkibi dəyişdirilib və ermənilərin bölgəyə gəlməsi ilə tarixi torpaqlar iğtişaş və münaqişə mərkəzinə çevrilib. İyirminci əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranıb. Azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar dağıdılıb.

Tədbirin sonunda iştirakçılar tərəfindən əsrlər boyu azərbaycanlıların yaşadığı indiki Ermənistan Respublikasındakı ərazilərdə erməni dövlətinin həyata keçirdiyi maddi-mədəni abidələrin məhv edilməsi və erməniləşdirilməsi ilə bağlı UNESCO-nun Baş direktoru Odri Azuleyə müraciət olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir