Bazarstore əhalinin sağlamlığını niyə düşünmür?
“BazarStore”-un saytına istinadən qeyd edək ki, missiyaları bacarıqlı əməkdaşlarla və güclü şirkət infrastrukturuyla daim müştəri məmnuniyyətini məqsəd tutaraq, davamlı sabit inkişafı təmin etmək, istehlakçı tələblərini ən yaxşı şəkildə qarşılayaraq, satış-xidmət sferasında lider şəbəkələr sırasında yer almaqdırsa…
Maraqlıdır, ölkənin ən böyük market şəbəkələri arasında öz xüsusi yeri olan sözügedən şəbəkə niyə müştərilərinin sağlamlığını düşünmür? Axı istehlakçı üçün onun sağlamlığından daha dəyərli və vacib ikinci bir məfhum ola bilməz… Hər gün əhalinin olduqca böyük hissəsindən yetərincə gəlir əldə edən şəbəkə niyə öz işini keyfiyyətlə təşkil edə bilmir? Niyə müəssisənin işinə aidiyyatı orqanlar tərəfindən yetərincə nəzarət olunmur?
Hər zaman vətəndaş müraciətlərinə xüsusi diqqət yetirən “İNFONEWS” olaraq, bu məsələyə də diqqət ayırmaya bilməzdik. Son vaxtlar vətəndaşlardan daxil olan şikayətlər, eləcə də əməkdaşlarımızın şahid olduqları nöqsanlar, “İctimai Nəzarət Mərkəzi”mizin qeydə aldığı faktlar bizi bu yazını dərc etməyə vadar etdi. Qeyd etməliyik ki, biz də “BazarStore” Supermarketlər şəbəkəsinə məxsus olan mağazaların daimi müştəriləriyik və gündəlik alış-verişi oradan edirik.
Gəlin ilk öncə, “BazarStore”-un saytına nəzərə salaq və məqsəd və missiyalarının nə olduğuna baxaq…
Saytda verilən məlumatı olduğu kimi təqdim edirik.
“Missiyamız – Bacarıqlı, xoşbəxt çalışanları və güclü şirkət infrastrukturuyla daim müştəri məmnuniyyətini məqsəd hesab edərək, davamlı sabit inkişafı təmin edərək böyümək, pərakəndə sahəsində təcrübə və peşəkarlığı müştəri məmnuniyyətinə çevirməklə güvənilən, sərfəli və yüksək xidmət göstərmək.
Məqsədimiz – Çalışanlarımız, müştərilərimiz, tədarükçülərimiz və iş ortaqlarımız üçün edə biləcəyimizin ən yaxşısını etmək və dəyər yaratmaq. Pərakəndə sahəsində keyfiyyət standartını qoruyub saxlamaqla istehlakçı tələblərini ən yaxşı şəkildə qarşılayaraq liderliyi davam etdirmək.”
Keçək məsələyə:
Şəbəkənin marketlərində istifadə müddəti bitmiş məhsulların vitrinlərdən yığışdırılmaması, günlərlə qalması ilə azı bir dəfə də olsa qarşılaşmamış olmazsınız. Eləcə də, bizim “ictimai nəzarətçilər” bu vəziyyətə şahid olublar. Həm də bir yox, dəfələrlə. Qeyd edək ki, belə ciddi məsələ ilə bağlı hər dəfə market inzibatçılarına xəbərdarlıq edilib və bu məsuliyyətsizlik aradan qaldırılıb. Amma nə qədər olar? Səhv bir dəfə olar, unutqanlıq, gözdən qaçmaq, təsadüfən kənarda qalmaq bir dəfə yaşana bilər… Belə görünür ki, müəssisə rəhbərliyi öz işinin öhdəsindən lazımınca gələ bilmir.
Belə ki, redaksiyamıza daxil olmuş məlumatda “BazarStore” MMC-ə məxsus olan, “RİCH MTK”da yerləşən 2086 nömrəli mağazada istifadə müddəti bitmiş, hətta el dili ilə desək, “kifləmiş” çörək məmulatlarının vitrindən yığışdırılmadan alıcılara təqdim edildiyi ilə bağlı məlumat daxil olmuşdu. Faktla bağlı “ictimai nəzarətçilər”imiz tərəfindən mağazaya baxış keçirilmiş və fakt öz təsdiqini tapmışdır. Məsələ mağaza inzibatçılarına bildirilmiş və mənfi hal aradan qaldırılmışdır. Bir sözlə, mağaza inzibatçıları “ola bilər yaddan çıxıb, gözdən qaçıb”- deyərək, öz səhvlərini “malalamaları” ilə, məsələni diqqətdə saxlamaq qərarı alıb problemi dərhal işıqlandırmadıq. Lakin əməkdaşlarımızın çox keçmədən, elə səhəri gün eyni halın şahidi olmaları “stəkanı daşıran son damla” oldu.
Maraqlıdır, söhbət dünyada heç bir ölçü meyarı olmayan insan sağlığından gedirsə, “istehlakçı tələblərini ən yaxşı şəkildə qarşılamağı” özünə məqsəd seçmiş mağazanı istifadə müddətini çoxdan tamamlamış və artıq xalq dilində desək “kiflənmiş” çörəyi satmağa nə vadar edə bilər? Gəlir əldə etmək?! Ola bilməz axı, hörmətli inzibatçılar..! Buna “əhalinin sağlamlığı ilə “oynamaq” və istehlakçıların hüquqlarını kobud şəkildə “tapdamaq””dan başqa nə ad qoymaq olar?! Biz tapa bilmədik, siz ad qoya və ya biraz da dəqiqləşdirsək “don geyindirə” bilirsinizsə buyurun, söz sizdədir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “İNFONEWS”-a açıqlamasında bildirdi ki,
Mövcud qanunvericiliyə görə, bütün ərzaq mallarının etiketində məhsulun buraxılma tarixi, son yararlılıq tarixi, saxlama şəraiti göstərilməli və bütün ərzaq malları müəyyən standartlara və texniki şərtlərə uyğun istehsal olunmalıdır. Hər hansı bir mağazada əgər bir məhsul belə son istifadə tarixi ötmüş olarsa, həmin mağazanı minimum min beş yüz manat cərimə gözləyir. Bunun üçün istehlakçılar 1003 qaynar xətti vasitəsi ilə Qida Təhlükəsizlik Agentliyinə (AQTA) məlumat verməlidir. Təəssüflər olsun ki, biz bəzən istehlakçıların passivliyi səbəbindən belə hallarla qarşılaşırıq. Bu hallarla bağlı mağazaya irad bildirdikdə onlar bildirirlər ki, “yadımızdan çıxıb və s.”. Təəssüf ki, belə hallar var. Bütün istehlakçılar belə hallara qarşı mübarizə aparmalıdır. Satan tərəf əlbəttə, istəyir ki, hər şeyi satsın, hətta kiflənmiş malı da, xarab malı da. Lakin istehlakçı müqaviməti olmalıdır ki, bu halların qarşısı alınsın. Qeyd etdiyim qaynar xətt vasitəsi ilə istehlakçılar Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməli və ictimai nəzarət aparmalıdırlar. Bu kimi neqativ hallar qəti yolverilməzdir və qanun pozuntusudur.
Məsələ ilə bağlı hüquqşünas Sevinc Vəliyeva “İNFONEWS”-a açıqlamasında bildirdi ki,
Bu hal İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Faktları əks etdirən görüntüləri təqdim edirik:
Məsələni diqqətdə saxlayacağıq.
Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hər zaman hazırıq.