“İrs-Naslediye” jurnalının növbəti nömrəsində ŞUŞA
Moskvada “İrs-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
“İNFONEWS” -un əldə etdiyi məlumatına görə, jurnalın baş redaktoru Musa Mərcanlı “Şuşa Azərbaycandır!” sərlövhəli məqaləsi jurnalda xüsusi yer alıb ki, burada mayın 8-də Şuşa şəhərinin Ermənistan tərəfindən işğal edildiyi gündən 30 il keçməsi və bir çox maraqlı faktlar vurğulanıb.
Materialda deyilir: “Azərbaycanlılar üçün Şuşa, sadəcə, şəhər deyil. Bu, Azərbaycan mənəviyyatının rəmzi, Azərbaycan mədəniyyətinin cəmləşdiyi məkan, müəyyən mənada bütün Azərbaycan deməkdir. Ona görə ki, istər əvvəlki və xüsusən indiki ölçülərə görə böyük olmayan bu şəhər Azərbaycan mədəniyyətinin – ədəbiyyat, musiqi, yaradıcı fəaliyyətin digər sahələrinin qaymaqları olan insanları bəxş edib. Buna görə də Şuşanın işğal edilməsinin bütün azərbaycanlılara necə ağır zərbə olduğunu təsəvvür etmək çətin deyil. Təsadüfi deyil ki, uzun illər boyu məhz Şuşa və bu şəhərin ətrafı üçün endemik bitki olan Xarıbülbül xalqın işğal edilmiş torpaqlara görə nisgilinin rəmzi olub, eyni zamanda xalq ümid edib ki, onlar haçansa qaytarılacaq. Hərçənd, bu ümid çoxları üçün uzaq görünürdü. 2020-ci ilin hərbi kampaniyasında Şuşanın azad edilməsinin xüsusi yer tutması təbii və məntiqidir. Şuşanın azad edilməsi bu kampaniyanın kulminasiyası, Azərbaycan üçün Qələbə rəmzi oldu”.
Jurnalın bu nömrəsində rusiyalı jurnalist Andrey Vasilyevin reportajının birinci hissəsi təqdim edilib. Müəllif 28 illik erməni işğalından azad ediləndən sonra Şuşadan aldığı təəssüratları bölüşür.
Azərbaycan xalqının erməni millətçiləri ilə qarşıdurması mövzusu müxtəlif aspektlərə malikdir. Bu mövzunun bəzi aspektləri “İrs-Naslediye” jurnalında dərc edilən silsilə məqalələrdə təhlil olunur. Nəşrin bu nömrəsində həmin hadisələrdə şəxsiyyətin, ordunun, dövlətin rolu ilə yanaşı, xalqın rolu da təhlil edilib. Müəllif siyasi çaxnaşmaların böhranlı məqamlarında xalqın özünün doğma torpağın müdafiəsi təşəbbüsünü öz üzərinə götürməsi, baş verən hadisələr barədə öz mövqeyini ifadə etməsi, zorakılıqla yurdundan qovulmuş, əmlakından məhrum olmuş həmvətənlərə necə kömək etməsi barədə tarixi faktlar gətirir. Ötən əsrin əvvəlində də belə olub, ən yeni dövrdə – yaxın vaxtlarda başa çatmış Qarabağ probleminin yeni dövrəsində də.
Jurnalın bu nömrəsində oxuculara Azərbaycanın tarixi-mədəni irsinin müxtəlif aspektləri barədə materiallar da təqdim olunub.
(AZƏRTAC)