ANA DİLİMİZ – VARLIĞIMIZ VƏ SƏRVƏTİMİZDİR – Gənclər yazır

ANA DİLİMİZ – VARLIĞIMIZ VƏ SƏRVƏTİMİZDİR – Gənclər yazır

“İNFONEWS” təqdim edir.

ANA DİLİMİZ – VARLIĞIMIZ VƏ SƏRVƏTİMİZDİR 

Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu,  millətin təsdiqi məqamıdır. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Ana dilimiz də bu tarixi hadisəni yaşamışdır.

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı tarixi fərmana əsasən,1 avqust respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, eləcə də nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur” söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”kı fərmanında deyilir: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir”. Həmçinin Heydər Əliyev: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur” – söyləmişdir.

Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Ölkə Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında, görüşlərindəki söhbətlərində həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi diqqət və ehtiramla yanaşmağı vurğulayır.

Məhz Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramı haqqında imzalanan sərəncamda ana dilinin istifadəsinə, tədqiqinə diqqətin artırılması nəzərə çatdırılır. Əgər Azərbaycan dili dövlətçiliyimizin başlıca rəmzlərindən sayılırsa, onun tətbiqində də qarşıya qoyulan vəzifələrə riayət olunmalıdır.

Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur.

Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın strateji siyasətidir”.

Artıq 20 ildən artıqdır ki, Ana dilimizlə bağlı bu tarixi günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Biz, gənclər doğma dilimizin qorunması istiqamətində görülən işlərə var gücümüzlə qatılır, gələcək fəaliyyətimizlə öz töhfəmizi verməyə çalışacağıq.

Məhyəddin Nəsimioğlu

YAP Yevlax rayon təşkilatının fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir