Ədəbiyyatdan namələr: Azad dilli Azərbaycanam! – Namə 11

Ədəbiyyatdan namələr: Azad dilli Azərbaycanam! – Namə 11

“İNFONEWS” -un Ədəbiyyatdan namələr” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Familqızı təqdim edir:

On birinci namə:

Azad dilli AZƏRBAYCANAM!

“Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur. Bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var” – deyən ulu öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi rəsmi qeyd olunur.

Azərbaycan dili – Ana dilimiz bizim milli-mənəvi sərvətimiz, milli kimliyimizdir. Dilimiz keçmişimiz, bu günümüz, gələcəyimizdir… Görkəmli Azərbaycan alimi Firudin bəy Köçərlinin təbirincə desək, “Ana dili millətin mənəvi dirliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir”. Tarixin ağır sınaqlarından çıxaraq, öz zənginliyini, şirinliyini, varlığını itirmədən bu günümüzə yetişən dilimiz milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqamda bütün dünyaya Azərbaycan Respublikasının rəsmi dövlət dili olaraq xalqımızın milli kimliyini bəyan edir. Bu, milli birliyimizin təsdiqinin, milli-mənəvi dəyərlərimizə sahib olmanın sabitliyinin, xüsusən, dövlətçilik ənənəsinin qüdrətinin parlaq ifadəsidir.

Dil, xalq və dövlət… Bu anlayışlar çoxminillik bəşər tarixinin gedişatında aparıcı yer tutduğu kimi, müasir qloballaşma dövründə də aktuallığını daim qoruyub saxlayır. Bildiyimiz kimi, müasir dünyanın siyasi mənzərəsini əks etdirən, dünya birliklərinə öz suverenlikləri ilə, etnokultural dəyərləri, yaşadıqları coğrafiyaları ilə və digər məsələrlə rəngarənglik qatan dövlətlərin əsasında xalqlar dayanır. Hər bir xalqın da başlıca özünəməxsusluğu onun ana dilidir. Deməli, dil olmasa xalq, xalq olmasa dövlət olmaz. Belə bir yanaşma var ki, “xalqı yaşadan onun dili, dövləti isə yaşadan onun xalqıdır”. Bu baxımdan dövlətin dil siyasəti prioritet məsələlərdən biri kimi dövlət dilinin saflığının qorunması, zənginləşdirilməsi məsələsi daim diqqət mərkəzindədir.

Dövlətimizin uğurlu dil siyasəti ulu öndərimizin vaxtilə söylədiyi dahiyanə mülahizələrdən qaynaqlanır: “Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıyıq”. Ümummilli lider Heydər Əliyev azərbaycançılıq idelogiyasını milli ideologiyaya çevirməklə dünyaya səpələnmiş 50 milyondan artıq soydaşlarımızın həmrəyliyinə, birliyinə, səfərbərliyinə nail olmuşdur. Xarici ölkələrə səfərləri zamanı azərbaycanlılara çox saylı səmimi görüşlər keçirmiş, onları milli ideya ətrafında birləşməyə səsləmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib? Düşünün ki, biz Azərbaycan üçün nə etmişik? Onda Azərbaycan irəli gedər… Harda doğulmağının fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.

Çağdaş dünyamızda Azərbaycan dilinin hərtərəfli inkişafı, ən mötəbər beynəlxalq kürsülərdən eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasəti ilə bağlıdır. Bütün sahələrdə olduğu kimi bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyev dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələlərinə xüsusi diqqət ayırmış, Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanlar imzalamışdır. “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir” – deyən ölkə başçısının müxtəlif tədbirlərdə çıxışları zamanı səsləndirdiyi fikirlər içərisində ana dilinə sevgisi ilə yanaşı, narahatlığını da ifadə edərək vurğulayır: “Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur”. Bildiyimiz kimi, bu məsələ ilə bağlı ciddi addımlar atılmış, müvafiq qrumlara göstərişlər verilmişdir. Azərbaycan dilinə belə həssas yanaşma, təbii ki, ulu kökdən, ənənəyə sadiqlikdən irəli gəlirdi… 44 günlük müharibə dövründə ölkə Prezidentinin çıxışlarını izləyərkən, biz ana dilimizə sevginin, dərindən bələd olmanın, hətta, canlı xalq dilindən gətirilən ifadələrin səsləndirilməsinin şahidi olduq.

Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil və zəfər meydanında qalib bir dövlətin dilidir. Hər bir vətəndaşın milli dəyəri öz doğma xalqına olan məhəbbəti, dilinə, dininə, tarixinə, mədəniyyətinə münasibəti ilə ölçülür. Böyük sevgi ilə qeyd etdiyimiz Azərbaycan Dili və Əlifbası Günü daşıdığı sosial-siyasi, mənəvi dəyəri ilə hər birimizi dilimizin keşiyində bir müsəlləh əsgər kimi dayanmağa, milli varlığımızın güzgüsü olan ana dilimizin saflığını qorumağa, onu zənginləşdirməyə, gələcək nəsillərə ötürməyə səsləyir. Unutmayaq ki, Ana, Vətən və Dil məfhumlarının qovuşması nəticəsində müqqədəs Ana Vətən, Ana Dili ifadələri yaranır. “Vətən – əcdadımızın mədfənidir, Vətən – övladımızın məskənidir”, –  deyildiyi kimi, Ana dilimiz də mənəvi dünyamızın başlanğıcı, beşiyidir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir