“GÜNƏBAXANLAR” təqdim edir: Vazeh və “Bodenştedt plagiatı”
“İNFONEWS” – un “GÜNƏBAXANLAR” Yay Forumu davam edir.
Neçə əsr öncə yaşayıb, yaradıcılığı ilə Şərq poeziyasının zirvəsini, incə, nəcib lirikasıyla qəlbləri fəth elədiyi kimi, Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm, danılmaz izi olan Mirzə Şəfi Vazeh dindarların təzyiqlərinə məruz qalmasına baxmayaraq, təhsilə geniş yer verən dövrünün cəsarətli pedaqoqu və maarifçi-filosofu kimi tanınır. Bundan sonra da bir ömür onu oxuyub araşdıranlarda Vazehin həyatının gizli məqamları maraq, suallar doğuracaq, ən əsası isə həmişə seviləcəkdir.
Almaniyadan Qafqaza gəlib Mirzə Şəfi dühası ilə yaxından tanış olan Fridrix fon Bodenştedt Vazeh poeziyasının gerçək bir aşiqinə çevrilərək, geriyə, Avropaya dönərkən müəlliminin ona hədiyyə etdiyi, kalliqrafik xətlə yazılmış şeirlər dəftərini götürərək, tərcümə etmiş, söz verdiyi kimi nəfis tərtibatda, xüsusilə də üz qabığında Mirzə Şəfinin portreti olan “Şərqdə 1001 gün” (1850), daha sonra “Mirzə Şəfi nəğmələri” (1851) adlı kitablarını çap etdirir. Təəssüf ki, bu kitabları görmək Mirzə Şəfiyə nəsib olmur. Və sevimli müəlliminin ölümündən 20 il sonra F.Bodenştedt fərqli bəyanat yayır ki, bu hadisə əbiyyatşünaslıq tarixində “Bodenştedt plagiatı” adlandırılır… Bütün bunlara baxmayaraq, Mirzə Şəfi Vazeh şəxsiyyətinə, adına, müəllifliyinə xələl gəlməyib.
Qeyd edək ki, Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə bu, iki mədəniyyət nümayəndəsinin dostluğu və əməkdaşlığı şərəfinə F.Bodenştedtin doğma şəhəri Peynedə (Aşağı Saksoniya əyaləti) xatirə lövhəsi yaradılıb (2010).
Bülbülün bağrı yanıq, nəğməsi nalan bu gecə,
Doldurub bağçaları, bağları hicran bu gecə.
Çöl yatıb, çay uyuyub bir əbədi nəğmə ilə,
Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə.
Bütün aləm yuxuda, təkcə məhəbbətdir oyaq,
Ona aydın görünür hər tərəf, hər yan bu gecə.
Unudub dərdi-qəmi gör nə yatıb insanlar,
Yenə bülbül oxuyur onlara dastan bu gecə.