Ədəbiyyatdan namələr: CƏM OLMUŞ NEÇƏ BİDİN ÜRƏFA, KİM ƏLİFBAMIZI ETSİNLƏR FƏNA – Namə 12

Ədəbiyyatdan namələr: CƏM OLMUŞ NEÇƏ BİDİN ÜRƏFA, KİM ƏLİFBAMIZI ETSİNLƏR FƏNA – Namə 12

“İNFONEWS” – un Ədəbiyyatdan namələr” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Familqızı təqdim edir:

On ikinci namə:

CƏM OLMUŞ NEÇƏ BİDİN ÜRƏFA, KİM ƏLİFBAMIZI ETSİNLƏR FƏNA

“Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?!” – Atalar sözü və “x” səsinin mövqeyi…

Orta əsr Azərbaycan dilinin inkişaf mərhələləri, xüsusən də, XIV və XV əsr yazılı abidələrimizin dili elmi tədqiqat sahəmin əsasını təşkil edir. Ədəbi abidələrin dilində müşahidə elədiyim q~x~h səs əvəzlənmələri (qaçan~xaçan~haçan, qansı~xansı~hansı) məhsuldarlığı ilə seçilir. Nəhayət, nəticədə müəyyən dövrlərdə bəzi variantlar işləkliyini itirdi və bu gün müasir dilimizdə h variantı sabitləşərək geniş işlənir. Digər variantların işlənməməsi, o demək deyil ki, q və x səsləri dilimizdə işləkliyini itirib…
Yadıma Molla Nəsrəddin jurnalından oxuduğum bir əhvalat düşdü. Bir gün toplantıların birində türk hərflərinin içərisindən “x” hərfini çıxardıb, “q” hərfi ilə yazmağı təklif edirlər: bax-baq, qorxu-qorqu, oxumaq-oqumaq və s.(tarixən də ədəbi dil nümunələrində belə işlənmişdi) Təklifə əsasən ”x” səsi kobud, qaba səs olduğu üçün türk dilinə yarayan deyil və bizim üçün bu səsin heç lüzumu da yoxdur. Buna görə də artıq türk dilində nə “x” səsi ola, nə də bunun əlaməti “x” hərfi ola.
Yalnız bəzi ərəb və fars sözlərini (xoruz, xəbər və s.) çıxmaq şərtilə…bu təklifə etiraz edən qoca bir müəllim and içir ki, dünya dağılsa da, qoymayacağam “x” səsini yox eləsinlər: “Elə ki gördüm, bəli, söhbət o yerə gəlib çıxdı ki, guya türk dilində “x” səsi yoxdur, onda mən özümü yatmışa oxşadıb başlayacam xoruldamağa. Məclisə səs düşəcək ki, ədə, o xoruldayan kimdir…onda mən birdən gözümü açacam ki, hey, bə deyirdiniz türk danışığında “x” səsi yoxdur? Yaxud, siz öləsiniz, bu fəndim tutmasa, yalandan özümdən gedəcəm, bihuş olub yıxılacam və başlayacam xırıldamağa. Onda yenə hamı təşvişə düşəcək ki, a balam, o xırıldayan kimdir, burada mən yenə gözümü açıb deyəcəm ki, həə, indi hünəriniz var, mənim xırıldamağımı deyin görüm. Siz öləsiniz, qırıldamaq zad yoxdur, elə xırıldamaqdır ki, xırıldamaq…
P.S. Bu əhvalatı xatırlamaqda məqsədimiz odur ki, Azərbaycan dilinin elə bir güclü qrammatik sistemi var ki, əsrlər keçsə də, nə qədər xarici təsirlər olsa da, dilimiz təbii bir dağ çayı kimi yerinə görə çoşqun, zəngin, dərin, sakin axarı ilə nəsillərdən nəsillərə ötüb keçəcək. Bildiyimiz kimi, çaya düşən qırıntıları müəyyən vaxtdan sonra kənara atılır, axar çay daim özü-özündən saflanır, təmizlənir. Dilimiz də belədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir