“eTwinning Avropa Mükafatı” uğrunda müsabiqəyə 858 təhsil layihəsi təqdim edilib
“eTwinning” proqramı çərçivəsində 2021-2022-ci tədris ili üzrə icra olunan təhsil layihələrinin qiymətləndirmə prosesi başa çatıb.
Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Proqram üzrə Azərbaycan müəllimləri avropalı həmkarları ilə 4445 layihədə iştirak edib. Layihənin Avropa mərkəzi dəstək xidməti tərəfindən təyin olunmuş qaydalarına əsasən, müəllimlər başa çatmış layihələri üzrə müraciət edərək Milli Keyfiyyət Nişanları qazana bilərlər. Milli Keyfiyyət Nişanı ortaq dərs modellərində hər bir müəllimin platformada əks olunan fərdi işinin keyfiyyətinə verilən mükafatdır. Cari ildə isə müsabiqəyə müəllimlərimiz tərəfindən 858 layihə təqdim edilib.
Mükafat qazanmış müəllimlər növbəti mərhələdə Avropa Keyfiyyət Nişanı və Avropa Mükafatı uğrunda müsabiqəyə davam edəcəklər. Milli Keyfiyyət Nişanı üçün təqdim edilən layihələr aşağıdakı meyarlar əsasında qiymətləndiriliblər :
• Layihənin planı, məqsədi və gözlənilən nəticələri aydın əks olunmalıdır;
• Layihə ümumi təhsilin fənn kurikulumlarına əsaslanmalıdır;
• Şagird araşdırması layihə fəaliyyətlərində yer almalıdır. Müəllim və şagirdlər arasında müştərək iş birliyi və əməkdaşlığa əsaslanan məhsulun olması vacibdir;
• Layihə pedaqoji yaradıcılığa cavab verməlidir;
• Layihədə elektron tədris resurslarının tətbiqi aydın görünməlidir.
Qeyd edək ki, “eTwinning” layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olub Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi yerli müəllimlər və şagirdlərlə avropalı həmkarları arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.