“Ətraf mühitin qorunması bizim üçün çox vacib məsələdir”-Z.Məmmədov
Allah-Təala ağacları yaratdı. Bu ağaclar yanğına, fırtınaya, selə, bütün fəlakətlərə qarşı özünü qoruya bildi.
Su olmasa belə, böyüdü, küləyə qarşı gəldi. Bir tək insanlar bu ağacları qırmağa çalışdı.
12-14 oktyabr tarixlərində Bakı şəhərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsi, AMEA İdarəetmə Sistemləri İnstitutu, Yıldız Texniki Universiteti və Gebze Texniki Universitetinin təşkilatçılığı ilə Liderlik, Texnologiya, İnnovasiya və Biznesin idarə edilməsi üzrə 10-cu beynəlxalq konfrans keçiriləcək. Biz də “İqtisadiyyat” qəzeti olaraq UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departmentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovla görüşüb, bu barədə söhbət etdik, konfrans barədə oxucuları maraqlandıran suallara cavab tapmağa çalışdıq.
– Zahid müəllim, əvvəlcə konfrans haqqında ümumi məlumat verərdiniz.
- Bilirsiniz ki, müasir dövrdə “yaşıl iqtisadiyyat”a keçidlə bağlı məsələlər bütün dünyada aktuallıq kəsb edən əsas mövzulardandır. “Yaşıl iqtisadiyyat” prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi, istehsal və istehlakın ekolojiləşdirilməsinin zəruriliyi, ölkənin perspektiv inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatı və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə bu gün Azərbaycan dövlətinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də nəzərdə tutduğu əsas məsələlərdəndir. Biz də bu gün ekologiyanın qorunmasına, gələcək nəsillər üçün daha yaxşı şəkildə var olmasına uğurlu imkanlar təqdim etməyə çalışmalıyıq. Məhz bunu nəzərə alaraq Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dos. Dr. Sadiq Qurbanovun təşəbbüsü, UNEC-in rektoru professor Ədalət Muradovun əmri ilə Azərbaycan Dövlət İqtisad Universiteti, Yıldız Texniki Universitet, Beynəlxalq Strateji Menecment Assosiasiyası, Milli Elm və Təhsil Nazirliyinin İdarəetmə İnstitutu ilə birgə “Yaşıl iqtisadiyyat, yaşıl biznes, yaşıl idarəetmə və liderlik: yaşıl iqtisadiyyata gedən yol, yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda konfrans keçirmək qərarına gəldik. Cənab Prezident İlham Əliyevin, “Ətraf mühitin qorunması bizim üçün çox vacib məsələdir”, sözləri də seçilən mövzunun nə qədər aktual olduğunu bir daha təsdiqləyir.
- – “Yaşıl iqtisadiyyat”a dair müxtəlif tədbirlər həyata keçirilib, layihələr təşkil olunub, kitablar nəşr edilib. Bəs, “yaşıl iqtisadiyyat”a həsr olunan bu konfransın digər bu səpkili tədbirlərdən əsas fərqi nədir, cəmiyyətə təsir baxımından əsas üstünlüyü nədən ibarətdir?
- – İlk olaraq qeyd etməliyəm ki, bu konfransın ən mühüm üstünlüyü bu sahədə mütəxəssisləri bir araya gətirməsidir. Burada dünyanın müxtəlif ölkələrindən mövzu ilə əlaqədar aparıcı tədqiqatçıların, siyasətçilərin, dövlət məmurlarının, iqtisadçıların, iş adamlarının, menecerlərin, mühəndis və alimlərin iştirakı gözlənilir. Onlar bu konfransda öz dəyərli elmi töhfələrini təqdim edəcək, həmçinin iştirakçılar “yaşıl iqtisadiyyat”, “yaşıl biznes”, “yaşıl idarəetmə” və “yaşıl liderlik” sahələrində könüllü olaraq ünsiyyətdə olmaq, birgə fəaliyyət sahəsində beynəlxalq şəbəkə qurmaq imkanı əldə edəcəklər. Konfransımızın da əsas məqsədi nəzəri, eksperimental və tətbiqi də daxil olmaqla bütün yeni inkişaflar və tədqiqatlar üçün platforma yaratmaqdır.
- – Mütəxəssislər haqqında mümkünsə oxucuları da məlumatlandırardınız.
- – Bilirsiniz ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Azərbaycan qarşısında duran ən mühüm vəzifələrdən biri “yaşıl artım” ölkəsinə çevrilməkdir. Burada konkret vəzifələr müəyyənləşdirilmişdir. Xüsusi olaraq elm və təhsil mərkəzlərinin “yaşıl iqtisadiyyat”a keçidlə bağlı verəcəkləri töhfələr qeyd olunur. Əlbəttə, burada alimlərin əsas töhfələri apardıqları elmi tədqiqatların nəticələrini elmi cəhətdən əsaslandırmaq və ictimaiyyətə təqdim etməkdir. Bu dövlət sənədini rəhbər tutaraq, Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dos. Dr. Sadiq Qurbanov belə önəmli bir təşəbbüslə çıxış etdi. Həmçinin, S.Qurbanov konfransa “Yeni “yaşıl” iqtisadi modelə doğru keçid: qlobal çağırışlar, imkanlar və perspektivlər” adlı kitabı ilə qatılacaq. Konfransda Elm və Təhsil naziri Emin Əmrullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Energetika nazirinin müavini Samir Vəliyev, Yıldız Texniki Universitetinin rektoru, professor Tamer Yılmaz, Türkiyə Cümhuriyyətinin Əmək və Sosial Müdafiə naziri, professor Lütfihak Alpkan, daxili işlər nazirinin müavini, professor Tayyib Sabri Erdil, BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ASELSAN-ın Korporativ İdarəetmə üzrə vitse-prezidenti, professor Hakan Karataş, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov və mən əldə etdiyimiz elmi nəticələri iştirakçılarla bölüşəcəyik.
- Burada “yaşıl iqtisadiyyat”a dair bütün sahələr: “yaşıl bankçılıq”, “yaşıl dizayn”, “yaşıl səhiyyə”, “yaşıl şəhər”, “yaşıl idarəetmə”, “yaşıl universitet” və s. əsas mövzular olacaq. 4 bölmədən ibarət olan konfrans üçün artıq indidən bütün yerlər dolub, müraciətlərin sayı həddən artıq çoxdur. Bu da özlüyündə konfransa olan böyük marağın göstəricisidir. Lakin konfrasda daha çox elmi tədqiqat işləri bu sahə ilə bağlı olan şəxslərin iştirakı prioritet olaraq götürülüb.
Konfransda plenar iclasla bərabər, dəyirmi masa da təşkil olunacaq. Burada “yaşıl iqtisadiyyat”a keçidlə bağlı dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərlə bu sahədə mövcud olan problemləri müzakirə edəcəyik. Biz artıq “yaşıl iqtisadiyyat” sahəsindəki boşluqları doldurmaq imkanına sahib olmuşuq. - – Konfransdan UNEC, ümumən isə ölkə miqyasında əsas gözləntiləriniz nələrdir?
- – Biz UNEC üçün çox ciddi hədəflər müəyyən etmişik. Hətta, UNEC-in 2030-cu ilədək əsas hədəflərindən biri “yaşıl universitet”ə keçiddir ki, bununla əlaqədar olaraq çox ciddi işlər həyata keçirilməkdədir. UNEC-in bu sahədə əsas məqsədlərindən biri də dövlətimizə “yaşıl iqtisadiyyat”a keçidlə bağlı öz elmi tədqiqatları ilə töhfələr verməkdir. Həmçinin, biz ilk dəfə UNEC olaraq “yaşıl iqtisadiyyat” mövzusunda magistratura proqramı hazırlamağı hədəfləyirik. “Yaşıl bankçılığa” keçid etməyi düşünürük. Təsəvvür edin, bankın əsas məqsədi gəlir əldə etməkdir. Buna baxmayaraq, hər hansısa kredit ekologiyanın əleyhinədirsə, ekologiyanın mühafizəsinə xidmət etmirsə, gələcək nəsillərin inkişafına dəstək olmursa, bank ona kredit açmır. Qiymətli kağızlar bazarında “yaşıl istiqraz”, “yaşıl kredit” açırsınız, təbiətin mühafizəsi üçün ekoloji qida, məhsul istehsal edirsinizsə, sizə o zaman kredit verilir. Ekologiyanın əleyhinədirsə, siz kredit ala bilmirsiniz. Biz də UNEC olaraq bu hədəflərin dəstəklənməsinə çalışırıq.
- Bu konfransın ölkə üçün əsas üstünlüyü isə ondadır ki, bununla Azərbaycan, həm də dünya təcrübəsini öyrənəcək, faydaları, üstünlükləri, imkanları ilə tanış olacaq. Eyni zamanda, bu konfrans Azərbaycanda və dünyada ekoloji tarazlığın qorunmasında iştirak edən bütün təşkilat və qurumların səylərini bir platformada cəm etməklə bu sahədə ixtisaslaşan elmi və praktiki mütəxəssislər üçün akademik mühit yaradacaq, 2022-ci ildə ölkəmiz adına mühüm nailiyyətlərdən olacaq. Bu tədbir, həmçinin gələcək iqtisadi artıma mühüm təkan verəcək ki, bu da bütünlükdə Azərbaycan iqtisadiyyatının davamlılığının artırılmasına və beynəlxalq aləmdə mövcud mövqelərinin daha da möhkəmləndirilməsinə təsir göstərəcək.
- – Əgər bu sahədə 2030-cu ilədək hədəf müəyyənləşdirilibsə, düşünürük ki, bununla əlaqədar mütəxəssislərin hazırlanmasına da ehtiyac var. Bəs mütəxəssislər haradan cəlb olunacaq?
- – Təbii ki, fabrik fəaliyyətə başlamazdan öncə oraya işçilər cəlb olunur. O cümlədən, bu sahədə də öncə mütəxəssislərin hazırlanmasına ehtiyac var. Bu sahədə UNEC tələbələrinin, elm xadimlərinin, hətta xarici vətəndaşların da iştirakı, cəlbi mümkündür.
- – Gələcəkdə yenə bu qəbildən tədbirlərin təşkili gözlənilirmi?
- – Əlbəttə. Bu məsələ ilə bağlı nəzərdə tutulan və müəyyənləşdirilən plan da mövcuddur. Tədbirin bu il Bakıda, gələn il Türkiyədə, Yıldız Texniki Universitetində keçirilməsi planlaşdırılır. Bizə bununla bağlı Rusiya, Belarusiya, Polşadan da müraciətlər olub. Əvvəla, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində bu məsələ çox maraqlıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi təminatında mühüm tərəfdaşdır. Biz “yaşıl iqtisadiyya”la bağlı tədbirləri ilk olaraq öyrənirik, sonra təşkil edirik. Bu baxımdan bu konfrans bizim üçün ilk olsa da, Türkiyə üçün sayca onuncudur. Biz də mövcud təcrübədən faydalanırıq, ilk növbədə maariflənmə sahəsində mövcud ehtiyacı qarşılmağa çalışırıq. Çünki bilirsiniz ki, dünyada ekologiyaya ən çox zərər vuran sahə neftdir. Neftdən sonra isə ikinci yerdə tekstil gəlir. Bu baxımdan sürətlə dəyişən modanın qarşısının alınması üçün artıq şirkətlər ciddi öhdəliklər götürürlər. Dünyada polietilən vasitələrdən imtina olunur. Bütün bunlar haqqında insanların məlumatlandırılmasına çalışmalı, ekologiyanı birlikdə qorumalıyıq.
- – Çox sağ olun, Zahid müəllim, maraqlı müsahibə və konfrans haqqında geniş informasiya verdiyiniz üçün.
- – Mən də öz növbəmdə bu konfransda bizimlə birgə çalışan, dəstək olan tərəfdaşlarımıza, konfransı işıqlandırdığı üçün “İqtisadiyyat” qəzetinə öz təşəkkürümü bildirirəm.
Mətanət Hüseynova iqtisadiyyat.com